e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlir vergisindən güzəştlər

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

AR VM Maddə 13.2.34.

Muzdlu iş — əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır.

  1. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
  2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  3. müharibə əlillərinin;
  4. həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
    (*Qeyd: Burada güzəşt İkinci dünya müharibəsi, Qarabağ müharibəsi və digər döyüş əməliyyatlarında həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) və övladlarına şamil edilir);
    Misal
  5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  6. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
    Misal
  7. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Misal

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

  1. həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
    (*Qeyd: Burada güzəşt 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş döyüşçü olmayan digər şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) şamil edilir);
  3. Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
  4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
  5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
    Misal

    Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər

Fiziki şəxsin yuxarıda göstərilən güzəştlərin bir neçəsi üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Aşağıdakılar himayədə olanlara aid edilmirlər:

  • təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
  • dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
  • xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

Misal

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Misal

Qarabağ müharibəsi veteranı 01.09.2018-ci il tarixində işə gəbul olunub. Lakin, Qarabağ mühasibəsi veteranı olduğu barədə sənədləri yalnız 01.01.2019 tarixində müəssisənin kadrlar şöbəsinə təqdim edib. Belə olduqda, sentyabr-dekabr 2018-ci il dövrü üçün ona hesablanan və ödənilən əmək haqqısına güzəştlər tətbiq edilməyəcək.

Güzəşt 01.01.2019 tarixindən sonra işçiyə hesablanan əmək haqqısına tətbiq ediləcək.



Yazı sonuncu dəfə 2019-11-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.