e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Agentin həyata keçirdiyi əməliyyatlar

Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır. Misal üçün, müəssisə distiributorlar vasitəsi ilə mallarını müştərilərə satır. Belə olduqda, müəssisə - vəkalət verən, distributorlar isə agent olacaqlar.

Bu müddəa agentin vəkalət verənə göstərdiyi xidmətlərə tətbiq edilmir. Agentin vəkalət verənə göstərdiyi xidmətlər agent üçün vergitutma obyekti sayılır. Misal üçün, distributorların (agentlərin) agent müqaviləsi əsasında vəkalət verənə göstərdikləri xidmətlərə görə əldə etdikləri komissiya və ya hər hansı mükafat.

Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab olunmadığından, komissiya qaydasında satış məqsədilə verilmiş mallara görə agentə qaimə-faktura və ya elektron qaimə-faktura təqdim edilmir. Komissiyaya qəbul edilmiş mallar "Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir və malların komissiyaya qəbul olunması ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Malların komissiya qaydasında satışı zamanı agent tərəfindən vəkalət verənə malların satışı üzrə göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verilir.

Yuxarıda yazılanlar rezident olmayan və Azərbaycan Respublikasında ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməmiş şəxsin rezident agentinin Azərbaycan Respublikasına mallar göndərməsinə tətbiq edilmir. Belə hallarda, ƏDV-nin məqsədləri üçün malların göndərilməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır. Bu hal malların qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi və ya nümayəndəlik funksiyalarını yerinə yetirən digər şəxs tərəfindən təqdim edilməsinə şamil edilmir.

Lotereyalar, turist agentlərinin xidmətləri, komisyon qaydada satış, işlənmiş malların satışı və ümumi qaydalara əsasən vergitutma bazasının müəyyənləşdirilməsi çətin olan digər sahələr üzrə ödənilməli olan ƏDV-nin məbləği AR Vergi Məcəlləsinin 172-ci maddəsi ilə qaydaya uyğun olaraq müəyyənləşdirilir.

Vergitutma bazası.

Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin vergitutma bazası aşağıdakı kimi müəyyənləşdirilir:

  1. Digər şəxs agent vasitəsi ilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

    Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

    Agentin digər şəxsdən aldığı elektron qaimə-faktura ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

  2. Digər şəxs (vəkalət verən) üçün vergi tutulan əməliyyatların vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Digər şəxs (vəkalət verən) tərəfindən malların agentə təhvil verilməsi bu məqsəd üçün nəzərdə tutulan elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
    Misal "A" müəssisəsi "B" müəssisəsinə komissiya müqaviləsi əsasında 20.02.2020 tarixində 15 000 AZN (ƏDV-siz) dəyərində elektronika mallarını satış üçün vermişdir. Burada "A" müəssisəsi vəkalət verən, "B" müəssisəsi isə agent hesab edilir. "B" müəssisəsi ona komissiyaya verilən mallara görə 10 000 manat məbləğində ödəməni 30.03.2020 tarixində "A" müəssisəsinə ödəmişdir.
    Belə olduqda, "A" müəssisəinin vergi tutulan əməliyyatı 30.03.2020 tarixi hesab edilir və mart ayının bəyannaməsində 1 800 AZN ƏDV məbləği hesablanmalıdır.
  3. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, digər şəxsə (vəkalət verənə) göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan digər şəxs (vəkalət verən) tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

    Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduğu halda digər şəxsdən (vəkalət verəndən) qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura verir. Həmin elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir.

    Misal Müəssisə işçisini xarici ölkədə keçiriləcək işgüzar iclasda iştirak üçün ƏDV ödəyicisi olan turagentdən 1 180 manat (ƏDV daxil) dəyərində aviabilet üçün ödəniş edibdir. Turagent ondan alınan aviabiletə görə müəssisəyə elektron qaimə-faktura göndəribdir.
    Belə olduqda, müəssisə ona göndərilən elektron qaimə-fakturaya əsasən ödədiyi 180 manat ƏDV-ni əvəzləşdirə bilər.

    Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda, alıcı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda agent tərəfindən həmin malların (işlərin, xidmətlərin) alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Bu zaman malların (işlərin, xidmətlərin) alıcısı agentdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalət verənə) malların (işlərin, xidmətlərin) dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəməklə ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.

