Ciddi hesabat blanklarıCiddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən şəxslər həmin blankların üzərinə AR Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməlidirlər. Müəssisələrin təsdiq edilmiş ciddi hesabat blankları onların öz vəsaiti hesabına ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələr əsasında çap edilir. Müəssisələrin tələbatını ödəmək məqsədilə təsdiq edilmiş ciddi hesabat blankları müvafiq qoruyucu nişanlara malik olan xüsusi surətçıxaran kağızda və ya adi kağızda çap olunur. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Hər hansı bir sifarişçi üçün eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir. Ciddi hesabat blanklarının tərtibi Ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
Təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq, ciddi hesabat blanklarına (vergi hesab-fakturaları istisna olmaqla) əlavə rekvizitlər daxil edilə bilər. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisələr iş xüsusiyyətlərinə uyğun olaraq işləyib hazırladıqları ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyinə müraciət etməlidirlər. Ciddi hesabat blanklarına əlavə rekvizitlər müəyyən olunmuş qaydada Maliyyə Nazirliyi ilə razılaşdırılaraq daxil edilir. Ciddi hesabat blanklarının doldurulması Ciddi hesabat blanklarının doldurulması əllə və ya elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilir. Əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Korlanmış ciddi hesabat blankının əvəzinə yenisi doldurulur. Ciddi hesabat blankları doldurularkən, onun boş qalmış sətirləri və sütunları xətlənməlidir. Ciddi hesabat blankı nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır. Ciddi hesabat blankının əsas hissəsi (əsli) mühasibatlıqda qalır. Ciddi hesabat blanklarında qiymətlər manatla və qəpiklə göstərilməlidir. Ciddi hesabat blanklarının uçotu Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisələrin anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə (dəmir şkafda, seyfdə və ya qapalı otaqda) illər üzrə xüsusi qovluqda saxlanılır. Ciddi hesabat blankları müəyyən olunmuş qaydada təşkilatların və fərdi sahibkarların anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Bu ciddi hesabat blankları təşkilatın rəhbərinin, habelə fərdi sahibkarın icazəsi ilə anbardan və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Ciddi hesabat blanklarının uçotu təşkilatlar və fərdi sahibkarlar tərəfindən "Ciddi hesabat blankları" adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə "Əmlakın (qiymətlilərin) uçot kartı ( forma № 1Q)" üzrə aparılır. Nəzarət: Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində AR Maliyyə Nazirliyi və AR Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Ciddi hesabat blankları itirildikdə və ya digər səbəbdən çatışmayan ciddi hesabat blanklarının mövcudluğu müəyyən edildikdə, bu barədə təşkilatlar və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada akt tərtib olunur, mətbuat orqanında müvafiq məlumat dərc etdirilir, blankları itirilmiş təsərrüfat subyektləri tərəfindən AR Maliyyə Nazirliyinə və AR Vergilər Nazirliyinə müvafiq məlumat verilir. Təşkilat ləğv edildikdə, təşkilati-hüquqi forması, adı və VÖEN-i dəyişdikdə, fərdi sahibkar sahibkarlıq fəaliyyətini dayandırdıqda, onun adı, atasının adı, soyadı və VÖEN-i dəyişdikdə, onlarda istifadəsiz qalmış ciddi hesabat blanklarının məhv edilməsi məqsədi ilə həmin şəxslər tərəfindən 15 gün müddətində AR Maliyyə Nazirliyinə və AR Vergilər Nazirliyinə bu barədə müvafiq məlumat verilir. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində "korlanıb" sözü yazılmaqla mühasibatlıqda saxlanılır. İstifadəsiz qalmış və korlanmış ciddi hesabat blankları təşkilatlar və fərdi sahibkarlar tərəfindən bu barədə akt tərtib edilməklə, AR Maliyyə Nazirliyinin və AR Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir. Zərurət yarandıqda, AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinin Azərbaycan dili ilə yanaşı tələb olunan xarici dildə də çap olunmasına AR Maliyyə Nazirliyi tərəfindən razılıq verilə bilər.
Normativ-hüquqi aktlar:
"Mühasibat uçotu haqqında" AR Qanunu Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları Yazı sonuncu dəfə 2019-09-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.