e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlər - tərifi

Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən aşağıdakı aktivləri aid etmək olar:

  • elm, ədəbiyyat və incəsənət əsərləri;
  • ixtira, sənaye nümunələri, bazar haqqında bilik, müştəri siyahısı, faydalı modellər, proqram təminatı və ya məlumat bazaları, kinematoqrafik filmlər, ticarət markaları və əmtəə nişanları(brend və nəşr adları daxil olmaqla), seleksiya nailiyyətləri, inteqral sxemlərin topologiyası, məxfi düstur, istehsal sirləri (nou-hau);
  • torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, françayz, lisenziyalar, inhisar və imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla);
  • şirkətin işgüzar nüfuzu, yəni satın alma qiyməti (bütövlükdə əmlak kompleksi kimi) ilə balansda şirkətin bütün aktiv və öhdəlikləri arasındakı fərq (qudvil).
Bəzi terminlərin tərifi:

Patent– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədi.

İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər.

Faydalı model - qurğuya aid olan texniki həllər.

Sənaye nümunəsi – məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll.

Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

Coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.

Seleksiya nailiyyətləri — seleksiya işi nəticəsində yaradılmış, cəmiyyət üçün faydalı bitki sortları, heyvan cinsləri, onların hibridləri, xəttləri, krossları və klonları.

Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd.

Qeyri-maddi aktivlərin uçotu Qeyri-maddi aktivlər. IAS 38 əsasən aparılır.

Qeyri-maddi aktivlər. IAS 38 əsasən:

Qeyri-maddi aktivlər - fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-monetar aktivlərdir.

Onu da qeyd edək ki, IAS 38 əsasən qeyri-maddi aktiv yalnız və yalnız müəyyən meyara uyğun olduğu halda tanınmalıdır. Qeyri-maddi aktiv aşağıdakı meyarlar əsasında müəyyən edilir:

  1. qeyri-maddi aktivin identifikasiyası (müəyyən edilə bilməsi). Aktiv yalnız aşağıdakı hallarda müəyyən edilə bilmə meyarını ödəyir:
    • aktiv müəssisədən ayrıla, həmçinin fərdi qaydada və ya müqavilə, digər aktiv və (və ya) öhdəliklə bərabər xaricоluna bilər; və ya
    • aktivin istifadəsi üzrə hüqüqların həvalə edilməsi mümkünlüyü və ya оnların müəssisədən və ya digər hüquq və öhdəliklərdən ayrıla bilinməsindən asılı оlmayaraq, aktiv müqavilə və digər hüquqlardan yarana bilər.
  2. müəssisənin qeyri-maddi aktivə (QMA) nəzarət etməsi;
  3. QMA müəssisəyə gələcək iqtisadi səmərənin gətirməsi.

Müəssisənin qeyri-maddi aktivlərə hüququnun olmasını aşağıdakı cədvlədə olan sənədlər təsdiqləyir:

Qeyri-maddi aktiv Sənəd
İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər AR Əqli Mülkiyyət Agentliyinin verdiyi patent (əgər QMA müəssisədə yaradılıbsa). Patentin özgəninkiləşdirilməsi müqaviləsi (əgər müəssisə QMA müstəsna hüquq əldə edibsə)
Proqram təminatına, məlumat bazalarına müstəsna istifadə hüququ QMA istismara hazır olmasını təsdiqləyən akt, və ya bu QMA hüququn qeydiyyatı haqqında şəhadətnamə (əgər QMA müəssisədə yaradılıbsa). QMA əldə ediməsini təsdiqləyən müqavilə və ilkin sənədlər (əgər müəssisə QMA kənardan əldə edibsə)
İnteqral mikrosxemlərin topologiyası AR Əqli Mülkiyyət Agentliyinin verdiyi patent (əgər QMA müəssisədə yaradılıbsa). QMA əldə ediməsini təsdiqləyən müqavilə və ilkin sənədlər (əgər müəssisə QMA kənardan əldə edibsə)
Əmtəə nişanları və coğrafi göstəricilər AR Əqli Mülkiyyət Agentliyinin verdiyi patent (əgər QMA müəssisədə yaradılıbsa). QMA əldə ediməsini təsdiqləyən müqavilə və ilkin sənədlər (əgər müəssisə QMA kənardan əldə edibsə)
Seleksiya nəticələri AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş patent. Patentin özgəninkiləşdirilməsi müqaviləsi (əgər müəssisə QMA müstəsna hüquq əldə edibsə)
Sənaye üsulu ilə su heyvanı və balıqların yetişdirilməsi və ovlanması AR İqtisadiyyat Nazirliyinin verdiyi lisenziya
Rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, peycinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidməti) AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi lisenziya

