e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün elektron xidmətlər də daxil olmaqla (Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna edilməklə) xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-nə cəlb olunur.

Bu əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Verginin məbləği 18% ƏDV dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs qeyri-rezidentdən xidmət və ya iş gəbul etdikdə vergi agenti sayılır.

Rezident olan vergi agenti qeyri-rezidentdən xidmətlər və işlər gəbul etməmişdən öncə onun ilə müqavilə bağlanılır. Xidmətlərin (işlərin) göstərilməsi (görülməsi) ikitərəfli imzalanan "Təhvil-təslim Akt"-ları, invoyslar və digər sənədlər ilə təsdiqlənir. Bu sənədlər verginin hesablanamsı zamanı ilkin sənədlər kimi istifadə edilə bilər.

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş və ya keçməmiş ola bilər. Hər- bir halda ƏDV-nin hesablanması, bəyan edilməsi və ödənilməsinə nəzər yetirək.

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan ƏDV, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir.

Qeyri-rezident tərəfindən göstərilmiş xidmətlər, görülmüş işlər üçün hesablanıb ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinin bütün tələbləri yerinə yetirildiyi halda əvəzləşdirilə billər, yəni həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.

Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır (yəni, hesablanmış ƏDV-in büdcəyə ödənilməsini təsdiq edən sənəd, misal üçün, ödəniş tapşırığı).

Misal

Azərbaycan Respublikasında nümayəndəliyi olmayan qeyri-rezident müəssisə ƏDV ödəyicisi olan rezident müəssisə olan "A" MMC ilə müqavilə bağlayaraq yanvar ayında 2 500$ dəyərində məsləhət xidmətləri göstərmişdir. Xidmətlərin göstərilməsi təhvil-təslim aktı ilə sənədləşdirilmişdir.

Vergi agenti olan "A" MMC 2 500$ məbləği xarici şirkətin bank hesabına fevral ayında köçürmüşdür.

Belə olduqda, ƏDV ödəyicisi olan agent "A" MMC fevral ayında 450$ (2 500$ * 18%) məbləğinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində ƏDV hesablamalı və büdcəyə ödəməlidir.

Eyni zamanda, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın, yanı feavral ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.

Bundan başqa, AR Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, vergi agenti olan rezident müəssisə "A" MMC qeyri-rezidentə ödədiyi məbləğdən ödəmə mənbəyində 10% gəlir vergisi tutaraq Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində büdcəyə ödəməlidir.

2 500$ * 10% = 250$

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini tutmağa və tutulan vergini qeyri-rezidentə ödəmə verildikdən sonrakı 7 gün ərzində büdcəyə ödəməyə və növbəti ayın 20-dək ƏDV-nin bəyannaməsini verməyə borcludur. Bu əməliyyat vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir və qeyri-rezidentin əvəzindən verginin ödənilməsi vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirməyə əsas vermir.

Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Misal

Azərbaycan Respublikasında nümayəndəliyi olmayan qeyri-rezident müəssisə ƏDV ödəyicisi olmayan rezident müəssisə üçün 2 500$ dəyərində məsləhət xidmətləri göstərmişdir. Rezident müəssisə xarici qeyri-rezident müəssisəyə 16.05.2018-ci il tarixində xidmətlərə görə 2 500$ pul köçürmüşdür. Belə olduqda, rezident müəssisə 23.05.2018 tarixinədək 450$ Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində ƏDV-ni büdcəyə ödəməlidir. Bəyannamə isə iyun ayının 20-kimi təqdim edilməlidir.

Bundan başqa, AR Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, vergi agenti olan rezident müəssisə qeyri-rezidentə ödədiyi məbləğdən ödəmə mənbəyində 10% gəlir vergisi tutaraq Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində büdcəyə ödəməlidir.

2 500$ * 10% = 250$

Elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.

Misal

Azərbaycan vətəndaşı qeyri-rezidentin internet-səhfəsində olan futbol mərc oyununa qoşulur və oyuna 50 manat pul qoymaq üçün yerli banka müraciət edir.

Bank, öz növbəsində, vətəndaşdan 50 manat aldığı zaman, bu məbləğdən ƏDV tutmalı - 7.63 AZN (50*18/118) və büdcəyə ödəməlidir.

Qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verildikdə.

Qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə, əmlakın sahibi olan qeyri-rezidentin icazəsi ilə vergi agenti idxaldan ödənilmiş vergidən ƏDV-nin məbləğinin əvəzləşdirilməsini tələb edə bilər. Bu halda vergi agenti vergi ödəyicisi sayılır və sonradan əmlakı təqdim edərkən (onun ixracı istisna edilməklə) ƏDV-nin ödənilməsi üçün cavabdehdir.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 169

Yazı sonuncu dəfə 2020-01-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.