e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar

Mədaxil qəbzi - NKA tətbiq edilməli olmayan fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını aparılmasında istifadə etdiyi, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Mədaxil qəbzi Forma № 1MQ - ciddi hesabat blankıdır.

Qəbzlərdə aşağıdakı zəruri rekvizitlər əks etdirilməlidir:

  • qəbzlərin sifarişçisi olan fiziki şəxsin adı, soyadı, atasının adı və VÖEN-i, hüquqi şəxsin isə adı və VÖEN-i;
  • qəbzi çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
  • qəbzin adı, seriya və nömrəsi;
  • təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.

Mədaxil qəbzləri ilə nəğd hesablaşmaları kimlər apara bilər.

Nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyət növündən asılıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi məcburi xarakter daşımır. Bu fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını qəbzlər vasitəsilə həyata keçirə bilərlər.

AR Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə görə bu fəaliyyət növləri aşağıdakılardır:

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Bununla belə, qəbz tətbiq edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən könüllü olaraq nağd hesablaşmalar NKA vasitəsilə apara bilərlər.

Kimlər nağd hesablaşmalar apara bilməz

Nağdsız hesablaşmalar haqqında AR Qanununa əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

  • vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
  • "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığortalar haqqında" AR qanunları ilə müəyyən edilmiş ödənişlər;
  • dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
  • stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
  • faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
  • dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
  • təhsil haqlarının ödənilməsi;
  • turagentlərə ödəmələr.


Yazı sonuncu dəfə 2019-02-15 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.