e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Aktiv və öhdəliklərin inventarizasiyası

Aktiv - keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və həmin müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslar olmaqla, müəyyən edilmiş tarixə, onun əmlakının tərkibi və dəyəri barədə maliyyə vəziyyəti haqqında hesabatın maddələrini əks etdirən göstəriciləridir.

Öhdəlik – müəssisənin keçmiş hadisələrdən, o cümlədən bağlanılmış müqavilələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının həmin subyektdən kənara ахını ilə nəticələnən mövcud vəzifəsidir.

Torpaq, tikili və avadanlıqların inventarizasiyası.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan torpaq, tikili və avadanlıqların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları (Əlavə №2);
  • aktivlər üzrə uçot kitabı (Əlavə №3);
  • mühasibat uçotu subyektinin yerləşdiyi torpaq sahəsinə (sahələrinə) dair dövlət qeydiyyatı, mülkiyyət, icarəyə verilmə, istifadəyə ayrılma və texniki sənədləri;
  • torpaq, tikili və avadanlıqların mühasibat uçotu subyekti tərəfindən icarəyə verilməsinə və yaxud məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.

Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:

  • torpaq, tikili və avadanlıqlar;
  • torpaq, tikili və avadanlıqların amortizasiyası;
  • torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması.

Torpaq, tikili və avadanlıqlar inventarizasiya olunarkən komissiya həmin aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, təyinatını, əldə edilməsi tarixini, miqdarını, məbləğini, istismar müddətini və digər xüsusi göstəricilərini qeyd etməlidir.

Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində, icarəsində və istifadəsində olan aktivlərin, həmçinin torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində və yaxud torpaq, tikili və avadanlıqlar üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən torpaq, tikili və avadanlıqlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilməlidir. Məsələn, torpaq sahələri üzrə - mülkiyyətçisi, məqsədli təyinatı və hüquqi rejimi (kateqoriyası), yüklülüyü, tikinti, qurğu, yollar və ya çoxillik əkmələr altında olması; binalar üzrə — təyinatı, əsas tikinti materialı, daxili və ya xarici həcmi, sahəsi (o cümlədən ümumi yararlı sahəsi), mərtəbələrin sayı (o cümlədən zirzəmili və ya yarımzirzəmili), inşa edildiyi il və digər texniki göstəricilər; kanallar üzrə — uzunluğu, dərinliyi və eni (dibi, səthi), qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə — olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə — onların təyinatı, tipi (şosse və digər texniki göstəricilər) uzunluğu, örtük materialı, döşəmənin eni və digər texniki göstəricilər.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Torpaq, tikili və avadanlıqlar yenidən bərpa olunub və rekonstruksiya edilibsə, yenidən quraşdırılması genişləndirilibsə və bunların nəticəsində təyinatını dəyişibsə siyahıda yeni adı və yeni təyinatı göstərilir.

Əsaslı təmir tikinti işlərinin (mərtəbələrdə əlavə tikintilər, yeni otaqların inşası və bu kimi işlər) və yaxud tikililərin və qurğuların qismən ləğv edilməsi hallarının mühasibat uçotunda əks etdirilməməsi komissiya tərəfindən müəyyən edildikdə müvafiq yeni sənədlər əsasında obyektlərin balans dəyərinin artması və ya azalması məbləğləri müəyyən edilməli və siyahıda əks etdirilməlidir.

Maşın, avadanlıq və nəqliyyat vasitələri siyahıda istehsalçı təşkilatın texniki pasportuna əsasən onların zavod nömrəsi, buraxılış ili, təyinatı, gücü və digər texniki göstəriciləri üzrə fərdi qaydada əks etdirilir.

Eyni tipli, eyni qiymətli və eyni vaxtda təşkilatın struktur bölmələrindən birinə mədaxil olunmuş və əmlakın (qiymətlilərin) uçot kartlarında analitik uçotu aparılan təsərrüfat əşyalarının, alətlərin, cihazların və bu kimi aktivlərin siyahıda ümumi miqdarı göstərilməklə adları yazılır.

İnventarizasiya zamanı öz yerlərində olmayan torpaq, tikili və avadanlıqların (uzaq dəniz və su səfərlərində olan gəmilər, hərəkətdə olan dəmir yolu qatarları, avtomobillər, əsaslı təmirə göndərilmiş maşın və avadanlıqlar, məsuliyyətli mühafizəyə və icarəyə verilmiş aktivlər və bu kimi digər torpaq, tikili və avadanlıqların) inventarizasiyası onların müvəqqəti xaricolma müddətləri bitdikdən sonra ayrıca aparılır və rəsmiləşdirilir.

