Əmlak vergisi: Vergi güzəştləri və azadolmalar
Azadolmalar
Güzəştlər
- Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla AR Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.
AR VM Maddə 102.2
102.2.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
102.2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;
102.2.4. I və II qrup müharibə əlilləri;
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərlərinin);
102.2.6. 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
|
- Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
- ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər;
- məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;
- fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;
- təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin və fərdi sahibkarın yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər;
2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir:
- hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
- ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.
Yuxarıdakı abzasda müəyyən olunmuş güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.
Yazı sonuncu dəfə 2022-02-01 tarixində yenilənib.
|