Nəzərə alın ki aşağıdakılar QMA aid deyildir:

  • müəssisənin yaradılması ilə bağlı təşkilati xərclər;
  • intellektual fəaliyyətin nəticəsini ifadə edən maddi daşıyıcılar (məsələn, kitablar);
  • müəssisə tərəfindən yaradılan (kənardan alınmayan) əmtəə nişanları, markalar, brendlər, dövri nəşrlərin adları və s.
  • müəssisənin özünün yaratdığı qudvil, işçilərinin bilik və bacarıqları və s.

Qeyri-maddi aktivlərə müəssisənin müstəsna hüququ olmayan proqram təminatını da aid etmək olar, əgər müəllif ilə müqavilədə ondan istifadə müddəti qeyd edilməyibsə. Bu cür yanaşma bahalı və müəssisənin tələblərinə uyğunlaşdırılan idarəetmə proqramlarının (misal üçün ERP) alınması zamanı məqsədəuyğundur. Adətən bu proqramların müəssisədə istifadəyə veilməsi uzunmüddətli olur və hissə-hissə həyata keçirilir. Lakin, müəssisənin əldə etdiyi, misal üçün anti-virus proqram təminatına, mühasibatlıq proqramlarına, müəssisənin mülkiyyət hüququ olmadıqda və ya proqramı hazırlayan müəssisə tərəfindən müəssisəyə müstəsna mülkiyyət hüququ verilmədiyində onlara çəkilən xərclər mühasibat və vergi uçotunda gələcək dövrlərin xərcləri kimi tanınmalıdır.

Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərinə) əks etdirilir və istifadə-edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay (bərabər miqdarda) köhnəlmə hesablanaraq məhsulun (xidmətin) dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir. Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə hesablanmır.

Qeyri-maddi aktivlər 101 N-li "Qeyri-maddi aktivlərin dəyəri" hesabında ilkin dəyərlə uçota alınır. Bu dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

  • təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üzrə tərəflərin razılığına əsasən;
  • digər müəssisə və şəxslərdən pulla əldə edilmiş obyektlər üçün bu obyektlərin əldə edilməsi və hazır vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;
  • digər müəssisə və şəxslərdən əvəzsiz alınmış obyektlər üçün müəssisənin daim fəaliyətdə olan qiymətlərinə komissiyanın müəyyən etdiyi dəyərlə.
101 N-li "Qeyri-maddi aktivlərin dəyəri" hesabına aşağıdakı subhesablar açıla bilər:
  • 101-1 "Təcrübə-konstruktor işlərinin dəyəri"
  • 101-2 "Ticarət markalarının dəyəri"
  • 101-3 "Proqram təminatının dəyəri"
  • 101-4 "Patentlərin dəyəri"
  • 101-5 "Müəllif hüquqlarının dəyəri"
  • 101-6 "Lisenziyaların dəyəri"
  • 101-7 "Qudvilin dəyəri"
  • 101-8 "Digər qeyri-maddi aktivlərin dəyəri"

Vergi uçotu

AR Vergi Məcəlləsinin 13.2.9. Maddəsinə görə:

Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.

Bundan başqa, AR Vergi Məcəlləsinin 118-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aiddir.

Qeyri-maddi aktivlərə çəkilən xərclər AR Vergi Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.

Yazı sonuncu dəfə 2019-05-17 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.