Ezamiyyə xərclərinin sənədləşdirilməsiTəşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyə qaydaları "İşçilərin Ezamiyyə Qaydaları" AR Maliyyə Nazirliyinin 18.01.2012 tarixli N Q-01 saylı Qərarı ilə tənzimlənir. Ezamiyyətə yalnız əmək müqaviləsi bağlamış işçi göndərilə bilər.
Diqqət!
Xidməti müqavilə bağlamış işçi ezamiyyətə göndərilə bilməz. Xidməti müqavilə bağlamış işçiyə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün göndərilən zaman verilən pullar onun müqavilə əsasında gəlirinin bir hissəsi hesab edilir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına
Ezamiyyə xərclərinin normaları "Ezamiyyə xərclərinin normaları" haqqında Azərbaycan respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir. Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i miqdarında ödənilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür. Normadan artıq olan xərclər, əsaslı olarsa, müəssisə tərəfində ezamiyyətə göndərilmiş işçiyə ödənilir. Normadan artıq olan xərclər mühasibat uçotunda müəssisənin xərclərinə aid edilsədə, vergi uçotunda xərclərə aid edilmir. AR Vergi Məcəlləsinə əsasən: 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir. İşçini ezamiyyətə göndərməkdən öncə müəssisə rəhbəri "İşçinin ezamiyyətə göndərilməsi Əmri"-ni verir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-25 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.