Ehtiyatların inventarizasiyası

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan ehtiyatların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları;
  • aktivlər üzrə uçot kitabı;
  • ehtiyatların məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.

Mühasibat uçotu subyekti tərəfindən ehtiyatların inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:

  • material ehtiyatlarının;
  • məsrəflərin;
  • tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin;
  • hazır məhsulun;
  • malların;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərin;
  • digər ehtiyatların.

Ehtiyatların inventarizasiyası onların yerləşdiyi otaqlarda aparılır.

Ehtiyatlar inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, növünü, qrupunu, miqdarını, məbləğini qeyd etməlidir.

Ehtiyatların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən ehtiyatlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən ehtiyatlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Ehtiyatların (material ehtiyatlarının, hazır məhsulun, malların, satış məqsədi ilə saxlanılan digər aktivlərin və digər ehtiyatların) inventarizasiyası zamanı aşağıdakıları müəyyən etmək lazımdır:

  • Bir maddi-məsul şəxsin öhdəsində olub müxtəlif qapalı otaqlarda saxlanılan ehtiyatların inventarizasiyası ardıcıl olaraq onların saxlanıldığı yerlər üzrə aparılır. Ehtiyatların saxlanıldığı otaqda yoxlama qurtardıqdan sonra həmin otağa giriş qadağan edilir, otağın qapısı qıfıllanır, surquçla, plombla, imzalı kağızla mühafizəsi möhkəmləndirilir (surquçla möhürlənir) və komissiya işini davam etdirmək üçün sonrakı otağa keçir;
  • Komissiya maddi-məsul şəxslərin iştirakı ilə ehtiyatların qalıqlarını məcburi qaydada saymaq, çəkmək və ölçməklə yoxlayır. Maddi-məsul şəxslərin şifahi sözünə görə və yaxud ehtiyatların mövcud qalığını yoxlamadan hər hansı bir məlumatın siyahıya daxil edilməsinə yol verilmir;
  • İnventarizasiya aparılan zaman daxil olan ehtiyatlar maddi-məsul şəxsin və inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə qəbul olunur və inventarizasiyadan sonrakı hesabata daxil edilir;
  • Bu kimi ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı daxil olmuş ehtiyatlar» adı ilə ayrıca göstərilir. Siyahıda daxilolma tarixi, malgöndərənin adı, mədaxil sənədinin tarixi və nömrəsi, ehtiyatların adı, miqdarı, qiyməti və məbləği göstərilir. Eyni zamanda inventarizasiya komissiyası sədrinin (və yaxud onun tapşırığı ilə komissiya üzvünün) imzası ilə mədaxil sənədində siyahının tarixi göstərilməklə «inventarizasiyadan sonra» sözü qeyd edilir;
  • Təşkilatda inventarizasiya uzun müddət davam etdikdə, istifadə üçün tələb olunan ehtiyatlar, qanunvericiliyə uyğun rəsmiləşdirilərək anbardan maddi-məsul şəxslərə inventarizasiya komissiyasının iştirakı ilə buraxılır və inventarizasiyadan sonrakı hesabata daxil edilir;
