e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin amortizasiyası

Amortizasiya - aktivin dəyərinin istehsal edilən məhsullara (işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir.

Qeyri-maddi aktivlər faydalı istifadə müddətinə əsasən məhdud və ya qeyri-müəyyən faydalı istifadə müddətinə malik olurlar.

Amortizasiya yalnız faydalı istifadə müddəti müəyyən edilə bilən (məhdud) qeyri-maddi aktivlərə şamil edilir. Faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivlər amortizasiya olunmurlar.

Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara aiddir:

  • düzxət metodu,
  • azalan balans metodu və
  • istehsal vahidi metodu.

Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış) gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla müəyyən edilmədikdə, müəssisə düzxət metodunu tətbiq etməlidir

Aktiv kimi tanındıqdan sonra qeyri-maddi aktivlər üzrə müəssisə tərəfindən ilkin dəyər modeli tətbiq edildikdə ilkin dəyərlə uçota alınmış qeyri-maddi aktivlər üzrə amortizasiya hesablanılır. Bu zaman qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya məbləğləri 202, 203, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının debetində və 102 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Hesablanmış amortizasiya məsrəfləri xərcə aid edildikdə 701 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203 №li hesabların müvafiq subhesablarının kreditində, hazır məhsulun maya dəyərinə aid edildikdə isə 204 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Hesablanmış amortizasiya üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Beləliklə, mühasibat uçotunda qeyri-maddi aktivlər faydalı istifadə müddətinə əsasən məhudud və ya qeyri-müəyyən faydalı istifadə müddətinə malik olurlar.

Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərin amortizasiya olunan dəyəri onun faydalı istifadə müddəti üzrə müntəzəm bölüşdürülür. Bu zaman faydalı istifadə müddətinə uyğun olaraq 103, 113, 202, 203, 331, 342, 711, 721, 731 №li hesablarının müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Qeyri-maddi aktivlərin amortizasiya üzrə uçot qiymətləndirmələrində aparılan dəyişikliklərlə əlaqədar olaraq əvvəlki dövrlərdə artıq hesablanmış amortizasiya məbləğinə 102 №li hesabın müvafiq subhesablarının debeti və 342 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərə amortizasiya hesablanılmır.

Müəssisə qeyri-maddi aktivin bərpa dəyərini onun balans dəyəri ilə müqayisə etməklə, faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivin qiymətdən düşməsini hesabat dövrünün sonunda və qeyri-maddi aktivin istənilən an qiymətdən düşmə ehtimalı mövcud olduqda yoxlamalıdır. Qeyri-maddi aktiv qiymətdən düşdükdə, qiymətdəndüşmə məbləğinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Bu zaman amortizasiya olunmayan qeyri-maddi aktivin faydalı istifadə müddətinə yenidən baxılmalıdır.

Qeyri-maddi aktivin faydalı istifadə müddətinin qeyri-müəyyən müddətdən məhdud müddətə dəyişildiyi halda, müəssisə aktivin müəyyənləşdirilən bərpa dəyəri ilə onun balans dəyərini müqayisə edərək aktivin qiymətdən düşməsini yoxlayır və balans dəyərinin bərpa dəyərindən artıq olduğu hər hansı məbləği qiymətdən düşmə zərəri kimi 731 №li hesabın müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirir.

Vergi uçotu

Amortizasiya olunan qeyri-maddi aktivlər üzrə illik amortizasiya normaları AR Vergi Məcəlləsinin 114.3.6. maddəsinə əsasən: istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən edilir.

Misal

Müəssisənin aktivlərində ilkin dəyəri 9 000 manat 3 illik lisenziya və istifadə müddəti qeyri-müəyyən olan proqram təminatı var. Lakin, müəssisə rəhbərliyi bu proqram təminatını ən azı 3 il müddətində istifadə etməyə planlaşdırır. Proqram təminatı cari ildə alınıb, və onun ilkin və balans dəyəri 7 350 manatdır. Vergi Məcəlləsinin 114.3.6-cı madəsinə əsasən proqram təminatının amortizasiyası istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını (10%) ilkin dəyərinə tətbiq etməklə hesablanır. Mənfəət vergisi illik 20%-dir. Müəssisənin cari il üçün mənfəəti olmuşdur 30 000 manat.

İndi isə amortizasiya xərclərinin mühasibat və vergi uçotunda hesablanmasını nəzərdən keçirək.

Mühasibat uçotunda müəssisə ona məxsus qeyri-maddi aktivlərin illik amortizasiyasını bu cür hesablayacaq:

Lisenziya üzrə: 9 000 manat / 3 il = 3 000 manat

Proqramtəminatı üzrə: 7 350 manat / 3 = 2 450 manat

Cəmi mühasibat uçotunda illik amortizasiya xərcləri olacaq: 3 000 + 2 450 = 5 450 manat

Vergi uçotunda müəssisə ona məxsus qeyri-maddi aktivlərin illik amortizasiyasını bu cür hesablayacaq:

Lisenziya üzrə: 9 000 manat / 3 il = 3 000 manat

Proqram təminatı üzrə: 7 350 manat * 10% = 735 manat

Cəmi vergi uçotunda illik amortizasiya xərcləri olacaq: 3 000 + 735 = 3 735 manat



Yazı sonuncu dəfə 2020-04-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.