e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sərəncamverici sənədlər

Sərəncamverici sənədlərə əsasən müəssisə rəhbərinin əmrlərini, sərəncamları, göstərişlərini və qərarları aid etmək olar. Müəssisə rəhbərinin əmrləri əsasən iki hissəyə bölmək olar: əsas fəaliyyət üzrə əmrlər və işçi heyyəti ilə bağlı əmrlər.

ƏMR

Əmr müəssisənin fəaliyyəti zamanı yaranan məsələlər ilə bağlı idarəetmə qərarlarını təsdiqləyən və müəyyən edən normativ sənəddir.

Əmrlər müəssisə rəhbərinin tapşırığı ilə müəssisənin mütəxəssisləri tərəfindən hazırlanırlar, baş və aparıcı mütəxəssislər, hüquqşunas və baş mühasib ilə razılaşdırılırlar və müəssisə rəhbəri tərəfindən təsdiqlənirlər. Müəssisə rəhbəri tərəfindən təsdiqlənən əmrlər müvafiq qaydada qeydiyyata alınırlar.

Əmrin mətnində onun qüvvəyə minməsi tarixi qeyd edilməyibsə, o imzalandığı tarixdən qüvvəyə minmiş hesab edilir. Əmrin mətni adətən iki hissədən ibarət olur. Birinci hissədə əmrin verlməsinin əsaslandırılması (səbəbi) qeyd edilir - misal üçün, dövlət orqanlarının normativ sənədləri, Direktorlar Şurasının, İdarə Heyyətinin və ya Səhmdarların ümumi yığıncağının qərarları, istehsal ehtiyacları və s. Əgər əmrin verilməsinin səbəbi aydındırsa və əlavə açıqlamaya ehtiyac yoxdursa, bu hissəni buraxmaq olar.

Əmrin ikinci olan sərəncamverici hissəri "ƏMR EDİRƏM" sözləri ilə başlayır və əmrin icra olunmasına məsuliyyətli olan şəxslərin soyadları və adları, görülməsi əmr edilən işlər və əmrin yerinə yetirilmə müddəti qeyd edilir. Əgər əmr onu icra edənə daim ediləsi bir iş əmr edirsə, o zaman, əmrin yerinə yetirilmə müddəti qeyd edilmir.

Əgər əmrdə bir neçə tapşırıq olarsa, onun sərəncamverici hissəsi bəndlərə bölünür. Bəndlər ərəb rəqəmləri ilə qeyd edilir. Hər bir bənd yeni sətirdən başlayır və bənddə müəyyən hərəkət (görüləcək iş), onu icra edən işçlər və müddət qeyd edilir. Sonuncu bənddə əmrin icrasına nəzarət edən vəzifəli şəxs və ya struktur bölmə qeyd edilir.

Ayrı-ayrı tapşırıqlar (misal üçün, rəqəmlərdən ibarət məlumat daşıyan tapşırıqlar) ayrı blankda hazırlana bilər və əmrə lavə edilə bilər. Bu əlavə barədə əmrin müvafiq bəndlərində qeyd olmalıdır.

Ehtiyac olduqda əmrdə öncə verilmiş əmrlərin və qərarların ləğv edilməsi qeyd edilə bilər.

Əmrin səhifələri və ona olan əlavələr bir sənəd kimi nömrələnir.

Əmrin nümunəvi formasını buradan yükləyin

Əsas fəaliyyət üzrə əmrlər

Əsas fəaliyyət üzrə əmrlər aşağıdakı rekvizitlər əks olunmaqla müəssisə daxili blankında hazırlanır:

  • müəssisənin adı;
  • sənədin adı;
  • sənədin tarixi;
  • sənədin qeydiyyat nömrəsi;
  • sənədin hazırlanması yeri (şəhər);
  • mətnin başlığı;
  • nəzarət haqqında qeyd;
  • sənədin mətni;
  • imza;
  • sənədin razılaşdırma vizaları;
  • sənədin icrası haqqında qeyd və onun işə tikilmək üçün göndərilməsi;
  • sənədin elektron sürətinin kodu.

