e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmlak vergisi: Vergitutma obyektləri

Aşağıdakılar vergitutma obyekti sayılır:

  1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
    Misal.

    Gürcüstanın vətəndaşı olan və Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs Rusiyada yaxta almışdır. Yaxta Rusiyadadır. Belə olduqda, fiziki şəxs ona məxsus yaxtaya görə əmlak vergisini ödəməlidir.

  2. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;

    Əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan AR Vergi Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

    Diqqət!

    Müəssisə öz fəaliyyətini dayandırıb vergi orqanlarına arayış təqdim etsədə, müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və əmlak bəyannaməsini vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

    Eyni zamanda, müəssisə fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr ərzində balansında olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər.

    Lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir. Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

  3. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.
  4. Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.


Yazı sonuncu dəfə 2019-10-31 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.