e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mənfəət vergisi: Vergitutma obyekti

Mənfəət vergisində vergitutma obyekti müəssisənin rezident və ya qeyri-rezident olmasından, qeyri-rezident olduqda, onun daimi nümayəndəliyinin olmasından və ya olmamasından asılıdır.

Gəlin bu hallara ayrı-ayrılıqda baxaq:

Rezident müəssisələr.

Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa), o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti ilə, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Beləliklə, rezident müəssisə üçün vergitutma obyekti həm Azərbaycan Respublikasındakı, həm də onun hüdudlarından kənardakı mənbələrdən əldə edilmiş mənfəətdir.

Rezident müəssisə bəyannamə təqdim etməklə mənfəət vergisini hesablayır. Vergi ili ərzində əldə olunmuş gəlirlərdən həmin dövr ərzində gəlirlərin əldə olunması ilə bağlı xərclər çıxılmaqla əldə olunmuş mənfəət vergitutma obyektidir.

Mənfəət = vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) - Vergi Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərclər

Misal.

Rezident müəssisə göstərilən xidmətlərə görə il ərzində 90 000 AZN gəlir əldə etmişdir. Gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 75 000 AZN təşkil etmişdir. Belə olduqda, mənfəət vergisi olacaqdır:

Mənfəət = 90 000 AZN - 75 000 AZN = 15 000 AZN

Mənfəət vergisi = 15 000 * 20% = 3 000 AZN

Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir.

Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə.

Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisənin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur.

Daimi nümayəndəlik. AR VM, Maddə 19

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bəyannamə təqdim etməklə mənfəət vergisini hesablayır. Vergi ili ərzində əldə olunmuş gəlirlərdən həmin dövr ərzində gəlirlərin əldə olunması ilə bağlı xərclər çıxılmaqla əldə olunmuş mənfəət vergitutma obyektidir. Vergitutma obyekti - mənfəətdir.

Misal.

Türkiyə şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyinin bank hesabına 100 000 AZN pul köçürmüşdür. Nümayəndəliyin il ərzində işçilərinə ödənilən əmək haqqısı, ofisin icarə haqqısı və s. xərclər 95 000 AZN təşkil etmişdir. Mənfəət vergisi olacaqdır:

Mənfəət = 100 000 - 95 000 = 5 000 AZN

Mənfəət vergisi = 5 000 * 20% = 1 000 AZN

Qeyd: qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı mənfəət vergisinin ödəyicisi olmalı və baş ofis tərəfindən filialın bank hesabına köçürülən məbləğlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxdıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident müəssisə (xərclər çıxılmadan vergi tutulur).

Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur.

Azərbaycan mənbəyindən gəlir, AR VM, Maddə 13.2.16

Belə olduqda, bəyannamə təqdim etməyə ehtiyac yoxdur, çünki, vergi vergi agenti(ödəniş edən) tərəfindən ödəniş edildikdə tutulur, və vergi orqanlarına köçürülür. Vergitutma obyekti - əldə olunan gəlirdir.

Misal. Qeyri-rezident olan "A" müəssisənin Azrəbaycan Respublikasında daimi nümayəndəliyi yoxdur. Müəssisə rezident olan "B" müəssisəninə reklam xidməti göstəmişdir. Xidmətin dəyəri 100 000 AZN təşkil etmişdir. "B" müəssisəsi "A" müəssisəsinə 100 000 AZN köçürdükdə ödəmə mənbəyindən 10% vergi tutmaqla dövlət büdcəsinə köçürəcəkdir, qalan 90 000 AZN isə "A" müəssisənin bank hesabına daxil olacaqdır.

Ödəmə mənbəyindən vergi = 100 000 * 10% = 10 000 AZN

Qeyd: AR Vergi Məcəlləsinin 125.1.5 maddəsinə görə Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərdən — 10 faiz dərəcə ilə vergi tutulur:

Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezident müəssisə əmlak təqdim etməsindən (xərclər çıxılaraq vergi tutulur).

Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bağlı olmayan əmlak təqdim etməsindən təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən həmin gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

Belə olduqda, bəyannamə təqdim edilməlidir. Vergitutma obyekti - mənfəətdir.

Misal.

Türkiyədə qeydiyyatda olan və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan müəssisə 80 000 AZN dəyərində ofis binası almışdır. Lakin, ofis binası həmin ildə 85 000 AZN dəyərində satılmışdır. Belə olduqda, mənfəət vergisi olacaqdır:

Mənfəət = 85 000 - 80 000 = 5 000 AZN

Mənfəət vergisi = 5 000 * 20% = 1 000 AZN

Qeyd edilən halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir və AR Vergi Məcəlləsinin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.

Qeyri-rezidentin Azərbaycan mənbəyindən olan və ödəmə yerində vergi tutulmayan gəlirləri vergi agenti təyin edilmədiyi halda qeyri-rezidentin özü tərəfindən bəyan edilərək gəlir (mənfəət) vergisinə cəlb edilməlidir.

Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan gəlir

Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

İştirak payı və ya səhmlərin təqdim edilməsindən yaranan mənfəət

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə:
faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir.

İştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə:
alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir.

İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Misal.

"AqroMaş" ASC-nin səhmdarlarından birisi ona 5 il məxsus olan 1 əd səhmini 350 000 manata 05.01.2019 tarixində satmışdır.

"AqroMaş" ASC-nin nizamnamə kapitalı 1 000 000 manatdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 200 000 manat olan 5 səhmdən ibarətdir. Bundan başqa, "AqroMaş" ASC-nin 2018-ci ilin sonuna bölüşdürülməmiş mənfəəti 250 000 manat təşkil etmişdir. Səhmin satışından mənfəət vergisini hesablayaq.

İlk öncə müəssisənin xalis aktivləri müəyyən edilməlidir. Xalis aktivlər olacaqdır:

Nizamnamə kapitalı + Bölüşdürülməmiş mənfəət = 1 000 000 + 250 000 = 1 250 000

Bundan sonra xalis aktivlərin səhmlərə mütənasib dəyərini tapaq:

1 250 000 / 5 ədəd = 250 000 manat

Səhm satışından əldə edilən gəlir və mənfəət vergisini hesablayaq:

Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 100 000 manat yuxarı qiymətə satılmışdır (350 000 - 250 000). Belə olduqda, gəlir səhmin faktiki satış dəyəri ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır:

350 000 - 200 000 = 150 000

Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi mənfəət vergisindən azaddır.

Mənfəət vergisi olacaqdır

150 000 * 50% * 20% = 15 000 manat

2- ci variant. Səhmdar ona məxsus səhmi 200 000 manata satmışdır. Belə olduqda, səhm satışından əldə edilən gəlir və mənfəət vergisini hesablayaq:

Səhm xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 50 000 manat aşağı qiymətə satılmışdır (250 000 - 200 000). Belə olduqda, gəlir xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyəri ilə səhmin nominal dəyəri arasındakı fərq kimi hesablanır:

250 000 - 200 000 = 50 000

Səhm səhmdara artıq 5 il məxsus olduğu üçün əldə olunan gəlirlərin 50 faizi mənfəət vergisindən azaddır.

Mənfəət vergisi olacaqdır

50 000 * 20% * 50% = 5 000 manat



Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.