  • Bu cür ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı buraxılmış ehtiyatlar» adı ilə ayrıca göstərilir. Həmin siyahılar analoji qaydada inventarizasiya zamanı daxil olan ehtiyatlar üzrə də tərtib edilir. İnventarizasiya komissiyası sədrinin və yaxud onun tapşırığı ilə komissiya üzvünün birinin imzası ilə məxaric sənədlərində qeydlər aparılır;
  • Yolda olan, yüklənmiş, lakin alıcılar tərəfindən vaxtında ödənilməyən, başqa təşkilatların anbarında saxlanılan ehtiyatların inventarizasiyası, onların mühasibat uçotunun müvafiq hesablarındakı uçot məlumatlarının məbləğlərinin düzgünlüyünün yoxlanılması ilə həyata keçirilir;
  • İnventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və sair) ehtiyatların məbləği uçot registrlərində yalnız təsdiq edilmiş sənədlərlə göstərilməlidir: yolda olanlar üzrə — malgöndərənlərin hesablaşma sənədləri ilə və yaxud digər əvəzedici sənədlərlə; yüklənmiş mallar üzrə — alıcılar tərəfindən təqdim olunmuş sənədlərin surətləri ilə (ödəniş tapşırığı, veksellər və sair); ödəniş vaxtı keçmiş sənədlər üzrə — bank idarələrinin təsdiq etdiyi öhdəliklərlə; kənar təşkilatların anbarında saxlanılan qiymətlilər üzrə — inventarizasiyanın aparıldığı tarixə yaxın tərtib edilmiş saxlanma izahatnaməsi ilə;
  • İnventarizasiya aparılmamışdan əvvəl hesabların digər qarşılıqlı hesablarla üzləşdirilməsi yoxlanılmalıdır. Məsələn, başqa hesablarda əks olunası ödənilmiş məbləğin ehtiyatlar hesabının müvafiq subhesabında uçota alınıb-alınmaması müəyyən edilməlidir;
  • Alıcılar tərəfindən vaxtında ödənilməyib yolda olan, yüklənmiş və başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinə ayrıca siyahılar tərtib edilir;
  • Yolda olan ehtiyatların siyahısında hər bir sətir üzrə aşağıdakılar ayrıca yazılır: adı, miqdarı və dəyəri, yüklənmə tarixi, həmçinin mühasibat uçotu hesablarında bu aktivlərin uçota alınmasına əsas verən müvafiq sənədlərin (ilkin uçot sənədlərinin, uçot registrlərinin) adı, tarixi və nömrələri;
  • Yüklənmiş və dəyəri alıcılar tərəfindən vaxtında ödənilməmiş ehtiyatların siyahısında hər bir yüklənmiş mallar üzrə alıcıların adı, ehtiyatların adı, məbləği, yüklənmə tarixi, çıxarışın və hesablaşma sənədinin tarixi qeyd edilir;
  • Başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinin siyahısı onların məsuliyyətli mühafizəyə verilməsinə dair təsdiqedici sənədlərin əsasında tərtib edilir. Bu siyahıda ehtiyatların adı, miqdarı, növü, dəyəri (uçot məlumatları üzrə), həmçinin yüklərin mühafizəyə qəbul olunma tarixi, mühafizə yeri, sənədlərin nömrəsi və tarixi göstərilir.
  • Təkrar emal üçün başqa təşkilata verilmiş mal-material qiymətlilərinin siyahısında təkrar emalı həyata keçirən müəssisənin adı, qiymətlinin adı, miqdarı, uçot məlumatları üzrə faktiki dəyəri, ehtiyatların təkrar emala verilmə tarixi, sənədlərin nömrəsi və tarixi göstərilir.
  • Yuyulmağa və təmirə göndərilmiş xüsusi geyimlər, yeməkxana və yataq ləvazimatları və digər yumşaq inventarlar inventarizasiya siyahısında göstərilən xidmətlərin həyata keçirilməsinə dair mövcud olan sənədlər əsasında yazılır.

