e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Yerli (bələdiyyə) vergilər və ödənişlər

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və "Bələdiyyələrin statusu haqqında" AR Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət gostərirlər.

Bələdiyyə vergiləri dedikdə, AR Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" AR Qanunu ilə müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrə ödənilən vergilər nəzərdə tutulur.

Yerli ödənişlər"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" AR Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir.

Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:

  • AR Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
  • fiziki şəxslərin əmlak vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.
Yerli odənişlərə aşağıdakılar aiddir:
  • açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklamın yerləşdirilməsinə və yayımına görə ödənilən haqq;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;
  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.
  • Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Vergitutma obyekti. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə AR Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir.

Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik AR Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

DİQQƏT!

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında AR Qanunu"nun 11.4-cü bəndinə əsasən vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.



Yazı sonuncu dəfə 2024-05-20 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.