e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Başqa işə keçirmənin sənədləşdirilməsi

İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

İşçinin razılığı yazılı formada alınmalıdır, və ya "Başqa işə keçmə Əmr"-ində işçinin "Başqa işə keçirilməm ilə razıyam" imzası olmalıdır.

İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

Bəzi hallarda işçi onu daha yüngül işlərə cəlb etməyi tələb edə bilər, və işəgötürən işçinin razılığı ilə onları müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Daha yüngül işlərə cəlb etməyi aşağıdakı işçilər tələb edə bilər:

  • tibbi rəyə uyğun olaraq hamilə qadınlar və 1.5 yaşa çatmamış uşağı olan qadınlar.
  • səhhətinə görə tibbi rəyə uyğun olaraq daha yüngül işdə işləməyə ehtiyacı olan işçilər;
Hamilə və 1.5 yaşa çatmamış uşağı olan qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.

İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi zaman əmək haqqının saxlandığı hallar:

  • İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
  • Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
  • İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
Əməyin mühafizəsinin təmin edilməsi məqsədi ilə təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar və Soyuq və isti havalar şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.

Başqa işə keçmə işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.