e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mənfəət vergisi: Vergi ödəyiciləri

Mənfəət vergisi

Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir.

Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.

Mənfəət vergisi ödəyiciləri

Mənfəət vergisinin ödəyiciləri AR Vergi Məcəlləsinin 103-cü maddəsində sadalanıb:

  1. rezident müəssisələr,
  2. qeyri-rezident müəssisələr,
  3. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları

Qeyd edək ki, AR Vergi Məcəlləsinə əsasən (maddə 13.2.39) Müəssisə aşağıda göstərilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumlara deyilir:

  • Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılan hüquqi şəxslər;
  • xarici dövlətlərin qanunvericiliyi əsasında yaradılan hüquqi şəxslər (korporasıyalar, şirkətlər və s.), həmçinin onların filialları və daimi nümayəndəlikləri;
  • Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılan və sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxslərin filialları və struktur bölmələri. Lakin, qeyd etmək lazımdır ki, onlar müəssisə hesab olunsalarda, mənfəət vergisinin ödəyiciləri deyildirlər. Mənfəət vergisi mərkəzləşdirilmiş qaydada hüquqi şəxsin özü tərəfindən hesablanır və ödənilir.

Hüquqi şəxs — Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyincə, ona mənfəət vergisinin ödəyicisi olan müəssisə kimi baxılır. Qeyd edilməlidir ki, hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

Misal.

Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident şəxs fiziki şəxs statusunda fəaliyyət göstərmədikdə vergi orqanı həmin şəxsə hüquqi şəxs kimi yanaşır və həmin şəxsin gəlirləri mənfəət vergisinə cəlb olunacaqdır.

Lakin, həmin qeyri-rezident Azərbaycandakı fəaliyyətinin birgə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirildiyini sübuta yetirdikdə bu zaman birgə sahibkarlıq fəaliyyətinin iştirakşılarının vergi öhdəliyinin müəyyən olunması üçün, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər

Misal.

Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxs Azərbaycan rezidenti olan fiziki şəxs ilə şifai razılığa gələrək, Azərbaycanda qazlı sular istehsalı ilə bağlı birgə fəaliyyət göstəriblər. Birgə fəaliyyət nəticəsində 55 000 AZN gəlir əldə edilmişdir (gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmadan).

Rəsmi müqavilə bağlanılmadığına görə bu birgə istehsal fəaliyyəti birgə sahibkarlıq fəaliyyəti kimi sübüt oluna bilməz. Nəticədə Gürcüstanda qeydiyyatdan keçmiş müəssisə əldə etdiyi 55 000 AZN gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra, mənfəət vergisinə cəlb etməlidir.

Yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisinin ödəyiciləri hesab edilir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər (büdcə, qeyri-hökümət, qeyri-kommersiya, xeyriyyə təşkilatları) mənfəət vergisi ödəyiciləri hesab edilmir, çünki onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar.

Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılan və sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxslərin filialları və struktur bölmələri müstəgil şəkildə mənfəət vergisinin ödəyiciləri deyildirlər. Mənfəət vergisi mərkəzləşdirilmiş qaydada hüquqi şəxsin özü tərəfindən hesablanır və ödənilir.

Yazı sonuncu dəfə 2020-01-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.