e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar

Mədaxil qəbzi - NKA tətbiq edilməli olmayan fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını aparılmasında istifadə etdiyi, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Mədaxil qəbzi Forma № 1MQ - ciddi hesabat blankıdır.

Mədaxil qəbzi Forma № 1 MQ-nin forma və rekvizitləri.

"Mədaxil qəbzi" 2 hissədən "Mədaxil qəbzi"ndən və "Mədaxil qəbzinin kötüyü"ndən ibarətdir. Mədaxil qəbzi və onun kötüyü eyni rekvizitlərə malik olur. Mədaxil qəbzi xüsusi surətçıxaran kağızda çap edilir ki, onu üst-üstə qoyub dolduran zaman onun kötüyünə surəti çıxa bilsin.

"Mədaxil qəbzi"-nin nəzarət-kassa aparatları tətbiq etmədən əhali ilə nağd(pullu) hesablaşmalar aparan müxtəlif sahələrdə tətbiq ediləcəyi nəzərdə tutulduğundan onun rekvizitləri sahələrin maliyyə-təsərrüfat fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq baş vermiş təsərrüfat əməliyyatları əsasında doldurulur.

"Ciddi hesabat bl-n sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-i, fiziki şəxs olduqda adı, a.a., soyadı və VÖEN-i" rekvizitində "Mədaxil qəbzi"ndən istifadə edən hüquqi şəxsin (müəssisənin) təsis sənədlərinə uyğun olaraq tam adı, VÖEN-i, fiziki şəxsin SAA və VOEN-i əks etdirilir.

"Məhsul, iş və xidmət sifarişçisinin adı, VÖEN-i, bank rekvizitləri, ünvanı və digər rekvizitləri" rekvizitində sifarişçinin adı, VÖEN-i, bank rekvizitləri, ünvanı, telefon nömrəsi və digər lazımı göstəriciləri əks etdirilir (əgər varsa).

"Məhsul, iş və xidmətin adı" rekvizitində əməliyyatın (satışın, işin, xidmətin və s.) qısa məzmunu göstərilir.

"Ölçü vahidi" rekvizitində əməliyyatın (satışın, işin, xidmətin və s.) məzmununa uyğun gələn ölçü vahidinin (t, kq, l, ədəd və s) nişanı göstərilir.

"Miqdar" rekvizitində əməliyyatın məzmununa və ölçü vahidinə uyğun kəmiyyət göstəricisi əks olunur.

"Vahidin qiyməti (manatla)" rekvizitində əməliyyatın (satışın, işin, xidmətin və s.) miqdar (kəmiyyət) vahidinin qiyməti göstərilir.

"Məbləği (manatla)" rekvizitində "Qiymət" və "Miqdar" sütunlarının hasili göstərilir.

"Məhsul, iş və xidmət satışından cəmi əldə edilmişdir" rekvizitində mədaxil olunan məblə yazı ilə əks olunur.

Mədaxil qəbzinin və onun kötüyünün üzərində ondan istifadə edən müəssisənin möhürü olur.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin möhürü olmadığı hallarda imza kifayət edir.

Mədaxil qəbzini dolduran icraçı ona və onun kötüyünə imza edir və tarix yazır.

Sifarişlərin qəbulu, iş və xidmətlərin yerinə yetirildiyi zaman hər bir müəssisənin özünün spesifik xüsusiyyətinə uyğun hazırlanmış "Sifariş-naryadlar" və digər bu kimi ilkin uçot sənədləri zəruri hallarda "Mədaxil qəbzi"nə əlavə edilir.

Müəssisələrin spesifikasından və əməliyyatın (məhsulun, işin, xidmətin satışından) məzmunundan və xarakterindən asılı olaraq "Mədaxil qəbzi"nə əlavə rekvizitlər daxil etmək zərurəti yarandıqda həmin forma və rekvizitlər, onların doldurulması və onlardan istifadə qaydaları yenidən AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

"Mədaxil qəbzi" sifarişçiyə ( əməliyyatda iştirak edən ikinci tərəfə) verilir, onun kötüyü isə hesabat vermək üçün icraçıda qalır.

"Mədaxil qəbzi"ndən istifadə edən müəssisələr gün ərzində əldə etdiyi məbləğləri kassaya mədaxil edir və ya özlərinin hesabı olan banka müvafiq qaydada təhvil verirlər.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə bu sənədlər əsasında öz daxili uçotunu qurur.

Mədaxil qəbzinin doldurulma qaydasını bir neçə müəssisənin timsalında izah edək:

Pullu müalicə profilaktika müəssisələrində "Məhsul, iş və xidmətin adı" rekvizitində xəstəliyin diaqnozu və tibbi xidmətin adı göstərilir, qalan rekvizitlər yuxarıda qeyd olunan qaydada doldurulur.

"Ölçü vahidi" rekvizitində müalicə xidmətin ölçü vahidi(adətən dəfə ilə ölçülür);

"Miqdar" rekvizitində ödəniləcək müalicə xidmətinin miqdarı;

"Qiymət" rekvizitində müalicə haqqı;

"Məbləğ" rekvizitində "Qiymət" və "Miqdar" sütunlarındakı göstəricilərin hasili əks etdirilir.

