e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mənfəət vergisi: Verginin dərəcələri

Müəssisənin mənfəətindən 20% dərəcə ilə vergi tutulur.

Qeyri-rezidentin daimi nümayəndəliklə bilavasitə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) ödəmə mənbəyində aşağıdakı dərəcələrlə vergi tutulur:

  • divident, faiz gəlirləri -10%;
  • icarə haqqı və royalti (AR Vergi Məcəlləsinin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) – 14%;
  • rezidentin riskin sığortası və ya təkrar sığortası üzrə xidmətlərə görə qeyri-rezidentə ödəmələri – 4%;
  • beynəlxalq rabitə və ya beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən xidmət haqqı – 6%;
  • idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələrdən əldə edilən uduşlar – 10%;
  • güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər (Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir.) – 10%;
  • rezidentlər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba köçürülən pul – 10%;
  • digər gəlirlər – 10%.
AR Vergi Məcəlləsi, 125.5-ci maddə

125.5. Mülki aviasiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən bu fəaliyyətin məqsədləri üçün Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərdən icarəyə və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla) götürülmüş hava gəmisinə və hava gəmisinin mühərrikinə görə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur və həmin gəlir vergiyə cəlb edilmir.

Qeyri-rezidentin daimi nümayəndəliyinin Azərbaycan mənbəyindən alınan gəlirləri üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur.

Beləliklə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Misal

Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada geri qaytarıla bilər.

Yazı sonuncu dəfə 2020-01-03 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.