e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Həyatın yığım sığortası

Həyatın yığım sığortası – sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, kritik xəstəliyə tutulduğu, əmək qabiliyyətini itirdiyi, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta formasıdır. Yəni, məsələn əlillik və ya ölüm hadisəsi baş versə, sığorta olunanın özü və ya ailəsi müəyyən pul vəsaiti ala bilər.

Həyatın yığım sığortası sığortalanan şəxs həyatını itirərsə, kritik xəstəliyə tutularsa, əmək qabiliyyətini itirərsə sığorta şirkəti tərəfindən müqavilədə qeyd olunan pul vəsaitinin sığorta olanana verilməsini təmin edən bir mexanizmdir. Bu vəsaiti sığorta olanan istəyindən asılı olaraq özünə, ailəsinə və ya xəstəliyinin müalicəsinə sərf edə bilər.

Həyatın yığım sığortasının məqsədi sığorta olunan şəxs həyatını itirərsə, kritik xəstəliyə tutularsa, əmək qabiliyyətini itirərsə, bu hadisələrin hansısa biri baş verdikdə onun yaratdığı fəsadların, törədə biləcəyi ağır nəticələrin, ailə ilə bağlı planların pozulmasının qarşısını almaqda kömək etməkdir.

Həyatın yığım sığortasının iştirakçıları

Həyatın yığım sığortası üzrə müqavilə 3 tərəfli bağlanır - sığortalanan şəxs, onun işə götürəni və sığorta şirkəti. Sığorta haqqı da işəgötürən şirkət tərəfindən işçinin maaşından tutulmaqla hər ay sığorta şirkətinə ödənilir.

Gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolmalar

Vergi Məcəlləsinin 102.1.8-ci və "Sosial sığorta haqqında" Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. İşçinin vergiyə cəlb edilən muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Bəzi hallarda işəgötürən sosial sığorta haqlarından azad edilməklə sığortaçı şirkətə ödənilən işçinin 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqlarını da işçinin xeyrinə sığortaçı şirkətə ödəyir. Bu zaman nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad olunmuş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Misal:

Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat; Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat; İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500 manatın 22%-i).

Bu halda işçinin aylıq gəliri 1.110 manat təşkil edir (1.000 manat əməkhaqqı + şəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda, yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olunacaq, qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.

Bunlardan əlavə, nəzərə alınmalıdır ki, həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda, sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır. İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır. Həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən isə sosial sığorta haqqı hesablanmır.

"Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faiz gəlirləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növüdür.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır (VM, maddə 116.2).

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

VM-in 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur (VM, maddə 116.3).

VM-in 101.1-ci maddəsinə uyğun olaraq, muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası üzrə ödənilən sığorta haqqı işəgötürən tərəfindən bank vasitəsilə sığortaçının bank hesabına köçürüldüyü halda, sığorta haqqı fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəlirindən çıxılaraq qalan hissəsindən VM-in 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulur.

İşsizlikdən sığorta



Yazı sonuncu dəfə 2020-09-10 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.