e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Dövlət rüsumunun ödənilməsində azadolmalar

Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar

Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

  • doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
  • təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;
  • mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər;
  • Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
  • pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsiverilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:

  • xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;[102]
  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;
  • Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;
  • Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;
  • Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.
Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:
  • Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
  • Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
  • Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
  • Müdafiə xətti ilə səfər edənlərdən.

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;

Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar

  • Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
  • Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
  • Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumu tam məbləğdə ödənilir.

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir.[194]

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.

Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə dövlət rüsumunun 50 faizi ödənilir. Bu zaman bu Qanunun 23.3-cü maddəsinin müddəaları tətbiq olunur.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur.

Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.

Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar

Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilmir.

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.

Yazı sonuncu dəfə 2018-08-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.