e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sadələşdirilmiş vergi: Sabit vergi

Sabit vergi - fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir.

Sabit vergi ödəyiciləri və vergi dərəcələri.

Aşağıdakı cədvəldə fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər sabit vergi ödəyiciləridir. Və sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:

Fəaliyyət növünün adı Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla) + Sosial Sığorta haqqı. Minimum aylıq əməkhaqqının

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

20

5% - 12.50 manat

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

15

5% - 12.50 manat

Çəkməçi, pinəçi

5

3% - 7.50 manat

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

10

3% - 7.50 manat

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər

10

3% - 7.50 manat

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

20

3% - 7.50 manat

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər

20

3% - 7.50 manat

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər

10

3% - 7.50 manat

Yuxarıdakı cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin və sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
  • Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
  • Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
  • digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Misal

Fiziki şəxs Qax şəhərində saat təmiri xidməti göstərir. Belə olduqda, sadələşdirilmiş verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Sabit vergi = 10 (sabit məbləğ) * 0.5 (zona əmsalı) = 5 AZN


Sabit vergi ödəyicilərinin qeydiyyatı.

Sabit verginin ödəyicisi olan fiziki şəxs, əgər vergi orqanında uçota alınmamışdırsa, ilk növbədə qeydiyyatda olduğu ərazinin vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməli və VÖEN almalıdır.

Fiziki şəxs yuxarıda qeyd olunan fəaliyyətə başlayanadək, vergi orqanından "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Həmin qəbz yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" ala bilər

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"in forması AR Vergilər Nazirliyi tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir:

  1. vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
  2. vergi ödəyicisinin VÖEN-i;
  3. qəbzin qüvvədə olma müddəti;
  4. fəaliyyətin həyata keçirildiyi ərazi;
  5. ödənilmiş verginin məbləği;
  6. fəaliyyətin adı.

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisində saxlanılır.

Sabit vergi ödəyiciləri ilə bağlı.

  • qeydiyyatda olduğu yerdən asılı olmayaraq həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün müəyyən edilən vergi məbləğini ödəyirlər;
  • eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləğini ödəyirlər;
  • fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda hər bir fəaliyyət növü üzrə ayrıca qəbz alırlar;
  • nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklar təqdim etməlidirlər;
  • fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilən sabit vergi geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir;
  • bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Sabit vergi ödəyiciləri vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Maliyyə sanksiyaları.

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara 2 və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ciddi hesabat blanklarından istifadə

Sabit verginin ödəyiciləri göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Yazı sonuncu dəfə 2020-06-26 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.