Məsrəflərin inventarizasıyası zamanı aşağıdakılar müəyyən edilir:

  • Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları əsasında müxtəlif sahələrin istehsalat spesifikasına uyğun xərclərin tərkibinə və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilməklə işçilərin qarşıdakı məzuniyyətlərinin ödənilməsi, mükafatların verilməsi, əsas vəsaitlərin təmiri xərcləri, sənayenin mövsümi sahələrində hazırlıq işləri üzrə istehsal məsrəfləri, kirayə edilmiş əşyaların təmiri üzrə qarşıdakı məsrəflər və sair məqsədlərə görə yaradılmış ehtiyatlar düzgünlüyü və əsaslılığı yoxlanılır;
  • Müəssisədə müəyyən olunmuş normalar üzrə buraxılmış məhsulun faktiki maya dəyərinə daxil edilən, sənayenin mövsümi xarakterli istehsalı ilə əlaqədar istehsalat və idarə xərcləri məbləği faktiki xərclərdən artıq olan hallarda əmələ gəlmiş fərq qarşıdakı xərclərə yaradılmış ehtiyatlara aid edilir. İnventarizasiya komissiyası hesabatların əsaslılığını yoxlayır və lazım olan hallarda xərc normalarının düzəlişi barədə təkliflər verir;
  • Mallar yükləndikcə (yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər) və hesablaşma sənədləri alıcılara (sifarişçilərə) təqdim edildikcə məhsul (işin, xidmətin) satışından daxilolmaların hesablaşma metodunu tətbiq edən təşkilatlarda şübhəli borclar üzrə yaradılmış ehtiyatların inventarizasiyası zamanı müqavilələrlə müəyyən edilmiş, lakin müvafiq zəmanətlərlə təmin olunmayıb vaxtında ödənilməyən məbləğlər yoxlanılır;
  • İnventarizasiya komissiyası müəyyən olunmuş qaydada yaranmış ehtiyatların hesabat ilinin axırına ehtimal olunan bu və ya digər məsrəflərin və itkilərin bağlanmasına yönəldilən hesabat sənədlərinin düzgünlüyünü və əsaslılğını yoxlayır;
  • istehsalatda olan artıq məhsulun (hissə, aqreqat, qovşaq və sair) və hazırlanması (yığılması) qurtarmamış məmulatların faktiki mövcudluğunu;
  • faktiki komplektləşdirilməsi başa çatmamış istehsalın (artıq məhsulun) mövcudluğunu;
  • ləğv olunmuş sifarişlər, həmçinin icrası dayandırılmış sifarişlər üzrə başa çatmamış istehsalın qalığını;
  • İstehsalın spesifikasından və xüsusiyyətindən asılı olaraq inventarizasiya başlamazdan əvvəl sexlərə lazım olmayan materiallar, alınmış hissələr və yarımfabrikatlar, həmçinin hal-hazırki mərhələdə hazırlanması qurtarmış bütün hissələr, aqreqatlar, qovşaqlar və s. anbara təhvil verilir;
  • Başa çatmamış istehsalın artıq məhsullarının yoxlanması faktiki olaraq sayılmaq, çəkilmək və ölçülmək üsulu ilə həyata keçirilir;
  • İşlər tam başa çatandan sonra hər bir ayrı-ayrı struktur bölmələr (sex, sahə) üzrə — məhsulların adlarını, hazırlanma mərhələsini və ya dərəcəsini, miqdarını və ya həcmini; tikinti-quraşdırma işləri üzrə — işlərin həcmini; qurtarmamış obyektlər üzrə — növbəliyini, buraxılış kompleksini, işlərin növlərini göstərməklə siyahılar tərtib edilir.
  • Təkrar emala verilməyən istehsalatda olan xammal, material və alınmış yarımfabrikatlar başa çatmamış istehsalat siyahısına daxil edilmir, onların inventarizasiyası ayrıca aparılır.
  • Zay hissələr (məhsullar) başa çatmamış istehsal siyahısına daxil edilmir və onlar üçün ayrıca siyahı tərtib edilir.
  • Müvafiq sənaye sahələrində eynicinsli olmayan kütlələrin və ya qarışıqların inventarizasiyası həmin sahələrin qəbul olunmuş uçot siyasətinə əsasən həyata keçirilir. Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan əmlakın inventarizasiyası həmin baş (yuxarı) idarəetmə orqanının normativ sənədlərinə (qaydalarına, təlimatlarına və s.) əsasən həyata keçirilir.

Başa çatmamış əsaslı tikinti siyahılarında obyektin adı, bu obyekt üzrə yerinə yetirilmiş işin həcmi, konstruktiv elementlər, avadanlıqlar, hər bir iş növü ayrıca göstərilir və bu zaman aşağıdakıları yoxlamaq lazımdır:

  • başa çatmamış əsaslı tikintinin tərkibində quraşdırılmağa verilmiş, lakin quraşdırılmamış avadanlığın olub-olmamasını;
  • konservasiya olunmuş və tikintisi müvəqqəti dayandırılmış obyektin vəziyyətini;
  • Bu obyektlərin konservasiya olunması üçün əsas amilləri və səbəbləri qismən də olsa aşkar edilməsini;
  • Tikintisi qurtarıb tam və ya qismən istismara verilmiş obyektlərin istismara verilməsinə və qəbuluna dair lazımi rəsmi sənədlər tərtib edilmədiyi hallarda ayrıca siyahı yazılır. Tikintisi qurtarmış, lakin bu və yaxud başqa səbəblərdən istismara verilməmiş obyektlərə də ayrıca siyahı tərtib edilir. Siyahılarda obyektlərin istismara verilməməsinin səbəblərinin izah edilməsi;
  • Tikintisi dayandırılmış obyektlərə, həmçinin tikintisi həyata keçirilməmiş layihə-axtarış işlərinə siyahı tərtib edilərkən tikintinin dayandırılması səbəbləri göstərilməklə tikintinin dəyəri və yerinə yetirilmiş işlərin xarakteri haqqında məlumatlar verilməlidir. Bunun üçün müvafiq texniki sənədlərdən (çertyojlar, smeta, maliyyə-smeta hesablamaları), işlərin təhvilinə dair aktlardan, tikinti obyektində yerinə yetirilmiş işlərin uçotu jurnalından və başqa sənədlərdən istifadə edilməsi;
  • İnventarizasiya komissiyası müəssisə tərəfindən hazırlanmış hesabatlara və uçot siyasətinə uyğun olaraq sənədlə əsaslandırılmış müddət ərzində gələcək dövr xərcləri hesabında əks etdiriləsi istehsalat, yaxud tədavül xərclərinə aid ediləsi məbləğinin müəyyən olunması.

Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan pul vəsaitlərinin və onların ekvivalentlərinin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları;
  • aktivlər üzrə uçot kitabı;
  • pul vəsaitləri və onların ekvivalentlərinin məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.

Mühasibat uçotu subyekti tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:

  • kassada olan pul vəsaitləri;
  • yolda olan pul vəsaitləri;
  • bank hesablaşma hesabları;
  • tələblə əsasən verilən digər bank hesablaşma hesabları;
  • pul vəsaitlərinin ekvivalentləri.

Pul vəsaitləri və onların ekvivalentləri inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.

Pul vəsaitləri və onların ekvivalentlərinin, o cümlədən milli və xarici valyutada olan pul vəsaitlərinin, qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin inventarizasiyası onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir.

Yolda olan pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası kredit təşkilatları və rabitə şöbələrinin çıxarışlarının (qəbzlərinin) bank inkassatorları tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir.

Bank və xəzinə hesablarında və tələblərə əsasən verilən digər bank hesablarında olan pul vəsaitlərinin inventarizasiyası bank və xəzinə çıxarışlarının təşkilatın mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməklə həyata keçirilir.

Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:

  • qiymətli kağızların düzgün sənədləşdirilməsi;
  • balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
  • qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
  • qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.

Qiymətli kağızların inventarizasiyası mühasibat uçotu subyektinin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.

Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır.

Mühasibat uçotu subyektinin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri uçot kitablarına məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.

Depozit qaydada banklara və ixtisaslaşdırılmış təşkilatlara saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir.

Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən pul vəsaitləri və onların ekvivalentləri, komissiya tərəfindən onların xüsusi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitlərinin ekvivalentləri bazar qiymətlərinə uyğun qiymətləndirilir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitləri və onların ekvivalentləri mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Debitor borclarının inventarizasiyası

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan debitor borclarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları;
  • aktivlər üzrə uçot kitabı.

Mühasibat uçotu subyekti tərəfindən debitor borclarının inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:

  • alıcılar və sifarişçilərin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • törəmə (asılı) müəssisələrin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • əsas idarəetmə heyətinin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • icarə üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • tikinti müqavilələri üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • faizlər üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər;
  • digər uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər.

Debitor borcları inventarizasiya olunarkən komissiya bu aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, yaranma tarixini, təyinatını, miqdarını, məbləğini qeyd etməlidir.

İnvestisiyaların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində və yaxud debitor borcları üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən debitor borcları, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.

İnventarizasiya komissiyası sənədli yoxlama üsulu ilə iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etməlidir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən debitor borcları mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Kreditor borclarının inventarizasiyası

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan kreditor borclarının qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

  • əmlakın (qiymətlilərin) uçot kartları;
  • öhdəliklər üzrə uçot kitabı.

Mühasibat uçotu subyekti tərəfindən kreditor borclarının inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:

  • malsatan və podratçılara qısamüddətli və uzunmüddətli kreditor borcları;
  • törəmə (asılı) müəssisələrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
  • əməyin ödənişi üzrə işçi heyətinə olan borclar;
  • dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları;
  • icarə üzrə qısamüddətli kreditor borcları;
  • tikinti müqavilələri üzrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
  • faizlər üzrə qısamüddətli və uzunmüddətli kreditor borcları;
  • digər qısamüddətli və uzunmüddətli kreditor borcları.

Kreditor borclarının inventarizasiya olunarkən komissiya həmin öhdəliklərin sənədlərinə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.

Kreditor borcları inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin həmin öhdəliklərin mövcudluğunu yoxlayır.

Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən kreditor borcları, komissiya tərəfindən onların lazımi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.

Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən kreditor borcları mühasibat uçotu subyektinin balansına daxil etmək məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Yazı sonuncu dəfə 2018-08-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.