Əmrin nümunəvi formasını buradan yükləyin

Bəzən əmrdən Çıxarış hazırlamaq lazım olur. Misal üçün, əmrin həcmi böyük olduqda və əmrdə müxtəlif məzmunlu bir neçə bənd olduqda, və onun tam mətninə ehtiyac olmadıqda, əmrdən çıxarış istifadə edilə bilər. Bundan başqa, əmrdən çıxarışlar nəzarətedici orqanlara, məhkəmələrə, dövlət təşkilatlarına da təqdim etmək üçün hazırlana bilərlər. Çıxarış hər-hansı bir sənədin müəyyən hissəsinin sürətidir. Çıxarışda bütün lazım olan məlumatlar olmalıdır. Çıxarışda əmrin bütün rekvizitləri olur. Əmrdən çıxarışı almaq üçün müəssisədə kargüzarlığa məsul şəxsə ərizə ilə müraciət etmək lazımdır. Ərizədə çıxarışın hansı əmrdən veriləcəyi və hansı məqsədlər üçün istifadə ediləcəyi göstərilməlidir. Çıxarışlar həm qüvvədə olan əmrlərdən, həm də arxivə göndərilmiş əmrlərdən alına bilər. Çıxarışda əmrin müəyyən hissəsinin sürəti olmalıdır, fərqli mətn və düzəlişlər yolverilməzdir.

Əmrdən Çıxarışın nümunəvi formasını buradan yükləyin

İşçi heyyəti ilə bağlı əmrlər

İşçilərin işə gəbulu, işdən azad edilmə və başqa işə keçirilmə işçi heyyəti ilə bağlı əmrlər ilə rəsmiləşdirilir. Lakin bilmək lazımdır ki, işçilərin işə gəbulu əmri, bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra hazırlanmalıdır. AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

İşçi heyyəti ilə bağlı əmrlər ayrı işə tikilir və onların ayrı nömrələnməsi olur (misal üçün, N001 ş/h).

İşçi heyyəti ilə bağlı əmrlər aşağıdakı rekvizitlər əks olunmaqla müəssisənin daxili blankında hazırlanır:

  • müəssisənin adı;
  • sənədin adı;
  • sənədin tarixi;
  • sənədin qeydiyyat nömrəsi;
  • mətnin başlığı;
  • sənədin mətni;
  • imza;
  • sənədin razılaşdırma vizaları;
  • sənədin elektron sürətinin kodu.

Əmrin mətni adətən iki hissəyə bölünür: şərh və sərəncamverici. Şərh hissəsində əmr verilməsi üçün səbəblər (əsaslar) qeyd edilir. İşçi heyyəti ilə bağlı əmrin sərəncam hissəsində isə sənədin sol tərəfindən başlayaraq yazılır və "TƏYİN ETMƏK", "İŞDƏN AZAD ETMƏK", "KEÇİRMƏK" sözləri ilə başlayır. Növbəti sətirdə işçinin soyadı, adı və atasının adı (tam olaraq, qısaldılmadan), vəzifəsi, təyin edilmə, azad edilmə və ya keçirmə müddəti göstərilir.

İşçi işdən azad edildikdə əmrdə AR Əmək Məcəlləsinin müvafiq maddəsi qeyd edilir. İşçi işə gəbul edildikdə işə gəbulun növü (müddətli və ya müddətsiz, sınaq müddəti ilə və ya sınaq müddəti olmadan) və əmək haqqı qeyd edilir.

İşçi heyyəti ilə bağlı əmrlərə hüquqşunas, insan qaynaqları şöbəsinin rəhbəri və ya digər insan qaynaqları ilə işləyən məsul şəxslər tərəfindən viza qoyulur.

İşçi heyyəti ilə bağlı əmr işçinin tanış olması üçün ona imzalanmaqla verilməlidir. İşçinin tələbi ilə işəgötürən işçiyə əmrin təsdiqlənmiş sürətini verməlidir.

İşçi heyyəti ilə bağlı əmrlər 75 il müddətində saxlanılmalıdır. İşçi heyyəti ilə bağlı əmrlərdən başqa, kadrlar ilə iş ilə bağlı digər əmrlər də verilə bilər: mükafat, intizam tənbehi, məzuniyyət və s. Bu cür əmrlər ayrı işdə saxlanırlır. Onların saxlanma müddəti 3 ildir.

