e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Birbaşa məsrəflər

Birbaşa məsrəflər məhsulun (xidmətin, işlərin) istehsalı ilə birbaşa bağlıdır. Birbaşa məsrəflərə məhsulun istehsalı ilə bağlı olan xammal və material, əmək haqqı, sosial ödənişlər, amortizasiya və sair xərcləri aid etmək olar.

Xammal və material məsrəfləri

Xammal və material məsrəflərinə aid etmək olar:

  • istehsalatda istifadə edilən xammal və materiallar;
  • satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar;
  • texnoloji məqsədlər üçün istifadə edilən yanacaq, su, elektrik enerjisi
  • kənar müəssisələr və müəssisənin başqa bölmələri tərəfindən görülən istehsal xarakterli iş və xidmətlər;
  • istehsal inventarı, instrumentlər.

Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olan xammal və material məsrəflərindən yaralı tullantıların dəyəri çıxılmalıdır.

İstehsalatda istifadə edilən xammal və materiallar aşağıdakı müxabirləşmə ilə silinir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xammal və materialların silinməsi 202-1 "İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" 201 "Material ehtiyatları" -

Əmək haqqı və sosial ehtiyaclara ayırmalar məsrəfləri

Məhsulun (işlərin, xidmətlərin) istehsalı ilə birbaşa bağlı işçilərin əmk haqqısı birbaşa məsrəflərə aid edilir.

Əsas istehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər aşağıdakı müxabirləşmədə göstərilib:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas istehsalda işləyən işçilərin əmək haqqısının hesablanması 202-2 "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" -

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəssisələr hesablanan əmək haqqı fondunun 22% miqdarında məcburi sığorta ödənişlərini dövlət fondlarına ödəməlidir. Bu məsrəflər aşağıdakı müxabirləşmə ilə məsrəflərə aid edilir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müəssisə hesabına əmək haqqı fondundan hesablanan sosial sığorta məsrəfləri 202-3 "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" -

Amortizasiya məsrəfləri

İstehsal prosesində istifadə edilən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası aşağıdakı müxabirlləşmələr ilə məsrəflərə aid edilir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas istehsal fondlarının amortizasiyasının məsrəflərə silinməsi 202-4 "İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri" 112-1 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya" -
2 Qeyri-maddi aktivlərin amortizasiyasının məsrəflərə silinməsi 202-4 "İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri" 102-1 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya" -

Məhsulun (işlərin, xidmətlərin) istehsalı ilə bağlı olan sair məsrəflər

Məhsulun (işlərin, xidmətlərin) istehsalı ilə bağlı olan bəzi işlər kənar müəssisələr tərəfindən görülə bilər. Bundan başqa, məhsulun (işlərin, xidmətlərin) istehsalı ilə bağlı işçilərin ezamiyyəti tələb olunursa, o zaman, ezamiyyə xərcləri də sair istehsalat xərclərinə aid ediləcəkdir. Bu məsrəflər aşağıdakı müxabirləşmə ilə əks oluna bilər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Kənar müəssisənin gördüyü işlər əsas istehsalat xərclərinə aid edilir 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
2 Əsas istehsalatla bağlı ezamiyyə xərcləri 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 244 "Təhtəlhesab məbləğlər" -

İstehsal edilmiş məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə xammal və materialların saxlanması zamanı təbii əskikgəlmələr və xarabolmadan itkiləri müəyyən edilmiş normalar daxilində aid etmək olar. Bu aşağıdakı müxabirləşmələr ilə əks oluna bilər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sərvətlərin təbii əskikgəlməsi və xarabolmasından itkilər 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 201 "Xammal və materiallar" -

10 saylı Milli Mühasibat Uçotu Standartına əsasən məhslunun (işlərin, xidmətlərin) istehsalı zamanı onun maya dəyərinə qiymətləndirilmiş öhdəliklər aid edilə bilər. Bura zəmanət öhdəlikləri, hüquqi öhdəliklər və s. aid etmək olar. Bu aşağıdakı müxabirləşmələr ilə əks oluna bilər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Zəmanət öhdəliklərinin istehsalat xərclərinə aid edilməsi 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 512 "Qısamüddətli zəmanət öhdəlikləri" -

Müəssisə gələcək hesabat dövrlərinə aid istehsalat xərcləri çəkə bilər (misal üçün, dağ-mədən işləri ilə bağlı təmizləmə, hazırlama işləri və s.). Gələcək dövrlərin xərcləri istehsalat məsrəflərinə aşağıdakı müxabirləşmələr ilə aid ola bilər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Gələcək dövrlərin xərcləri 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 515 "Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər" -

Birbaşa məsrəflərin istehsal olunmuş müxtəlif məhsulların maya dəyərinə bölüşdürülməsi

Birbaşa məsrəflər istehsal edilmiş müxtəlif növ məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə aid edilməlidir. Bu istesal edilmiş hər bir məhsulun maya dəyərinin müəyyən edilməsi üçün lazımdır.

