e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maddi məsuliyyət

Maddi məsuliyyət mühasibin müəssisəyə qəsdən və ya ehtiyatsızlıqla vurduğu maddi ziyana görə yarana bilər.

Baş mühasib ilə tam maddi məsuliyyət müqaviləsi bağlana bilər. Bu barədə baş mühasib ilə bağlanılan əmək müqaviləsində qeyd olmalıdır, və ya əmək müqaviləsinə əlavədə qeyd edilə bilər. Əgər mühasib ilə müqavilədə tam məsuliyyət barədə heç bir qeyd yoxdursa, o zaman, mühasib işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

Baş mühasib və ya mühasib cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

İşçilər ilə hesablaşmalarda səhvin olmasına görə.

Mühasib müəssisənin işçiləri ilə hesablaşmalara görə məsuliyyət daşıyır, misal üçün əmək haqqlarının hesablanmasına və əmək haqqından tutulmalara görə, təhtəlhesab şəxslər ilə hesablaşmalara görə və s. Hesablamalar zamanı yaranan səhvlərə görə mühasibin maddi məsuliyyəti yaranır.

Əmək haqqının hesablanması və ödənilməsi nəticəsində mühasibatlıq tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq ödənilən məbləğlər işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər.

İşəgötürən səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən 1 ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Bundan başqa, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

İşçidən artıq ödənilən məbləğ tutula bilmədikdə, artıq ödənilən məbləğə görə əmək haqqlarını hesablayan mühasib işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Yox, əgər mühasib ilə tam maddi məsuliyyət müqaviləsi bağlanılıbsa, o zaman, mühasib dəymiş ziyanın tam məbləğinədək maddi məsuliyyət daşıyır.

Yazı sonuncu dəfə 2018-08-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.