Əmrin nümunəvi formasını buradan yükləyin

Sərəncam

Praktiki olaraq istehsal-təsərrüfat və inzibati fəaliyyətlərdə cari (operativ, konkret) məsələlərin sürətli icrası üçün müəssisə rəhbəri, onun müavinləri, struktur bölmələrin rəhbərləi, baş mütəxəssislər tərəfindən təkbaşına Sərəncamlar verilə bilər. Burada cari (operativ) məsələlərə aid etmək olar: operativ planlaşdırma, operativ uçot, operativ nəzarət, koordinasiya və s.

Sərəncam 2 hissədən ibarət olur - şərh hissəsindən və sərəncam hissəsindən. Sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır.

Sərəncamlar mənaca əmr ilə eyni məzmunda olur, lakin onun sərəncamverici hissəsi "TƏLƏB EDİRƏM", "TƏKLİF EDİRƏM", "MƏSLƏHƏT VERİLİR", "LAZIM HESAB EDİRƏM" sözləri ilə başlayır.

Sərəncamlarım rekvizitləri əmrin rekvizitləri ilə eyni olur. Lakin, əmrdən fərqli olaraq, sərəncam razılaşdırılmır, təkbaşına verilir və onun qüvvədə olma müddəti məhdutdur.

Sərəncamın nümunəvi formasını buradan yükləyin

Göstəriş

Göstəriş - məlumat-metodiki xarakterli məsələlər ilə bağlı və rəhbərliyin əmrlərinin, təlimatların icrasısın təşkili ilə bağlı müəssisə rəhbəri, onun müavinləri, struktur bölmələrin rəhbərləi, baş mütəxəssislər tərəfindən təkbaşına verilən hüquqi aktdır.

Göstəriş 2 hissədən ibarət olur - şərh və sərəncam hissələrindən. Sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır.

Göstərişlər mənaca əmr ilə eyni məzmunda olur, lakin onun sərəncamverici hissəsi "TƏLƏB EDİRƏM", "TƏKLİF EDİRƏM", "MƏSLƏHƏT VERİLİR", "LAZIM HESAB EDİRƏM" sözləri ilə başlayır.

Göstərişin nümunəvi formasını buradan yükləyin

Qərar

Qərar müəssisənin (səhmdar cəmiyyətinin, holdinqin) kollegial orqanı (Səhmdarların ümumi yığıncağı, İdarə Heyyəti və s.) tərəfindən qəbul edilə bilər. Qərarın mətni yığcam, şərh və sərəncam hissələrindən ibarət olur.

Qərarın şərh hissəsində qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri göstərilir.

Görülməli tədbirlərin izahına ehtiyac olmadıqda, şərh hissəsi olmaya da bilər.

Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və qərarı qəbul edən təşkilatın adından sonra mətn dayandırılmadan "qərara alır" sözləri ilə davam etdirilir.

Əgər qərar bir neçə müxtəlif xarakterli tədbirlər görülməsini tapşırırsa, sərəncam hissəsi bəndlərə bölünür. Eyni xarakterli tədbirlər bir bənddə (ayrı-ayrı abzaslarla) sadalanır.

İcraçı qismində müəssisənin struktur bölmələri, tədbirin icrası konkret şəxsə tapşırıldıqda isə vəzifəli şəxs göstərilir.

Sərəncam hissəsinin axırıncı bəndində qərarın icrasına nəzarətin həvalə edildiyi struktur bölmə və ya vəzifəli şəxs göstərilir. Müəssisənin struktur bölməsinin adı və ya vəzifəli şəxsin vəzifəsinin tam şəkildə adı, adı və soyadı yönlük halda yazılır.

Qərarların layihələri bu sənədləri hazırlamış şəxslərə verilir ki, onlar həmin layihələrə zəruri hesab etdikləri dəyişiklik və əlavələri etsinlər. Sonra layihələr onların tərtibinin başa çatdırılması və imzalanması üçün məsul şəxsə qaytarılır.

İcraçı imzalanmaq üçün hazırlanmış qərara həmin qərarın, o imzalandıqdan sonra göndərilməli olduğu struktur bölmələrinin və vəzifəli şəxslərin siyahısını əlavə edir.

Qəbul edilmiş qərarlar kollegial orqanın sədri və katibi tərəfindən imzalanır və ən geci 7 gün müddətinə icraçılara çatdırılır.

Qərarlar müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə qərarın nömrəsi hesab olunur.

Qəbul edilmiş qərarlara müəssisə rəhbərliyinin razılığı olmadan düzəliş etmək qadağandır.

Yazı sonuncu dəfə 2019-03-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.