e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sadələşdirilmiş vergi: İdman mərc oyunları və lotereyyalar

Vergi ödəyiciləri

İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər.

İdman mərc oyunları – real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar. “Lotereyalar haqqında” AR Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur

İdman mərc oyunlarının operatoru - idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs;

İdman mərc oyunları satıcısı – real mühitdə idman mərc oyunları satıcısı və virtual satıcı.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunu.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunu. Maddə 53-1.

Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun.

Lotereya təşkilatçısı - öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxs.

Lotereya biletlərinin satıcısı – lotereya təşkilatçısı ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və lotereya biletlərinin satışını bilavasitə, lotereya terminalları və ya virtul mühit vasitəsilə həyata keçirən şəxs.

Vergitutma obyekti

İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir.

Lotereya təşkilatçısı üçün lotereya biletlərinin satışından əldə edilmiş vəsait, lotereya biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.

Vergi dərəcəsi

İdman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Misal

İdman mərc oyunlarını həyata keçirən operator oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitininin (gəlirinin) məbləği 200 000 manat olmuşdur. Bu zaman ödəniləcək verginin məbləği:
200 000x6% = 12 000 manat olacaq.

İdman mərc oyunları satıcısı kimi həmin oyunların operatorları tərəfindən verilən komisyon haqqının məbləği 15 000 min manat olmuşdur. Bu zaman ödəniləcək verginin məbləği:
15 000x4% = 600 manat olacaqdır.

Lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, lotereya biletlərinin satıcısı tərəfindən isə lotereya təşkilatçısının ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini AR Vergi Məcəlləsinin maddələrində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına faktiki fəaliyyət göstərilən dövrü əhatə edən bəyannamə təqdim edilməlidir.

Onu da qeyd edək ki, AR Vergi Məcəlləsinin 101.5 maddəsinə əsasən:

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən(Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Yazı sonuncu dəfə 2023-10-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.