e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti

Muzdlu əməklə və sahibkarlıq fəaliyyəti ilə bağlı olan gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir.

Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir:

  • muzdlu işlə bağlı olan gəlir - əmək ödənişi;
  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir - sahibkarlıq fəaliyyətindən gəlir.

Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər ödənişlər aiddir.

Sığortaedən əməyin natura formasında ödənişini həyata keçirdikdə, yəni əmək haqqı əvəzinə mallarını, işlərini və xidmətlərini işçiyə (sığortaolunana) verdikdə, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) bazar qiyməti ilə ifadə olunan dəyərinə (məsələn, kənd təsərrüfatı sahələrində işləyənlərə taxıl, meyvə və s. şəklində, tikiş fabrikində işləyənlərə parça şəklində, karamel fabrikində işləyənlərə qənnadı məmulatları şəklində, çörək məmulatları müəssisəsində işləyənlərə çörək şəklində və s. ödənilən məhsulların dəyəri) uyğun hesablanır.

Sığortaedən işçinin (sığortaolunanın) "Sosial sığorta haqqında" AR Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.

Bütün növ icbari və könüllü tibbi sığorta və 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası istisna olmaqla digər sığorta növləri üzrə sığortaedənin sığortaolunanın xeyrinə ödədiyi sığorta haqları ilə sığorta ödənişi arasındakı fərq kimi alınan gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəniş mənbəyindən tutulur.

İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olmaqla əmək ödənişinin və gəlirlərinin bütün növləri üzrə hesablanır.

Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.