e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Akkreditiv nədir?

Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə akkreditivlərdən geniş istifadə olunur.

Akkreditiv xidmətinin təsviri

Akkreditiv - Satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində, Alıcının göstərişinə əsasən akkreditivdə qeyd edilən məbləğin Satıcıya ödənişini təmin edən bank xidmətidir.

Beləliklə, akkreditivə əsasən Satıcı tərəfindən göndərilən malın Alıcının mülkiyyətinə keçməsi və digər tələb olunan şərtlərin yerinə yetirilməsi haqqında sənəd təqdim edildikdə Bank (emitent) ödənişin Satıcının hesabına həyata keçirilməsini təmin edir.

Akkreditivin həyata keçməsi prosesi

  1. Alıcı və Satıcı akkreditivin təqdim olunması üçün Banka müraciət edir;
  2. Bankda ödəmənin həyata keçirilməsi üçün xüsusi hesab açılır;
  3. Alıcı müqavilədə göstərilmiş məbləği Bank hesabına köçürür;
  4. Göndərilən malın öz mülkiyyətinə keçməsini təsdiq edən sənədi Alıcı təqdim edir və bundan sonra Bank vəsaiti xüsusi hesabdan Satıcının hesabına köçürür;
  5. Müqavilədə nəzərdə tutulan müddətdə tələb olunan sənədlər təqdim olunmadıqda, Bank vəsaiti xüsusi hesabdan Alıcının hesabına geri qaytarır.

Alıcı və Satıcı üçün üstünlükləri

Alıcı üçün akkreditivin üstünlükləri:

  • Alıcının pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması
  • Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi
  • Göndərilən malın akkreditivdə nəzərdə tutulan müddətdə və digər şərtlərə uyğun qaydada Alıcının mülkiyyətinə keçməsinə

Satıcı üçün akkreditivin üstünlükləri:

  • Alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət (müqavilədə qeyd olunan öhdəliklər tam yerinə yetirildikdə)
  • Malın Alıcıya təhvil verilməsindən əvvəl ödənişin həyata keçirilməsi imkanı
  • Mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsi imkanı

Akkreditivin əsas növləri

Beynəlxalq əməkdaşlıq çərçivəsində çox istifadə olunduğu üçün akkreditiv növlərinin adları həmçinin İngilis dilində göstərilir.

  1. Geri çağırılmayan akkreditiv (Irrevocable LC). Bu akkreditiv növü vəsait alanın (Satıcının) razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməz. Bu akkreditiv Bankın (emitentin) digər tərəf qarşısında qəti öhdəliyini əks etdirir.
  2. Geri çağırıla bilən akkreditiv (Revocable LC). Bu akkreditiv növü vəsaiti alan (Satıcı) ilə əvvəlcədən razılaşdırılmadan müştərinin tapşırığına əsasən Bank (emitent) tərəfindən dəyişdirilə və ya ləğv edilə bilər. Akkreditiv geri çağırıldıqda Bank vəsaiti alanın qarşısında hər-hansı öhdəliklər daşımır.
  3. Rezervli akkreditiv (Stand-by LC). Bank zəmanəti ilə yaxın olan bu akkreditiv növü Satıcı və Alıcı üçün daha sərbəst əməkdaşlıq imkanları yaradır. Satıcı qarşısında Alıcı ödəniş öhdəliklərini təmin edə bilmədikdə Bank tərəfindən akkreditiv icra edilir.
  4. Təsdiq olunmuş akkreditiv (Confirmed LC). Akkreditivi açan Bankın zəmanətinə əlavə olaraq, bu akkreditiv növü Satıcının bankı və ya digər bank tərəfindən təsdiq olunur. Akkreditivi açan Bankın (emitentin) ödənişi etməsindən asılı olmayaraq, akkreditivi təsdiq edən Bank öhdəliklərin icrası üçün məsuliyyət daşıyır.
  5. Təsdiq olunmamış akkreditiv (Unconfirmed LC). Bu akkreditivin ödənişi üçün yalnız akkreditivi açan Bank məsuliyyət daşıyır.
  6. Köçürülə bilən akkreditiv (Transferable LC). Bu akkreditiv növü Satıcıya akkreditivin müəyyən hissəsini digər tərəfə(lərə) köçürmək imkanı verir. Satıcı malı özü tam olaraq istehsal etmədikdə və bəzi hissəsini digər tərəflərdən aldıqda, bu akkreditiv xüsusilə əlverişli olur, belə ki digər tərəflərin xeyrinə bir neçə akkreditivlərin açılmasına ehtiyac yaranmır.
  7. Qarşılıqlı akkreditiv (Back-to-Back LC). Bu akkreditiv növü təminat kimi qəbul edilən birinci akkreditivin əsasında ikinci akkreditivin açılmasını nəzərdə tutur. Malın son Alıcısının sifarişinə əsasən Vasitəçi olan tərəfin xeyrinə akkreditiv açılır və bu akkreditivin əsasında Vasitəçinin sifarişi ilə malın bilavasitə Satıcısının xeyrinə akkreditiv açılır.
  8. Tələbli akkreditiv (Payment at Sight LC). Bu akkreditiv növünə əsasən Satıcı tərəfdən tələb olunan sənədlər düzgün təqdim olunduqda, Bank qısa müddətdə (maksimum 7 gün ərzində) ödənişi həyata keçirir.
  9. Ödəniş vaxtı təxirə salınan akkreditiv (Deffered Payment LC). Bu akkreditiv növünə əsasən ödəniş tələb olunan sənədlər təqdim edildikdə deyil, akkreditivdə nəzərdə tutulan sonrakı vaxtda həyata keçirilir. Bu akkreditiv növü üzrə Satıcının xeyrinə ödəniş bir çox hallarda Alıcı malı aldıqdan sonra həyata keçirilir.
  10. Qırmızı şərtli akkreditiv (Red Clause LC). Satıcıya malı göndərməzdən və tələb olunan sənədləri təqdim etməzdən əvvəl akkreditivin müəyyən hissəsi məbləğində avans ödənişi almağa imkan verir. Bu növ akkreditivin adı erkən vaxtlarda “avans ödənişi” şərtinin sənəddə qırmızı mürəkkəb ilə xüsusi qeyd edilməsi ilə bağlıdır.


Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.