e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası

Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın yaşayış sahəsinin hər kvadratmetrinə görə hesablanır.

Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, vergiyə cəlb olunmayan 30 kv.metr yaşayış sahələrinin hər birindən çıxılır.

AR Mənzil Məcəlləsinin 12-ci maddəsinə əsasən

Yaşayış sahəsi - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır.

Misal.

Gəncə şəhərində iki fiziki şəxsə məxsus sahəsi 250 kv.m olan yaşayış binası var. Fiziki şəxslərin binanın mülkiyyətində hər birinin 50% mülkiyyət payı var. Belə olduqda, əmlak vergisi aşağıdakı kimi hesablanacaqdır:

(250 - 30) * 0.3 = 66 AZN

Fiziki şəxslərdən hər biri - 66/2 = 33 manat əmlak vergisi ödəyəcəkdir.

Qeyd: Əmlak vergisi Gəncə şəhər bələdiyyəsi tərəfindən hesablanmalı və vergi ödəyicisinə tədiyyə bildirişi verilməli, və vergi ödəyicisi tərəfindən bələdiyyə büdcəsinə nağdslz qaydada köçürülməlidir.

Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir.

Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.

Bələdiyyə tərəfindən hesablanmış əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə "Tədiyə bildirişi tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır.

Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

DİQQƏT!

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında AR Qanunu"nun 11.4-cü bəndinə əsasən vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.



Yazı sonuncu dəfə 2019-01-17 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.