e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

NKA alınması və qeydiyyatı

Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. (AR Vergi Məcəlləsi Maddə 13.2.24)

AR Vergi Məcəlləsi Maddə 50.7 əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

Vergi Məcəlləsinin 16.1.8. maddəsinə görə pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını müəyyən edilən meyarlara cavab verən və AR Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər. Lakin, aşağıda qeyd edilən bəzi fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nəğd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmaqdan azaddırlar.

  1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
  2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
  3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
  4. qiymətli kağızların və lotereya biletlərinin satışı;
  5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Nəzarət-kassa aparatının qeydiyyata alınması.

Nəzarət-kassa aparatının qeydiyyata alınması üçün vergi ödəyicisi tərəfindən ərazi üzrə vergi orqanına müvafiq ərizə ("Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə") verilməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə olunmalıdır:

  • Nəzarət-kassa aparatının texniki pasportu;
  • Servis texniki xidmət mərkəzinin nəzarət-kassa aparatının quraşdırılması barədə aktı;
  • Ərizənin təqdim olunma tarixinə nəzarət-kassa aparatının fiksal yaddaşının göstəricisini əks etdirən çek;
  • Mövcud qanunvericilikdə pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində onların quraşdırılması barədə sənəd;
  • Elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı nəzarət-kassa aparatları üzrə servis taxniki xidmət mərkəzinin elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə barədə "Z" hesabatının surəti əlavə olunmalıdır;
  • Nəzarət-kassa aparatının texniki kitabı və nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı.

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  1. vergi ödəyicisinin adı;
  2. VÖEN-i;
  3. çekin vurulmasının tarixi və saatı;
  4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
  9. malın sürətli məlumat kodu (Quick Response Code).


Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.