e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sosial sığorta: Ümumi müddəalar

Sosial sığorta — qanunvericiliklə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta məcburi dövlət sığortasıkönüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta haqqında AR Qanununda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Sosial sığorta hadisəsi

Sosial sığorta hadisəsi - elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:

  • pensiya yaşına çatmaq;
  • əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmaq;
  • ailə başçısını itirmək;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • hamiləlik və doğum;
  • uşağın anadan olması;
  • uşağa qulluq;
  • ölüm;
  • sanatoriya-kurort müalicəsi zərurəti.

Məcburi dövlət sosial sığortası yuxarıda göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir.

Sosial sığorta üzrə ödəmələrin növləri

Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
  • könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • hamiləliyə və doğuma görə müavinət;
  • uşağın anadan olmasına görə birdəfəlik müavinət;
  • qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
  • dəfn üçün müavinət;
  • sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.(əmək pensiyasının minimum məbləği 01.10.2019 tarixindən 200 manat)

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

Sosial sığortanın iştirakçıları

Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.

Sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir.

Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.

Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

  • AR Milli Məclisinin qərarı, AR Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
  • əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər;
  • Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ("qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla);
  • seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
  • prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri;
  • vəkillər kollegiyasının üzvləri;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu

Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müvafiq icra hakimiyyəti orqanı uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir.

Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yazı sonuncu dəfə 2020-06-11 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.