e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlirdən çıxılmayan xərclər

Aşağıdakı xərclərin gəlirdən çıxılmasına yol verilmir:                           

  • əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və AR Vergi Məcəlləsinin 143 maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclər;
    AR VM 143-cü maddə

    Misal.

    Müəssisəsi il ərzində 73 000 AZN dəyərində istehsal avadanlığı almışdır. Bu avadanlığın gətrilməsinə 5 000 AZN, quraşdırılmasına 6 500 AZN xərc çəkilmişdir. Alınan avadanlığın ilkin balans dəyəri 84 500 AZN təşkil edəcəkdir. Bu məbləğ xərclərə aid edilə bilməz. Yalnız hər il AR Vergi Məcəlləsində müəyyən edilmiş qaydada amortizasiya edilərək hissə-hissə xərclərə aid edilə bilər.

  • qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
    Qeyri-kommersiya fəaliyyəti

    Misal.

    Müəssisə öz işçilərinə Ramazan ayında 10 000 AZN dəyərində yardımlar etmişdir. Bu yardımlar qeyri-kommersiya fəaliyyəti hesab edildiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmir.

  • əyləncə və yemək xərcləri (Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri;
  • Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri;
    Qeyd
  • öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanılmış həyat sığortası müqavilələri üzrə sığorta haqları;
  • faktiki ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi;

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergilərin, AR Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla) gəlirdən çıxılmasına yol verilmir.

Vacib bir qeydi də nəzərə almaq lazımdır ki:

Qeyd:

Nəzarət-kassa aparatının çeki və ya qəbz (notariuslar və müştərilərin hesabları üzrə bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bazar qiyməti (transfer qiyməti) və vergitutma obyektləri ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları (AR VM 67-ci maddə) nəzərə alınmaqla gəlirdən çıxılır.

Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır.



Yazı sonuncu dəfə 2023-11-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.