e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məcburi dövlət sosial sığorta haqqının hesablanması

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Muzdlu işdən əldə edilən gəlirlər üzrə.

Muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir Sosial sığorta haqqı dərəcəsi
Cəmi Sığortaolunanın gəlirlərindən tutulan Sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi
Qeyd*:

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər üzrə.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • Ticarət, tikinti və digər sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər:
    01.01.2020 tarixindən - 01.04.2020 tarixinə kimi

    Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 50 faizi - 125 manat

    digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 25 faizi - 62.50 manat

    01.04.2020 tarixindən - 01.01.2021 tarixinə kimi

    Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 25 faizi miqdarının:

    Bakı şəhərində 100 faizi - 62.5 manat;

    Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 56.25 manat;

    digər şəhərlərdə 80 faizi - 50 manat;

    rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 37.5 manat;

    kənd yerlərində 50 faizi 31.25 manat.

    miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

    digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 15 faizi miqdarının:

    Bakı şəhərində 100 faizi - 37.5 manat;

    Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 33.75 manat;

    digər şəhərlərdə 80 faizi - 30 manat;

    rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 22.5 manat;

    kənd yerlərində 50 faizi 18.75 manat.

    miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər

    01.01.2021 tarixindən - 01.01.2026 tarixinə kimi

    Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2023-ci il yanvarın 1-dən 345 manat) 50 faizi miqdarının:

    Bakı şəhərində 100 faizi - 172.50 manat;

    Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 155.25 manat;

    digər şəhərlərdə 80 faizi - 138 manat;

    rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 103.50 manat;

    kənd yerlərində 50 faizi 86.25 manat.

    miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

    digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2023-ci il yanvarın 1-dən 345 manat) 25 faizi miqdarının:

    Bakı şəhərində 100 faizi - 86.25 manat;

    Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 77.625 manat;

    digər şəhərlərdə 80 faizi - 69 manat;

    rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 51.75 manat;

    kənd yerlərində 50 faizi 43.125 manat.

    miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər

  • Aşağıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:
    Fəaliyyət növünün adı Minimum aylıq əməkhaqqının

    Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

    5% - 17.25 manat

    Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

    5% - 17.25 manat

    Çəkməçi, pinəçi

    3% - 10.35 manat

    Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

    3% - 10.35 manat

    Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)

    3% - 10.35 manat

    Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

    3% - 10.35 manat

    Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər

    3% - 10.35 manat

    Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər

    3% - 10.35 manat

    mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

    5 hektaradək olduqda - 2% (6.90 manat);

    5 hektardan 10 hektaradək olduqda - 6% (20.70 manat);

    10 hektardan yuxarı olduqda - 10% (34.50 manat);

    AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada "Fərqlənmə nişanı" alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri

    6% - 20.70 manat

    Yuxarıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvləri istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

    • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
    • Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
    • Digər şəhər və rayonlarda – 1;
    Yuxarıdakı cədvəldə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən, "Fərqlənmə nişanı" alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən "Fərqlənmə nişanı" alınarkən ödənilir.
    Misal

    Fiziki şəxs Qax şəhərində saat təmiri xidməti göstərir. Belə olduqda, sosial sığorta haqqının aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

    Sosial sığorta haqqı = 345 x 3% x 1 (zona əmsalı) = 10.35 AZN

    Eyni zamanda, həmin şəxs sabit vergi də ödəyəcəkdir:

    Sabit vergi = 10 (sabit məbləğ) * 0.5 (zona əmsalı) = 5 AZN


  • mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;

    Misal
  • xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının (2023-ci il yanvarın 1-dən 345 manat) on mislinin 25 faizi miqdarında - 862.50 manat (345 * 10 *25% = 862.50 manat);
  • müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
  • vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında;
  • mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin(digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının (2023-ci il yanvarın 1-dən 345 manat) 6 faizi miqdarında - 20.70 manat (345 * 6% = 20.70 manat).

