Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı
Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.
Misal
Müəssisə hesablama metodu ilə uçot aparır. 2023-cü ilin dekabr ayında müəssisə müqavilə əsasında müştəriyə 10 000 manat dəyərində mallar göndərmişdir. Göndərilən mallara görə ödəniş müştəri tərəfindən 2024-cü ilin Yanvar ayında həyata keçirilmişdir.
Beləliklə, ödənişin edilməsi tarixindən asılı olmayaraq müəssisə gəliri 2023-cü ildə tanımalıdır.
|
Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.
Misal
Müəssisə hesablama metodu ilə uçot aparır. 2023-cü ilin dekabr ayında müəssisə müştəri ilə ambar binasının təmiri ilə bağlı müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə təmir işləri 2023-cü ilin Dekabr ayına tamamlanacaqdır. Lakin, işlərin bitmə vaxtı uzanır, və müəssisə işləri 2024-cü ilin Yanvar ayında tam bitirir, və bunun ilə bağlı tərəflər arasında 31.01.2024-ci il tarixli "Təhvil-təslim Aktı" imzalanır. 15.02.2024 tarixində isə müştəri tərəfindən ödəniş edilir.
Beləliklə, müqavilədə qeyd edilən işlərin bitməsi və ödənişin edilməsi tarixindən asılı olmayaraq gəlir müəssisə tərəfindən 2024-cü ilin yanvar ayında əldə edilmiş hesab edilir.
|
Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.
Misal
Müəssisə hesablama metodu ilə uçot aparır və icarə müqaviləsi əsasında 12 ay müddətinə ambar binasını icarəyə vermişdir (01 Noyabr 2023 - 01 Noyabr 2024). 24 000 AZN olan 12 aylıq icarə haqqı 2023-cü ilin noyabr ayında icarəçı tərəfindən ödənilmişdir.
Belə olduqda, 2023-cü ildə Noyabr və Dekabr aylarına görə icarə haqqı gəlir kimi tanınacaqdır:
24 000/12 * 2 = 4 000 AZN məbləğində.
2024-cü ildə isə gəlir kimi tanınan icarə haqqı olacaqdır:
24 000/12 * 10 = 20 000 AZN.
|
Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı
Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:
- vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
- maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
- əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.
Yuxarıda göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun.
Misal
Telekommunikasiya şirkəti hesablama metodu ilə uçot aparır və telekommunikasiya avadanlığının aylıq texniki dəstəyi üçün 2023-cü ilin yanvar ayında texniki dəstək xidmətlərini yerinə yetirəcək müəssisə ilə müqavilə bağlamışdır.
Texniki dəstək işləri hər ayın sonunda "İşlərin yerinə yetirilməsi barədə Akt" ilə ikitərəfli qaydada imzalanır və təsdiqlənir. İkitərəfli təsdiqlənmiş akta əsasən 2023-cü il Dekabr ayında 95 000 AZN (ƏDV-siz) dəyərində texniki dəstək xidməti göstərilmişdir. Texniki dəstək xidmətini göstərən müəssisə müvafiq sənədləri (elektron qaimə-faktura, hesab-faktura) telekommunikasiya müəssisəsinə 2024-cü iliin Yanvar ayının 6-da təqdim etmişdir.
Beləliklə, texniki dəstək xidmətinə görə ödənişin edilməsindən asılı olmayaraq, 95 000 AZN (ƏDV-siz) 2023-ci ilin dekabr ayının xərclərinə aid ediləcəkdir
|
Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.