e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Fiziki şəxslərin torpaq vergisi

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir.

Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Qeydiyyat.

Bələdiyyə ərazisində yerləşən torpaq sahələrinə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.

Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə, qısamüddətli - on beş ilədək və uzunmüddətli - 15 ildən 99 ilədək müəyyən edilə bilər.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir.

Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur.

Torpaq sahələri daşınmaz əmlak hesab edilir. Torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqları sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikiası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Torpaq icarəyə veriləndə icarəyəverən torpaq vergisi ödəyicisidirsə o, vergi məbləğini icarəçidən almalı və mülkiyyətçi kimi onu müvafiq büdcəyə ödəməlidir. İcarəyəverən torpaq vergisi ödəyicisi deyildirsə, icarəçi torpaq istifadəçisi kimi torpaq vergisini özü ödəməlidir.

Fiziki şəxsin hər bir torpağ sahəsi yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Torpaq vergisinin dərəcələri.

Kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır.

Kənd təsərrüfatı torpaqlarının torpaq vergisini hesablamaq üçün torpaq sahəsinin hər bir hektarını əvvəlcədən müəyyən edilmiş şərti bala vurmaq lazımdır. Şərti bal kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla konkret olaraq müəyyən edilərək torpağın sənədində qeyd edilmişdir.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə AR Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 29 dekabr 2000-ci il tarixli 230 N–li Qərarı ilə müəyyənləşdirilmişdir.

Həmin Qərara əsasən biçənəklər, örüşlər və otlaqlar üçün torpaqlar üzrə şərti bal müvafiq kadastr rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.

Misal

Fiziki şəxsin mülkiyyətində Qazax rayonunda 2-ci keyfiyyət qrupuna aid olan 60 hektar əkin sahəsi və 1-ci keyfiyyət qrupuna aid 50 hektar örüş sahəsi vardır. Fiziki şəxsin torpaq vergisini hesablayaq:

Qazax rayonunda 2-ci keyfiyyət qrupuna aid olan əkin sahəsi altındakı torpaqların 1 hektarının şərti balı 45-dir. 1-ci keyfiyyət qrupuna aid olan örüş sahəsi altındakı torpaqların 1 hektarının şərti balı isə 60-dir.

Əkin sahəsinin torpaq vergisi - 60*45*0.06= 162 AZN

Örüş sahəsinin torpaq vergisi * - 50*60/10*0.06= 18 AZN

*Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir.

Cəmi torpaq vergisi: 162 + 18 = 180 AZN

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Misal.

Qax rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 0.5 hektar torpaq sahəsinə görə torpaq vergisi aşağıdakı kimi hesablanacaqdır:

(5 000/100) * 2 = 100 manat

Kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır:

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar( manatla) Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar(manatla)
10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün 10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün
Bakı 10 20 0.6 1.2
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 8 16 0.5 1
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 4 8 0.3 0.6
Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 2 4 0.1 0.2

Yuxarıdakı cədvəldə göstərilən Abşeron rayonunun qəsəbə və kəndlərinə Xırdalan şəhəri, Qobu, Digah, Güzdək, Aşağı Güzdək, Saray, Hökməli, Ceyranbatan, Mehdiabad qəsəbələri və Masazır, Məmmədli, Novxanı, Goradil, Fatmayı, Pirəkəşkül, Qobustan kəndləri aiddir.

Misal.

Fiziki şəxsin Bakı və Sumqayıt şəhərlərində həyətyanı və bağ sahələrinin tutduğu torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 500 kv.m., Sumqayıt şəhərində isə - 300 kv.m. Fiziki şəxsin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:

0.6 * 500/100 + 0.5 * 300/100 = 4.50 AZN

Torpaq vergisinin hesablanması və ödənilməsi.

Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə "Tədiyə bildirişi" tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır.

Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Torpağın alqı-satqısı üzrə əməliyyatın hansı tarixdə aparılmasından asılı olmayaraq torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi həmin torpağı almış fiziki şəxs tərəfindən ödənilir.

Torpağın alqı-satqısı üzrə əməliyyat 15 avqust və 15 noyabr tarixlərindən sonra aparıldıqda, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərin torpaq vergisi. Azadolmalar və güzəştlər.

Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə, və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

AR Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

AR VM Maddə 102.2

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

Əlavə güzəştlər:

AR Prezidentinin sərəncamına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

Yazı sonuncu dəfə 2019-01-10 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.