Sığortaedən neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif məcburi dövlət sosial sığortasına cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda məcburi dövlət sosial sığorta ümumi qaydada ( sığortaolunan tərəfindən - 3% və sığortaedən tərəfindən - 22%) hesablanır. Neft-qaz və qeyri-dövlət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq, audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə məcburi dövlət sosial sığorta haqqı yuxarıda qeyd edilən cədvələ uyğun olaraq hesablanır.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları AR Nazirlər Kabineti tərəfindən müəyyən olunubdur - Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları

Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını özü-özləri üçün hesablayıb ödəməlidirlər. Əmək müqaviləsi (kontrakt) ilə işçi qüvvəsindən istifadə edənlər sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işçilər üçün məcburi dövlət sosial sığorta haqqını əməyin ödənişinə nisbətdə müəyyən edilmiş dərəcələrlə ödəyirlər.

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əsas fəaliyyət sahəsi üzrə müəyyən edilmiş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əsas fəaliyyət sahəsi ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği) həcminə nisbətdə (ən böyük xüsusi çəkiyə malik sahə əsas fəaliyyət sahəsidir) müəyyən edilir və bu barədə müvafiq təsdiqedici sənəd müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır.

Misal 1.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Lənkəran şəhərində tikinti sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-ci il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 50 faizini, yəni

01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% x 80% = 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2022 tarixindən: 300 x 50% x 80% = 120 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2023 tarixindən: 345 x 50% x 80% = 138 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bərdə şəhərində əhaliyə məişət xidməti ilə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-cu il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 25 faizi miqdarında, yəni

01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 25% = 62.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 15% x 80% = 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2022 tarixindən: 300 x 25% x 80% = 60 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2023 tarixindən: 345 x 25% x 80% = 69 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 3.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xaçmaz şəhərində topdan ticarətlə və əhaliyə məişət sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məcburi dövlət sosial sığortası məqsədləri üçün əsas fəaliyyət sahəsini müəyyən etməlidir. Əsas fəaliyyət sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği) həcminə nisbətdə müəyyən edilir. Sahibkar hesabat ayında ümumi hasilatının 70 faizini topdan ticarət sahəsində fəaliyyətindən əldə etmişdir. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-ci il yanvar ayının 1-dən 345 manat) məbləğinin hər ay üçün 50 faizi miqdarında, yəni

01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% x 80% = 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2022 tarixindən: 300 x 50% x 80% = 120 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2023 tarixindən: 345 x 50% x 80% = 138 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 4.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bakı şəhərində pərakəndə ticarətlə məşğuldur. Əmək müqaviləsi (kontrakt) ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. İşçilərin aylıq əmək haqqları isə belədir: birinin - 300 manat, digərinin isə - 450 manatdır.

Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (2023-cu il yanvar ayının 1-dən 345 manat) məbləğinin

01.01.2020 - 01.04.2020 tarixlər arası: 250 x 50% = 125 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.04.2020 - 01.01.2021 tarixlər arası: 250 x 25% = 62.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2022 tarixindən: 300 x 50% = 150 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

01.01.2023 tarixindən: 345 x 50% = 172.50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Eyni zamanda həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunundan və işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

birinci işçi üçün işçinin gəlirlərindən tutulan - 6 +(300 - 200) * 10% = 16 manat

birinci işçi üçün sahibkarın vəsaiti hesabına ödənilən - 44 + (300-200) * 15% = 59 manat

ikinci işçi üçün işçinin gəlirlərindən tutulan - 6 + (450 - 200) * 10% = 31 manat

ikinci işçi üçün sahibkarın vəsaiti hesabına ödənilən - 44 + (450 - 200) * 15% = 81.50 manat

Beləliklə sahibkar məcburi dövlət sosial sığorta haqqı üzrə cəmi ödəməlidir:

  • 01.01.2020 - 01.04.2020 tarixlər arası sahibkarlıq fəaliyyəti üzrə - 125 manat
  • 01.04.2020 - 01.01.2021 tarixlər arası sahibkarlıq fəaliyyəti üzrə - 62.50 manat
  • işçilərin gəlirlərindən tutulan - 47 manat (16 manat + 31 manat)
  • işçilər üzrə sahibkarın vəsaiti hesabına - 140.50 manat (59 manat + 81.50 manat)

Məcburi dövlət sosial sığorta haqqının ödəmə müddəti

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.

Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını təsdiq olunmuş mədaxil qəbzləri əsasında, eləcə də bank orqanları və ya poçtamt vasitəsilə nağd qaydada ödəmə yolu ilə DSMF orqanlarının hesabına köçürürlər.

Yazı sonuncu dəfə 2023-02-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.