e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq vergisini kimlər ödəyir

Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq fiziki şəxslər və müəssisələr Azərbaycan Respublikasının ərazisində yerləşən və mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisini ödəməlidirlər.

Torpaq vergisini ödəməli olan şəxslər torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.

Torpaq sahələri daşınmaz əmlak hesab edilir. Torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqları sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikiası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Torpaq icarəyə veriləndə icarəyəverən torpaq vergisi ödəyicisidirsə o, vergi məbləğini icarəçidən almalı və mülkiyyətçi kimi onu müvafiq büdcəyə ödəməlidir. İcarəyəverən torpaq vergisi ödəyicisi deyildirsə, icarəçi torpaq istifadəçisi kimi torpaq vergisini özü ödəməlidir.

Yazı sonuncu dəfə 2019-09-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.