e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sənədlər: Tapşırıq müqaviləsi

AR Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən:

Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

Müqavilənin predmeti

Tapşırıq müqaviləsinin predmeti vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin göstərilməsidir - əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi. Vəkalət alanın vasitəçilik xidmətlərinin nəticəsi maddi formada təcəssüm olunmur, və xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilmir.

Tapşırıq müqaviləsinə görə vəkalət verən vəkalət alana onun adından və onun vəsaiti hesabına hər-hansı hüquqi hərəkətləri icra etməyi tapşırır. Tapşırıq müqaviləsinin predmeti anlayışına təmsilçinin yalnız hüquqi hərəkətləri aiddir. Hüquqi hərəkətlər dedikdə burada əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulur. Misal üçün, vəkalət verənin adından əqdlərin bağlanması, müəssisənin dövlət qeydiyyatından keçirilməsi, banklarda hesabların açılması, razılıq sənədləri (və ya lisenziyaların) dövlət orqanlarından alınması, hüquqi şəxsin ləğvi və yenidən təşkili və s. hüquqi hərəkətlər. Bundan başqa, vəkalət alan göstərdiyi xidmətin nəticəsinə təminat vermir.

Tapşırığın məzmunu müqavilədə birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

Müqavilənin tərəfləri və subyektləri

Tapşırıq müqaviləsinin tərəfləri istənilən hüquqi, fiziki şəxslər və fərdi sahibkarlar ola bilərlər.

Tapşırıq müqaviləsinin subyektləri aşağıdakılardır:

  • tapşırıq verən şəxs (vəkalət verən)
  • tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan)

Tapşırıq müqaviləsi yalnız vəkalət verənlə vəkalət alan arasında hüquqi münasibətləri tənzimləyir. Üçüncü şəxslər üçün vəkalət alanın vəkalət verən adından hər hansı səlahiyyətə malik olması etibarnamə ilə təsdiqlənməlidir.

Müqavilənin forması

Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Tapşırıq müqaviləsi üzrə vəkalət alan ilə üçüncü şəxslər arasında münasibətlər etibarnamə ilə tənzimlənir. AR Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Beləliklə vəkalət verənin vəkalət alana verdiyi etibarnamə mütləq yazılı formada olmalıdır və onun əsasında bağlanan əqd notarial forma tələb etdikdə, notariat qaydasında təsdiqlənməlidir. Vəkalət alan tərəfindən etibarnamənin qəbul edilməsi və icrası onun şifahi formalı tapşırıq müqaviləsini aksept etməsini sübut edir.

Tapşırıq müqaviləsi üzrə vəkalət alan kommersiya təmsilçisi olduqda AR Mülki Məcəlləsinin-nin 361.3-cü maddəsinə uyğun olaraq həmin müqavilə mütləq yazılı formada bağlanmalıdır.

Tərəflərin vəzifələri

Vəkalət alanın vəzifələri:

  • Vəkalət verənin tapşırığını icra etmək;
  • Tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə vermək;
  • Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamaq;
  • İstənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrasının gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat vermək. Vəkalət verənə verilən hesabata təsdiqedici sənədlər də qoşulmalıdır.
  • Verilən tapşırıqdan imtina etmək istədikdə bu barədə vəkalət verənə müqavilədə razılaşdırılmış müddətdə xəbərdarlıq etmək;
  • Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir:
    • vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə;
    • tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə;
    • icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə.
  • Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.
  • Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.
  • Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.

Vəkalət verənin vəzifələri:

  • Vəkalət alana tapşırıq müqaviləsində nəzərdə tutulmuş hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün etibarnamə vermək.
  • Müqavilə ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada vəkalət alana muzd və çəkilən xərclərin əvəzini ödəmək;
  • Müqaviləni ləğv etmək istədikdə bu barədə vəkalət alana əvvəl xəbərdarlıq etmək;
  • Tapşırığın icrası gedişində vəkalət alana dəyən zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək;
  • Tapşırığın icrası ilə bağlı vəkalət alanı zəruri məlumatlarla (sənədlərlə) təmin etmək.

Tərəflərin məsuliyyəti

Vəkalət alanın məsuliyyəti

Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:

  • peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər;
  • vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

Vəkalət verənin məsuliyyəti

Tapşırığın icrası zamanı vəkalət alana zərər dəymişsə, və əgər vəkalət verən zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, o, vəkalət alan qarşısında məsuliyyət daşıyır və zərərin əvəzi onun (vəkalət verən) tərəfindən ödənilməlidir.

Müqaviləyə əlavələr

Tapşırıq müqaviləsinə aşağıdakı əlavələr edilə bilər:

  • Tapşırığın yerinə yetirilməsi qrafiki;
  • Vəkalət alan tərəfindən mükafatının alınması qrafiki;
  • Malların adları;
  • Xidmətlərin siyahısı;
  • Təqvim üzrə plan;
  • Daşınmaz əmlakın təsviri və s.

Müqaviləyə qoşma sənədlər

Tapşırıq müqaviləsinə aşağıdakı sənəd formaları əlavə edilə bilər:

  • İşlərin(xidmətlərin) təhvil-təslim aktı;
  • Vəkalət alanın hesabatı;
  • Vəkalət alanın xərcləri haqqında hesabat;
  • Əlavə razılaşma;
  • Müxtəlif tipli protokollar.

Müqaviləyə xitam verilməsi

Tapşırıq müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

  • tərəflərin birinin təşəbbüsü ilə;
  • vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə;

Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.

"Tapşırıq müqaviləsi"-nin nümunəvi formasını yükləmək

Yazı sonuncu dəfə 2019-06-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.