e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hazır məhsul

Hazır məhsul - istehsal prosesinin son nəticəsidir. Bu tam olaraq komplektləşdirilmiş, anbara təhvil verilmiş və satış üçün nəzərdə tutulmuş hazır məhsullardır.

Hazır məhsulun dəyəri onun istehsalı ilə müəyyən edilmiş bütün istehsal məsrəflərini (birbaşa və dolayı məsrəflər daxil olmaqla) əhatə edir. Bu məsrəflərə aid edilə bilər:

  • Materiallar məsrəfləri (istehsalda istifadə edilmiş xammal və materiallar);
  • İstehsal avadanlığının amortizasiyası;
  • İstehsal işçilərinin əmək haqqısı və əmək haqqından sosial-sığorta ayırmaları;
  • Hazır məhsula aid edilə bilən dolayı xərclərin payı.

Ay ərzində çəkilmiş məsrəflərin cəmlənməsindən və bitməmiş istehsalın qalığının qiymətləndirilməsindən sonra istehsal edilmiş məhsulların maya dəyəri hesablana bilər.

İstehsal edilmiş məhsulun faktiki maya dəyəri aşağıdakı kimi hesablanır:

İstehsal edilmiş hazır məhsulun maya dəyəri = Bitməmiş istehsal ayın əvvəlinə + Ay ərzində istehsal xərcləri - Bitməmiş istehsal ayın sonuna

İstehsal edilmiş hər-bir məhsul üzrə bu cür hesablama aparılır. Əgər ay ərzində məhsul istehsal edilməyibsə, ay ərzində çəkilən məsrəflər üstəgəl ayın əvvəlinə bitməmiş istehsalın qalığı ayın sonuna bitməmiş istehsalın qalığına bərabər olacaq.

Hazır məhsul 204 №li "Hazır məhsul" hesabında uçota alınır. Bu hesaba aşağıdakı subhesablar açılır:

  • 204-1 İstehsaldan alınan hazır məhsul;
  • 204-2 Kənd təsərrüfatı məhsullarının yığımı üzrə hazır məhsul.

Hazır məhsulun anbara gəbul edilməsi ilə eyni zamanda müəssisənin müvafiq bölməsinin məsrəfləri silinir. Silinmə üçün əsas təhvil-təslim qaimələri, istehsal cədvəlləri, hazır məhsulun gəbul aktı olur.

Hazır məhsul 204 N-li hesabda aşağıdakı üsullardan biri ilə uçota alınır:

  • faktiki istehsal maya dəyəri ilə;
  • uçot qiymətləri ilə (normativ maya dəyəri)

Seçilən hazır məhsulun uçot qaydası müəssisənin "Uçot siyasətində" əks olunmalıdır.

Hazır məhsulun faktiki maya dəyəri ilə uçotu

Hazır məhsul faktiki istehsal maya dəyəri ilə uçota alındıqda dövr ərzində baş verən bütün məsrəflər aşağıdakı müxabirləşmə ilə silnir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hazır məhsul anbara faktiki maya dəyəri ilə daxil olur 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" -

Misal.

A müəssisəsi elektrik lampaların istehsalı ilə məşğuldur. Hesabat ilinin dekabr ayında elektrik lampaların istehsalının məsrəfləri 28 000 AZN (xammal və material, əmək haqqı, sığorta ayırmaları, amortizasiya və s.) təşkil etmişdir. Elektrik lampaların qablaşdırılmasını köməkçi istehsalat sexi həyata keçirir. Köməkçi istehsasal sexinin məsrəfləri dekabr ayında 2 840 AZN təşkil etmişdir.

Müəssisənin uçot siyasətinə görə hazır məhsul faktiki istehsal maya dəyəri ilə uçota alınır.

