e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşsizlikdən sığorta

İşsizlikdən sığorta – qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

İşsizlikdən sığortanın məqsədi müəssisə və təşkilatların ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işsiz qamış vətəndaşların itirilmiş əməkhaqlarının kompensasiya olunmasıdır.

İşsizlikdən sığortanın iştirakçıları

İşsizlikdən sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.

Sığortaçı - işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Sığortaedənlər - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlərdir:

  • hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri;
  • dövlət orqanları;
  • fiziki şəxslər;
  • seçkili orqanların rəhbərləri.

Sığortaolunanlar - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərdir.

İşsizlikdən sığorta haqqının hesablanması

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

Beləliklə, işsizlikdən sığorta haqqı sığortaolunanın (işçinin) əməkhaqqından hesablanır, işəgötürən tərəfindən işsizlikdən sığorta haqqı isə sığortaolunanın (işçinin) hesablanmış əməyinin ödənişi fondundan - muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Gördüyümüz kimi burada "İşsizlikdən sığorta haqqında" AR Qanununda 2 göstərici qeyd edilir: "işçinin əməkhaqqısı" və "hesablanmış əməyin ödənişi fondu".

AR Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən:

Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

AR Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əməyin ödəniş fondu dedikdə muzdlu işdən əldə edilən gəlirlər nəzərdə tutulur. Buraya əməkhaqqı ilə birlikdə, əməkhaqqının tərkibinə daxil olmayan sosial və kompensasiya xarakterli ödənişlər daxil edilir: işçiyə verilən naharın dəyəri, işçinin yerinə ödənilən təhsil haqqları, işçinin borcunun bağışlanması və s.

İşsizlikdən sığorta haqqında AR Qanunu.

İşsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər.

Aşağıdakı gəlirlər işçilərin işsizlikdən sığorta haqqına cəlb edilmir:

  • Maddə 1.3 Siyasi vəzifə tutan şəxslərin gəlirləri

    (Siyasi vəzifələr 1-ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin birinci müavinlərinin və müavinlərinin, 2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətə qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.)

  • Maddə 2.0.3 AR qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamamış işçilərin gəlirləri (misal üçün, Mülki-hüquq müqaviləsi ilə işləyən işçilər)
  • Maddə 9.0.1 Hesablanmış əməyin ödənişi fonduna daxil olmayan gəlirlər (misal üçün, işçilərə iş yerində verilən qidanın dəyəri, işçinin əvəzinə ödənilən təhsil haqqı və s.)
Misal

Müəssisə ilə əmək müqaviləsi bağlamış işçinin aylıq vəzifə maaşı 1 200 AZN-dir. Bundan başqa, cari ayda işçinin aylıq mükafatı 300 AZN təşkil etmişdir. Eyni zamanda, müəssisə işçisini aylıq dəyəri 100 AZN olan nahar ilə təmin edir.

Belə olduqda işsizlikdən sığorta haqqı aşağıdakı kimi hesablanacaqdır:

İşçinin əmək haqqısından - 1 500 * 0,5% = 7.5 manat;

Müəssisə tərəfindən hesablanmış əməyin ödənişi fondundan – 1 600 * 0,5% = 8 manat.

İşsizlikdən sığorta haqqları üzrə uçot və hesabat

Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən (işəgötürən) tərəfindən hesablanır.

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

İşsizlikdən sığorta haqqı üzrə hesabat “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” tərkibində "İşsizlikdən sığorta haqqında" Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir.

Bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim edilir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ödənilir.

İşsizlikdən sığorta qaydalarını pozmağa görə məsuliyyət

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Yazı sonuncu dəfə 2020-05-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.