e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq vergisi: Vergi güzəştləri

Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, AR Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə AR Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə, və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar;
Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödəməli olduqları torpaq vergisinin məbləği 10 manat azaldılır:
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
  • Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;
  • I və II qrup müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərlərinin);
  • 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Xüsusi güzəştlər:

AR Prezidentinin qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

AR Prezidentinin qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru sənaye və texnologiyalar parkının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.

AR Prezidentinin müəyyən etdiyi orqan ("Azərbaycan Sənaye Korporasiyası" ASC) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində AR Prezidentinin qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını AR İqtisadiyyat Nazirliyi ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.

Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 207

Yazı sonuncu dəfə 2020-01-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.