Müəssisənin mühasibi bu əməliyyatları aşağıdakı müxabirləşmələr ilə əks etditməlidir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Elektrik lampaların istehsalına əsas istehsalat məsrəfləri əks olunur 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 201, 522, 533, 112 28 000
2 Elektrik lampaların qablaşdırılmasını məsrəfləri əks olunur 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 201, 522, 533, 112 2 840
3 Elektrik lampaların əsas istehsalat məsrəflərinə köməkçi istehsalat məsrəfləri əlavə edilir 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 202-7 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 2 840
4 İstehsal edilmiş məhsulun ambara mədaxili (28 000+ 2 840) 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 30 840

Əgər istehsal edilmiş hazır məhsul digər istehsal prosesində istifadə üçün nəzərdə tutulubsa, o zaman, hazır məhsulun dəyəri 201 "Material ehtiyatları" hesabına silinir

Misal.

Un kombinatı buğdanı emal edib un istehsal edir. Kombinatın hazır məhsulu - undur, və mühasib bu məhsulu 204 "Hazır məhsul" hesabında uçota alır. Bundan başqa, kombinatın çörək sexi var. Çörək sexində istehsal edilən un xammal kimi istifadə edilir. Belə olduqda, çörək sexinə göndərilən un xammal və materiallar hesabında uçota alınacaq.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsal edilmiş məhsulun ambara mədaxili (28 000+ 2 840) 201-1 "Xammal və materiallar" 204 "Hazır məhsul" -

Hazır məhsulun satışı zamanı onun dəyəri 204 -cü hesabının kreditindən 701 "Satışın maya dəyəri üzrə xərclər" hesabının debetinə silinir.

Hazır məhsulun uçot qiymətləri ilə (normativ maya dəyəri) ilə uçotu

Hazır məhsul uçot qiymətləri ilə uçota alındıqda normativ maya dəyəri istifadə edilir.

Normativ maya dəyəri müəssisədə gəbul edilən normativlər əsasında müəyyən edilir.

Hazır məhsul uçot qiymətləri ilə uçota alındıqda normativ və faktiki maya dəyərləri arasında yaranan fərq dövrün sonunda silinməlidir.

Misal.

A şirkəti meyvə cemlərinin istehsalı ilə məşğuldur. Onların istehsalı üçün A şirkəti 15 500 manatlıq meyvə almışdır. Alınan meyvələr istehsala verilərək orada emal edilib, qablaşdırılıb və satış üçün anbara verilmişdir.

Ay ərzində istehsalat işçilərinin əmək haqqısı 6 000 manat, sosial sığorta xərcləri 1 320 manat, istifadə edilən qablaşdırma malları 500 manat təşkil edib.

Müəssisənin uçot siyasətinə görə hazır məhsul uçot qiymətləri (normativ maya dəyəri) ilə uçota alınır.

Nəticədə müəssisənin daxili uçot qiymətləri (normativ maya dəyəri) ilə ay ərzində 23 500 manatlıq cemlər istehsal edilib.

Faktiki maya dəyəri ilə uçot qiymətləri (normativ maya dəyəri) arasındakı fərq 180 manat təşkil edib. Faktiki maya dəyəri normativ maya dəyərindən azdır. Bu fərq ayın sonunda qırmızı storno üsulu ilə 204 "Hazır məhsul" hesabına silnib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Emal edilən meyvələrin dəyəri silinir 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 201-1 "Xammal və materiallar" 15 000
2 İstehsalatda işləyən işçilərin əmək haqqısı hesablanır 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 6 000
3 Hesablanan işçilərin əmək haqqısına görə sosial sıöorta xərcləri 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 1 320
4 Qablaşdırma materiallarının silinməsi 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 201-4 "Tara və tara materialları" 500
5 Hazır məhsul anbara normativ maya dəyəri ilə daxil olur 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 23 500
6 Hazır məhsulun faktiki və normativ maya dəyəri arasında olan fərq silinir (storno) 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" (180)

Vergi uçotu

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər.

Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Yazı sonuncu dəfə 2019-03-26 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.