e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ödəniş kartların istifadəsi ilə hesablaşmalar

Ödəniş kartların istifadəsi ilə hesablaşmalar nəğdsiz hesablaşmalar növünə aiddir. Ödəniş kartları ilə ödənilən malların satışı, xidmətlərin və işlərin göstərilməsi prosesi ekvayrinq adlanır. Ödəniş kartları ilə ödəmələr POS-terminallar vasitəsi ilə həyata keçirilir.

POS-terminal - kart vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS-terminalların istifadəsi "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarına" əsasən aparılır.

Ödəniş kartları 2 cür ola bilər: beynəlxalq və lokal. Beynəlxalq ödəniş kartı - beynəlxalq kart təşkilatlarının (Visa, MasterCard və s.) loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kartlardır. Lokal ödəniş kartı - Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən yalnız ölkə ərazisində istifadə üçün emissiya edilmiş kartlardır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanununun 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanunlara əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Qeyd edilən Qanunun 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Vergilər Nazirliyi müəyyən meyarlar əsasında hansı müəssisələrə POS-terminalların quraşdırılması mütləq olmasını müəyyən edir. Bu meyarlar aşağıdakılardır:

  1. dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  2. dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  3. rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  4. hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  5. vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

POS-terminalın quraşdırılması

AR Vergilər Nazirliyi POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir.

Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir.

Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri bank ekvayerə təqdim etməlidir:

  • vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;
  • təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti.

Bank ekvayer sifarişçinin müraciətinə yuxarıda göstərilmiş sənədlər təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər.

Bank ekvayer və sifarişçi arasında müqavilə bağlanır. Bank ekvayerlə sifarişçi arasında bağlanmış müqavilədə aşağıdakılar əks olunmalıdır:

  1. tərəflərin kartların qəbulu və xidmət olunması üzrə hüquq və vəzifələri;
  2. bank ekvayerlə sifarişçi arasında hesablaşmaların aparılması qaydası və müddəti;
  3. kart vasitəsilə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi zamanı sifarişçinin əlavə haqq təyin etməmək öhdəliyi;
  4. sifarişçi tərəfindən bank ekvayerə ödəniləcək xidmət haqqı və onun ödənilməsi qaydası;
  5. təsərrüfat subyekti tərəfindən kartların ödənişə qəbulu zamanı zəruri olan təhlükəsizlik tədbirləri;
  6. bu Qaydaların tələblərinə uyğun olaraq, sifarişçi tərəfindən kartların ödənişə qəbul edilməsindən mümkün imtina halları;
  7. nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin və digər şərtlərin pozulması halında tərəflərin məsuliyyəti;
  8. kart vasitəsilə aparılmış əməliyyata görə ödənişin geri qaytarılması zamanı müştəri ilə müvafiq hesablaşmanın aparılması qaydası və müddəti;
  9. POS-terminal sıradan çıxdıqda, onun təmiri və ya əvəzedilməsi müddəti, həmçinin nasazlıqların aradan qaldırılması üzrə tərəflərin öhdəlikləri;
  10. müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası;
  11. mübahisələrin həlli qaydası.

Vergilər Nazirliyi 2 (iki) iş günü müddətində bank ekvayerin təqdim etdiyi məlumatlar əsasında POS-terminala qeydiyyat nömrəsi verir və müvafiq məlumatları elektron və ya kağız daşıyıcısında bank ekvayerə göndərir.

Bank ekvayer Vergilər Nazirliyindən aldığı məlumatlar əsasında tərtib etdiyi POS-terminalın qeydiyyat nömrəsi haqqında məlumatı 2 (iki) iş günü müddətində sifarişçiyə göndərir. Bank ekvayer 2 (iki) iş günü müddətində POS-terminalın qoşulması və xidmət göstərməsi üçün xidmət mərkəzinə müvafiq qaydada sifariş göndərir. Xidmət mərkəzi 2 (iki) iş günü müddətində POS-terminalın qoşulmasını təmin edir.

POS-terminal xidmət mərkəzinə qoşulduqdan dərhal sonra sifarişçi POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsini təmin edir.

Təsərrüfat subyekti ləğv olunduğu halda, xidmət mərkəzi terminala verilmiş qeydiyyat nömrəsinin etibarsız hesab edilməsi barədə AR Vergilər Nazirliyinə məlumat göndərir.

POS-terminalla aparılan əməliyyatlar üzrə hesablaşmalar sifarişçinin bank ekvayerdəki hesabı vasitəsilə həyata keçirilir.

POS-terminaldan istifadə edilməsi

Əməliyyatçı kartlar vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə özündə aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin verilməsini təmin edir:

  1. bank ekvayerin adı;
  2. sifarişçinin adı və VÖEN-i;
  3. qəbzin nömrəsi;
  4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
  5. xidmət mərkəzinin adı;
  6. POS-terminalın kodu;
  7. ödənişin məbləği;
  8. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;
  9. avtorizasiya kodu.
Təhlükəsizlik tələblərinə müvafiq olaraq, əməliyyatçı qəbzin kart istifadəçisi tərəfindən imzalanmasını tələb edə bilər.

İş gününün sonunda əməliyyatçı bank ekvayerlə sifarişçi arasında bağlanmış müqaviləyə uyğun olaraq xidmət mərkəzinə (və ya ekvayer banka) sorğu göndərərək, gün ərzində aparılmış əməliyyatları üzləşdirir. Hər hansı uyğunsuzluq aşkar olunduqda, bu barədə xidmət mərkəzi (və ya ekvayer bankı) məlumatlandırılır və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

POS-terminalda nasazlıq baş verdikdə, bank ekvayer və ya sifarişçi (POS-terminal sifarişçinin mülkiyyətində olduğu halda) 5 (beş) iş günü müddətində POS-terminalın işlək vəziyyətə gətirilməsini təmin edir. POS-terminalın təmiri daha çox müddət tələb etdikdə, bank ekvayer və ya sifarişçi təsərrüfat subyektini yeni POS-terminalla təmin edir.

Sifarişçi, eyni zamanda bir neçə bank ekvayerin xidmətindən istifadə edə bilər.

Dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar və hüquqi şəxslər təsərrüfat subyektlərində POS-terminalın quraşdırılması üçün könüllü şəkildə bank ekvayerə müraciət edə bilərlər.

Ödəniş kartlarının istifadəsi zamanı aşağıdakı müxabirləşmələr istifadə edilə bilərlər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Mallar satılıb 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 1 000
2 Satışmış malların maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 205 "Mallar" 800
3 Ödəniş POS-terminal vasitəsi ilə edilir 222 "Yolda olan pul köçürmələri" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 1 000
4 Pullar hesablaşma hesabına daxil olduqda 223 "Bank hesablaşma hesabları" 222 "Yolda olan pul köçürmələri" 1 000

Vergi uçotu

Müştərilərdən ödəniş POS-terminal vasitəsi ilə gəbul edildikdə pərakəndə ticarət ictimai iaşə obyektlərinə AR Vergi Məcəlləsinin 102.1.24, 106.9, 209.9 maddələrinə əsasən güzəştlər nəzərdə tutulubdur.

Belə ki, Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar, hüquqi şəxslər və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Misal


Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.