e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmtəə-nəqliyyat qaiməsi

Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu sənəd hər bir halda tərtib edilir: həm daşınma müəssisəyə məxsus avtomobil nəqliyyatı ilə həyata keçirildikdə, həm də kənar daşınma müəssisəsi tərəfindən həyata keçirildikdə. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

Əmtəə-nəqliyyat qaiməsi Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşınması müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir. Yüklərin daşınması daşıyıcı müəssisə ilə bağlanmış müqavilə əsasında təşkil edildikdə, əmtəə-nəqliyyat qaiməsi hər iki müəssisə tərəfindən tərtib edilə bilər.

Bir daşınma üçün yalnız bir əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bir neçə daşınma əməliyyatları üçün eyni əmtəə-nəqliyyat qaiməsinin istifadə etmək olmaz. Misal üçün, eyni məhsulu fərqli müəssisələrə çatdırmaq lazımdırsa, o zaman, hər bir çatdırılmaya ayrı əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir.

Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:

  • yük alanın ünvanı;
  • yükün çatdırılma yeri;
  • yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
  • yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;
  • yük qiymətli obyekt olduqda – onun dəyəri;
  • xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
  • qaimənin tərtib edildiyi yer və tarix;
  • yükgöndərənin adı və ünvanı;
  • daşıyıcının adı və ünvanı;
  • yükləmənin yeri və tarixi;
  • yük yerlərinin adı və nömrələri;
  • daşınmanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);
  • zərurət olduqda, daşınmanın şərtləri barəsində yükgöndərənin xüsusi göstərişləri.

Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:

  • yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;
  • tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;
  • yük alanın daşıyıcıya ödədiyi məbləğ;
  • yükün dəyəri;
  • yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;
  • yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;
  • daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.

Əmtəə-nəqliyyat qaiməsi doldurularkan müəyyən qaydalara riayət etmək lazımdır. Belə ki, xanaları boş saxlamaq olmaz (lazımi yerlərdə xətt çəkilir), sənədə yanlış məlumatları daxil etmək olmaz. Əmtəə-nəqliyyat qaiməsinə aşağıdakı sənədlər əlavə edilə bilərlər: sertifikatlar, şəhadətnamələr, müqavilələr və s. Bunların hamısı 15-ci bölmədə göstərilir "15.Daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı".

Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsi hər bir yükalanın adına 3 nüsxədə tərtib olunmalıdır. Əmtəə-nəqliyyat qaiməsinin birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verilir.

Yükgöndərən və daşıyıcı əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsini imzalamalıdır.

Yükgöndərən (yükalan) əmtəə-nəqliyyat qaiməsini doldurmaqdan imtina etdikdə və ya səhv doldurduqda, sürücü yükün qəbul olunması (təhvil verilməsi) faktını öz imzası ilə təsdiq edərək, əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsinin arxa tərəfinin aşağı hissəsindəki boş yerdə bu barədə müvafiq qeydlər etməlidir.

Əmtəə-nəqliyyat qaiməsinin tərtib edilmədiyi, səhv və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda yük daşınması müqaviləsi qüvvədə qalır.

Beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.

Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinə dair tələblər

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) Qaydalarda nəzərdə tutulmuş nümunəvi formaya uyğun 3 nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır.

Yükgöndərənin, daşıyıcının və yükalanın CMR-ə hər hansı bir məlumatı daxil etmək hüquqları vardır.

Daşıyıcı yükü qəbul edərkən CMR-də olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır.

Yüklərin daşınması ardıcıl olaraq bir neçə daşıyıcı tərəfindən yerinə yetirildikdə, ikinci və hər bir sonrakı daşıyıcı daşıma müqaviləsinin iştirakçılarıdır.

Daşıyıcı digər daşıyıcıdan yükü qəbz əsasında qəbul etməlidir. Bu zaman CMR-in ikinci nüsxəsində yükü qəbul edən daşıyıcının adı və ünvanı, zərurət olduqda yükə aid olan əsaslandırılmış qeyd-şərt daxil edilir.

Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.

Yükgöndərən CMR-ə bütün zəruri sənədləri əlavə etməlidir.

Yükgöndərən CMR-in ikinci nüsxəsi yükalana təqdim edilənə kimi yükə dair sərəncam verə bilər.

Yükgöndərən CMR tərtib edilən andan yükə dair sərəncam vermək hüququnu yükalana verə bilər. Bu zaman yükgöndərən CMR-də müvafiq qeydlər aparmalıdır.

Yükgöndərən (yükalan) tərəfindən yükün başqa ünvana göndərilməsi zərurəti yarandıqda, yeni göstərişlər daxil edilmiş CMR-in birinci nüsxəsi daşıyıcıya təqdim edilir. Bu halda yükgöndərən bu göstərişin yerinə yetirilməsi üçün çəkilən xərclərin və vurulan zərərin əvəzini daşıyıcıya ödəyir. Bu göstərişin yerinə yetirilməsi daşıyıcının avtomobil nəqliyyatı ilə daşıma müqavilələri ilə əlaqədar planlarını pozmamalıdır. Daşıyıcının alınan göstərişi yerinə yetirmək imkanı olmadıqda, o bu barədə sifarişçini məlumatlandırmalıdır.

Yükün təhvil verilmə yerinə gəlib çatmasınadək hər hansı bir səbəbdən daşıma müqaviləsini CMR-də göstərilən şərtlərlə yerinə yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə yükgöndərəni və ya yükalanı məlumatlandırmalıdır. Daşıyıcı CMR-də nəzərdə tutulan şərtlərlə daşımanın yerinə yetirilməsinə şərait imkan vermədikdə və sifarişçidən ağlabatan müddətdə göstərişlər ala bilmədikdə, qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə sifarişçinin maraqlarına uyğun daha çox əlverişli olan tədbirləri görməlidir.

Yükün çatdırılma yerinə gəldikdən sonra onun təhvil verilməsinə maneə yaradan hallar baş verərsə, daşıyıcı bu barədə yükgöndərəni məlumatlandırmalıdır.

Yükalan yükün digər yükalana təhvil verilməsi haqqında göstəriş verdikdə birinci yükalan yükgöndərən, yük təhvil verilən şəxs isə yükalan hesab olunur.

CMR-də müəyyən edilən şərtlərlə yükün təhvil verilmə yerinə gəlib çatması mümkün olmadıqda, daşıyıcı qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə, yükü xüsusi və ya kirayə edilmiş anbarda saxlaya bilər.

Yük daşıyıcı tərəfindən satıldıqda, əldə olunan məbləğdən daşımaya görə ödənilməli ödənişlər və xərclər çıxıldıqdan sonra qalan məbləğ sifarişçiyə qaytarılmalıdır.

Daşıyıcı tərəfindən yükün satılması qaydası yükün satıldığı ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməlidir.

Sair qaydalar

Qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.

Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıqla rəsmiləşdirilə bilər. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na əsasən təşkil olunur və yerinə yetirilir.

Maddə 323. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması

323.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşınmaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə-

qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

323.2. Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə-

iyirmi manat məbləğində cərimə edilir.

Əmtəə-nəqliyyat qaiməsinin nümunəvi formasını buradan yükləyə bilərsiniz.

Əmtəə-nəqliyyat qaiməsi

Beynəlxalq Nümunəli Əmtəə-Nəqliyyat qaiməsi (CMR)

Yazı sonuncu dəfə 2019-02-08 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.