e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi qanunvericiliyinin strukturu

Azərbaycan Respublikasının vergi qanunvericiliyi AR Konstitusiyasından, AR Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının vergiləri yalnız AR Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.

Yalnız AR Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi aktlar vergi qanunvericiliyinə aid edilə bilər, başqa sözlə desək, vergitutmaya aid gəbul edilmiş normativ-hüquqi aktlar AR Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanmalıdır. Vergi qanunvericiliyini tənzimləyən normativ-hüquqi aktın əsası yalnız AR Kanstitusiyası və AR Vergi Məcəlləsi ola bilər.

AR Konstitusiyası və AR Vergi Məcəlləsində nəzərdə tutulmayan verginin ödənilməsi qaydasını və dərəcələrini, vergitutma obyektini tənzimləyən normativ-hüquqi aktların gəbul edilməsi yolverilməzdir. Bu o deməkdir ki, bu yuxarıda qeyd edilən 2 sənəddə nəzərdə tutulmayan vergilər barədə normativ hüquqi aktlar gəbul edilsə də, onların gəbul edildiyi gündən hüquqi qüvvəsi olmayacaq.

AR Vergi Məcəlləsi əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar AR Vergi Məcəlləsinin müddəalarına zidd olmamalıdır.

Beləliklə, Azərbaycan Respublikasının vergi qanunvericiliyi ibarətdir:

  • AR Konstitusiyasından,
  • AR Vergi Məcəlləsindən və
  • AR Konstitusiyası və AR Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından.

Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir. İstisna təşkil edir:

- hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

  1. AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
  2. AR Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;
  3. vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;
  4. büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar;
  5. vergilər üzrə dövlət təminatlarının verilməsi ilə bağlı müddəalar;
  6. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar;
  7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar;
  8. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar.
  9. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən AR Vergi Məcəlləsinin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 2

Yazı sonuncu dəfə 2018-09-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.