Avtomobil xidməti ilə məşğul olan müəssisələrdə "Sifarişçi" rekvizitində avtomobil sürücüsünün və avtomobilin müvafiq göstəriciləri və "Məhsul, iş və xidmətin adı" rekvizitində görülən iş və xidmətin qısa məzmunu göstərilir.

Avtomobillərin texniki baxışı ilə məşğul olan sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində texniki baxışa aid qısa məlumat göstərilir.

Avtomobil dayanacaqlarında "Məhsul, iş və xidmətin adı" rekvizitində avtomobilin müvafiq nişanələri göstərilir.

Yanacaqdoldurma məntəqələrində "Məhsul, iş və xidmətin adı" rekvizitində yanacaq və sürtgü materiallarının adı və markası göstərilir.

Paltarların və ayaqqabıların fərdi tikişi və təmiri ilə məşğul olan sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində sifariş verilən əşyanın adı ölçüsü və digər lazımı məlumatlar göstərilir.

Məişət avadanlıqlarının təmiri və qruplaşdırılması ilə məşğul olan sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində təmir üçün qəbul edilmiş avadanlığın (soyuducunun, televizorun, saatın, tozsoranın və s.) başa düşülən qaydada qısa şəkildə adı, nişanələri və görülən iş və xidmətlər barədə müvafiq məlumatlar göstərilir.

Pəncərə, qapı və digər tikinti əşyaları hazırlayan, təmir edən və quraşdıran sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində sifariş verilən hər bir işin və ya əşyanın adı, nişanələri və başa düşülən qaydada qısa şəkildə görülən iş və xidmətlər barədə lazımı məlumatlar göstərilir.

Şüşə, güzgü və digər şüşə əşyalarını hazırlanması və quraşdırılması işləri sahəsində "Məhsul, iş və xidmətin adı" rekvizitində sifariş verilən hər bir işin və ya əşyanın başa düşülən qaydada adı və digər göstəriciləri qısa şəkildə göstərilir.

Şəkil çəkmək, surat çıxarmaq, çap etmək və digər bu kimi sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində görülən iş və xidmətlər barədə başa düşülən qaydada qısa məlumat əks etdirilir.

Məsləhətxanalarda "Məhsul, iş və xidmətin adı" rekvizitində məsləhət verilən sahədən qısa məlumat yazılır.

Taksi xidməti zamanı sayğacın çek verməyə texniki imkanı olmadığı hallarda "Məhsul, iş və xidmətin adı" rekvizitində gediş-gəliş yeri və məsafə başa düşülən qaydada qısa şəkildə göstərilir. "Məbləğ" rekvizitində isə sayğacın göstərdiyi məbləğ yazılır.

Əşyaların kirayə verilməsi zamanı "Məhsul, iş və xidmətin adı" rekvizitində əşyaların adı və digər nişanələri başa düşülən qaydada qısa şəkildə əks etdirilir.

Sayğaclar tətbiq etmədən su, qaz, elektrik enerjisi, isti hava, soyuq hava, sıxılmış hava və s. satışı ilə məşğul olan sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində satılan məhsulun adı və onun sərf edildiyi sahələr haqqında qısa məlumatlar əks etdirilir.

Zərgərlik əşyalarının hazırlanması və təmiri ilə məşğul olan sahələrdə "Məhsul, iş və xidmətin adı" rekvizitində əşyanın adı və görülən işin qısa xarakteristikası yazılır.

Nağd pulla məhsul (mal) satışı ilə məşğul olanlar "Məhsul, iş və xidmətin adı" rekvizitində satılan məhsulun (malın) adı göstərilir. Qalan rekvizitlər yuxarıda qeyd olunan qaydada doldurulur və s.

Mədaxil qəbzləri ilə nəğd hesablaşmaları kimlər apara bilər.

Nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyət növündən asılıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi məcburi xarakter daşımır. Bu fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını qəbzlər vasitəsilə həyata keçirə bilərlər.

AR Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə görə bu fəaliyyət növləri aşağıdakılardır:

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti (Qeyd: Nağdsız hesablaşmalar haqqında AR Qanununun 3.4.5 bəndinə əsasən stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi nağdsız qaydada həyata keçirilməlidir.) (ödənişlər onlayn, ödəmə terminalları və s. yollar ilə nağdsız qaydada ödənilə bilər);

Bununla belə, qəbz tətbiq edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən könüllü olaraq nağd hesablaşmalar NKA vasitəsilə apara bilərlər.

Kimlər nağd hesablaşmalar apara bilməz

Nağdsız hesablaşmalar haqqında AR Qanununa əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

  • vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
  • "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığortalar haqqında" AR qanunları ilə müəyyən edilmiş ödənişlər;
  • dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
  • stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
  • faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
  • dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
  • təhsil haqlarının ödənilməsi;
  • turagentlərə ödəmələr.


Yazı sonuncu dəfə 2019-02-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.