Müəssisə müxtəlif növ məhsul buraxırsa birbaşa məsrəflərin istehsal edilmiş məhsulların maya dəyərinə aid edilməsinə misal ilə baxaq.

Misal.

Müəssisə dəridən çantaların və kəmərlərin istehsalı ilə məşğuldur. Ay ərzində 200 çanta və 500 kəmər hazırlanmışdır. Çantaların istehsalına 10 000 manat, kəmərlərin istehsalına isə 2 500 manat dəyərində material (dəri) sərf edilmişdir.

Müxtəlif məhsulların istehsalı üçün çəkilən xərclər müxtəlif subhesablarda uçota alınır.

202-2.1 "Çanta istehsalında istifadə olunmuş əsas materiallar"
202-2.2 "Kəmər istehsalında istifadə olunmuş əsas materiallar"

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Çanta istehsalına sərf edilən dəri 202-2.1 "Çanta istehsalında istifadə olunmuş əsas materiallar" 201-1.1 "Dəri" 10 000
2 Kəmər istehsalına sərf edilən dəri 202-2.2 "Kəmər istehsalında istifadə olunmuş əsas materiallar" 201-1.1 "Dəri" 2 500
3 Çanta istehsalına sərf edilən işçilərin əmək haqqısı 202-3.1 "Çanta istehsalında sərf edilən işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 2 500
4 Kəmər istehsalına sərf edilən işçilərin əmək haqqısı 202-3.2 "Kəmər istehsalında sərf edilən işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 1 500
5 Çanta istehsalına sərf edilən sosial ödənişlər 202-3.1 "Çanta istehsalında sərf edilən işçi heyətinə məsrəflər" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 550
6 Kəmər istehsalına sərf edilən sosial ödənişlər 202-3.2 "Kəmər istehsalında sərf edilən işçi heyətinə məsrəflər" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 330

Bəzi birbaşa məsrəfləri istehsal edilən məhsullar arasında bölmək mümkün olmur (misal üçün, müxtəlif məhsulların istehsalı ilə məşğul olan işçilərin əmək haqqısı). Belə məsrəflər müəyyən göstəriciyə əsasən proporsional bölüşdürülür.

Birbaşa məsrəflərin istehsal edilən məhsullar arasında proporsional bölüşdürülməsi qaydası müəssisənin uçot siyasətində öz əksini tapmalıdır.

Birbaşa məsrəflərin hazır məhsulun və bitməmiş istehsalın arasında bölüşdürülməsi

Texnoloji proses ilə nəzərdə tutulan bütün istehsalat mərhələlərini keçməmiş məhsul (sifarişçi tərəfindən qəbul edilməyən bitməmiş işlər, xidmətlər) bitməmiş istehsal adlanır. Ona çəkilən məsrəflər isə bitməmiş istehsalın məsrəfləri.

Sənayənin bir çox sahələrində məsrəfləri hazır məhsul və bitməmiş istehsal arasında bölüşdürülməsi mümkün olmur.

Hər ay bitməmiş istehsal qalıqları olan müəssisələrdə hazır məhsullara çəkilən məsrəfləri müəyyən etmək üçün bitməmiş istehsal məsrəflərini hər ay qiymətləndirilir.

Hazır məhsulun maya dəyəri bu cür müəyyən edilir:

Ayın əvvəlinə bitməmiş istehsal qalıqları + Aylıq məsrəflər - Ayın sonuna bitməmiş istehsal qalıqları = Hazır məhsulun maya dəyəri

Bitməmiş istehsalın qalıqları aşağıdakı metodlardan biri ilə qiymətləndirilir.

  • faktiki istehsal dəyəri;
  • normativ istehsal dəyəri;
  • birbaşa məsrəflər maddəsi ilə;
  • istehsalda istifadə edilən xammal, material və yarımfabrikatların dəyəri ilə.

Seçilən bitməmiş istehsalın qalıqlarının qiymətləndirmə metodu müəssisənin uçot siyasətində qeyd edilməlidir.

Əsas istehsal məsrəflərinin silinməsi

Məhsulun istehsalı ilə bağlı olan məsrəflərin silinməsi, hazır məhsulun dəyərinin uçot qaydasından asılıdır

  • normativ maya dəyəri ilə;
  • faktiki istehsal maya dəyəri ilə.

Hazır məhsulun uçot qaydası və istehsal məsrəflərinin silinməsi qaydaları müəssisə tərəfindən müstəqil müəyyən edilir və müəssisənin uçot siyasətində qeyd edilməlidir.

Hazır məhsulun istehsalı ilə bağlı məsrəflər 204 "Hazır məhsul" hesabının debetinə silinir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hazır məhsulun istehsalı ilə bağlı məsrəflərin silinməsi 204 "Hazır məhsul" 202 "İstehsalat məsrəfləri" -


Yazı sonuncu dəfə 2019-02-22 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.