e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlir vergisindən azadolmalar

Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

  1. rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşlarının rəsmi məşğulluğundan gəlir;
  2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir – əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;
  3. təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi;
    Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
    Misal

    hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
    AR VM 13.2.7. Vergi ödəyicisinin ailə üzvləri

  4. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikası qanunları və AR Prezidentinın qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;
  5. alimentlər;
  6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda, 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2 400 manat məbləğində olan hissəsi;
    Misal
  7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakından başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;
    Misal
  8. sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
    Misal

    Misal
  9. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
    Misal
  10. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər

    Qeyd: kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

    Misal
  11. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
  12. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr:
    • iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;
    • AR Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri;
    • ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;
    • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
    • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
    • təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
    • verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;
    • dalğıc işləri üçün pul mükafatı;
    • ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
    • hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə və feldyeger rabitəsi orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar;
    • işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;
  13. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə — 200 manatadək;
    Misal

  14. dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
  15. AR Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı;
  16. torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya;
  17. AR keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği;
  18. sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə AR Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezident fiziki şəxsləri bu parklardakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla);
  19. 01.02.2016-cı il tarixdən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri;
  20. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;
  21. investisiya təşviqi sənədini almış fərdi sahibkarın həmin sənədi aldığı tarixdən 7 ilmüddətinə əldə etdiyi mənfəətin 50 %-i.
  22. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
    Misal

    Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;

  23. qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
  24. maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi;
  25. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
  26. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ödənilən maddi yardım (dəstək);
  27. AR Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq AR İpoteka və Kredit Zəmanət Fondu tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri;
  28. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
    Misal
  29. mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir - 3 il müddətinə;
    Qeyd

  30. KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi - 7 il müddətinə.

    “KOB klaster şirkəti”nin meyarları

    Qeyd

  31. "Məşğulluq haqqında" AR Qanununa uyğun olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri.
  32. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş gəlirləri (2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək)
  33. AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi.


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 102.1

Yazı sonuncu dəfə 2020-01-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.