e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bəyannamənin verilməsi və ƏDV-nin ödənilməsi

ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

Vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövri üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və həmin müddətədək vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Vergi tutulan idxal üzrə ƏDV gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır. Gömrük Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, ƏDV üzrə gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.

Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı onun qeydiyyat haqqında ərizəsində göstərildiyi tarixdən keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər

Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır.

Misal.

"A" müəssisəsi cari ayda əldə etdiyi mallara və ona göstərilən xidmətlərə görə nağdsız ödəniş aparmışdır və 20 000 AZN ƏDV əvəzləşdirmə hüququ əldə etmişdir.

Cari ayda "A" müəssisəsi 100 000 AZN (ƏDV-siz) dəyərində xidmətlər göstərmişdir. Bu xidmətlərdən:

  • - 18% ƏDV cəlb edilənlər 40 000 AZN
  • - 0% ƏDV cəlb edilənlər 60 000 AZN

olmuşdur. Beləliklə, cari ayda büdcəyə hesablanmış ƏDV olmuşdur 7 200 AZN, əvəzləşdirilən ƏDV isə olmuşdur 18 000 AZN. Belə olduqda, büdcədən qaytarılmalı olan ƏDV məbləği olacaqdır 10 800 AZN.

Cari ayda "A" müəssisəsinin 0% ƏDV dərəcəsi ilə olan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi olacaqdır (60 000 / 100 000)*100% = 60%

Belə olduqda, vergi ödəyicisinə 10 800 AZN ƏDV məbləği ərizə verildiyi vaxtan 20 gün ərzində qaytarılmalıdır.

Digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.

Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Yazı sonuncu dəfə 2021-01-08 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.