    Misal Müəssisə işçisini xarici ölkədə keçiriləcək işgüzar iclasda iştirak üçün ödəyicisi olmayan turagentdən 1 180 manat (ƏDV daxil) dəyərində aviabilet üçün turagentin bank hesabına ödəniş edibdir. Turagent ondan alınan aviabiletə görə müəssisəyə elektron qaimə-faktura göndəribdir.
    Ödəniş turagentin bakn hesabına köçürüldüyü səbəbindən müəssisə 180 manat ƏDV-ni əvəzləşdirə bilməz.
  4. Agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı xidmətlər üçün ödəmənin aparıldığı vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).

Sahəvi xüsusiyyətlər.

Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlarda ƏDV hesablanmasının sahəvi xüsusiyyətləri aşağıdakı qaydada müəyyənləşdirilir:

    Lotereya əməliyyatları

  1. Lotereya keçirən şəxs üçün vergi tutulan əməliyyatların dəyəri lotereyaların satışından əldə olunan məbləğdən uduş fondunun məbləği çıxıldıqdan sonra qalan məbləğ hesab edilir.
  2. Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

    Turist xidmətləri

  3. Azərbaycan Respublikası ərazisindən digər ölkələrə keçən marşrutlar üzrə turist xidmətləri göstərən şəxslər üçün turist xidmətlərinin (Azərbaycan Respublikası ərazisindən kənarda göstərilən xidmətlər istisna olmaqla) dəyəri, turist vərəqələrini təqdim edən şəxslər (agentlər) üçün isə bu təqdimetmə üzrə göstərilən xidmətlərin dəyəri vergitutma bazası hesab edilir.

    Malların satışı

  4. Malların komisyon qaydada satışı zamanı komitent üçün vergitutma bazası komisyonçuya verilmiş malların dəyəridir (komisyon haqları çıxılmadan).
  5. Komisyonçunun komitentdən aldığı elektron qaimə-faktura komisyonçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

    Komitent qeyri-rezident olduqda, malların komissiya qaydasında satışı

  6. Komitent qeyri-rezident olduqda, malların komissiya qaydasında satışı üzrə əməliyyatlar agentin, yəni komisyonçunun apardığı əməliyyatlar hesab edilir.

    Bu halda komisyonçu üçün vergitutma bazası komisyon qaydasında satdığı malların dəyəri, habelə komitentə göstərdiyi xidmətlərin dəyəri hesab edilir. Komisyonçunun vergi tutulan əməliyyatının dəyəri komisyon qaydasında satılan mallar üzrə komitentin müəyyən etdiyi satış qiyməti (ƏDV-siz) və komitentə göstərdiyi xidmətlər üzrə komitentdən almalı olduğu (aldığı) xidmət haqqıdır (mükafatdır).

    Komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtı mallar üçün ödəmənin aparıldığı vaxt sayılır. Mallar (işlər, xidmətlər) hissə-hissə (qismən) təqdim edildikdə, vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) hər hissəsi üçün ayrılıqda müəyyən edilir.

    Komisyonçu idxal olunmuş mallara görə gömrük orqanlarına ƏDV ödəmişdirsə, bu ödəmənin yerinə yetirildiyini təsdiq edən sənədlər ƏDV ödəyicisi olan komisyonçuya həmin ƏDV məbləğinin əvəzləşdirmək hüququ verir. Komisyonçu vergi ödəyicisi olduqda, komissiya qaydasında təqdim etdiyi mallara ümumi qaydada ƏDV tətbiq etməlidir.

    Komisyon qaydasında idxal olunmuş mallar ƏDV ödəyicisi olan komisyonçu tərəfindən satılmadan tam və ya qismən komitentin tapşırığı ilə Azərbaycan Respublikası ərazisində başqa şəxsə verildikdə, gömrük orqanlarına ödənilmiş ƏDV-nin əvəzləşdirilən məbləğinin malların satılmayan hissəsinə düşən məbləği komisyonçu tərəfindən büdcəyə hesablanmalıdır.

  7. Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxt, büdcəyə ƏDV-nin hesablanması, büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi və elektron qaimə-fakturalarının tətbiqi, yuxarıdakı müddəalar nəzərə alınmaqla, AR Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada müəyyənləşdirilir.

ƏDV ödəyicisi olan şəxslər tərəfindən yuxarıda göstərilən əməliyyatlardan başqa digər əməliyyatlar da həyata keçirildikdə, həmin əməliyyatların uçotu ayrıca aparılır.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 172

Yazı sonuncu dəfə 2023-10-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.