e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İstehsalatda zay

İstehsalat prosesində hər zaman zay məhsullar nəzərdə tutulur.

İstehsalatda zay - müəyyən edilmiş keyfiyyət standartlarına, texniki şərtlərə və sair normativ-texniki sənədlərdə olan tələblərə cavab vermiyən hazır məhsuldur.

Zay məhsulun aşkar edilməsi yerindən asılı olaraq zay:

  • daxili (müştəriyə göndərilmədən müəssisədə aşkar edilmiş zay)
  • kənar (müştəri tərəfindən aşkar edilmiş zay) ola bilər.
Kənar zayın dəyəri istehsal dəyərindən, nəqliyyat və satış məsrəflərindən ibarətdir.

Zayın xarakterindən asılı olaraq zay:

  • düzəldilməsi mümkün olan
  • düzəldilməsi mümkün olmayan ola bilər.
Zaydan olan itkilər məhsulun maya dəyərinin formalaşması zamanı sair xərclər kimi uçota alınır.

Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən "Zay məhsullara dair akt" (Forma N ZMDA-1) tərtib edilir.

Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar "Zay məhsulların təhvil-qəbul aktı" (Forma № ZMTQA-1) ilə anbarın məsul şəxsinə verilir.

Hazır məhsulların zay olması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

Malların zay olması fövqəladə hallar nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" (Forma N FİƏM-1) tərtib olunur.

İstehsalat həcmi böyükdürsə və proseslər qəlizdirsə bu zay məhsulun ümumi istehsala olan faiz nisbəti daha çox olur. İstehsal rəhbərləri və HR menecerlər daima bu zay məhsul miqdarının azaldılması üçün müxtəlif planlar hazırlayır və tədbirlər görürlər. Məhsulun zay olmasının aşağıdakı səbəbləri ola bilər :

  • - İstehsalatda istifadə olunan xammadə və materialın zay olması və bu şəkildə istehsalata buraxılması. Bu halda, məsuliyyəti təchizat, logistika, anbar, keyfiyyət funksiyaları daşımalıdır. Ən böyük məsuliyyət isə keyfiyyətin üzərinə düşür. Belə ki, istehsalata girən və istehsalatdan çıxan bütün malların keyfiyyətinə bu bölmə tərəfindən ciddi nəzarət aparılmalıdır.
  • - Avadanlıqların səbəb olduğu zay məhsular. Avadanlığın xarab olması səbəbi ilə, məhsulların istehsalatında, qablaşdırılmasında müxtəlif fiziki vəya kimyəvi təxribatlar və defektlər yarana bilər. Bu halda məsuliyyət ən çox texniki heyətin üzərinə düşür. Təbii ki, avadanlığı istifadə edən işçi də problemlə bağlı vaxtında lazımi şəxslərə məlumat verməli və lazımi tədbirləri görməlidir.
  • - Avadanlığı istifadə edən işçinin səbəb olduğu zay məhsullar. Ümumiyyətlə, bu cür problemlərə daha çox rast gəlinir. İşçinin yorğunluğu, təcrübəsizliyi, həvəssizliyi, bacarıqsızlığı vəya pis niyyəti məhsulların zay olmasına gətirib çıxarda bilər. Bu mövzu üzərində ciddi dayanılmalı və bacarıldığı qədər zay məhsul nisbətinin azaldılmasına səy göstərilməlidir.

İstehsalatda zay məhsulların uçotu üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarında xüsusi hesab nəzərdə tutulmasada, hesablar planında olan 207 "Digər ehtiyatlar" hesabına 207.1 "İstehsalatda zay" subhesab açmaq ilə istifadə etmək olar.

Hesabın debeti üzrə müəyyən edilən daxili və kənar zay üzrə məsrəflər toplanır. Hesabda həm düzəldilməsi mümkün olmayan zay məhsulların dəyəri, həm də düzəldilməsi mümkün olan zay məhsulların düzəldilməsi üçün çəkilən məsrəflər qeyd edilir.

Hesabın krediti üzrə zay məhsullardan yaranan itkiləri azaldan məbləğlər əks olunacaq: sonradan istifadə edilə bilən zay məhsulun dəyəri, zay məhsulun səbəbkarlarının əmək haqqlarından tutulan məbləğlər, zay məhsuldan yaranan itkilərin əks olunması.

207.1 "İstehsalatda zay" hesabı üzrə analitik uçot məhsulların növləri, səbəblər və təqsirkar şəxslər üzrə aparıla bilər.

İstehsalatda yaranan zay üzrə müxabirləşmələr aşağıdakı kimi aparıla bilər:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsalatda müəyyən edilmiş zay məhsul, anbara daxil edilir 207.1 "İstehsalatda zay" 202 "İstehsalat məsrəfləri" -
2 Zay məhsulun düzəldilməsi üçün çəkilən material məsrəfləri 207.1 "İstehsalatda zay" 201 "Material ehtiyatları" -
3 Zay məhsulun düzəldilməsi üçün çəkilən əmək haqqı məsrəfləri 207.1 "İstehsalatda zay" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" -
4 Zay məhsulun düzəldilməsi üçün digər müəssisələrin xidmətləri 207.1 "İstehsalatda zay" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" -
5 Zay məhsuldan yaranan istifadəyə yararlı materialların anbara daxil olması 201 "Material ehtiyatları" 207.1 "İstehsalatda zay" -
6 Zay məhsuldan yaranan zərər təqsirkar şəxslərin əmək haqqlarından tutulur 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 207.1 "İstehsalatda zay" -
7 Zay məhsuldan yaranan zərər istehsalat məsrəflərinə silinir 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 207.1 "İstehsalatda zay" -

Vergi uçotu

İstehsal zamanı zay məhsullardan yaranan zərər mühasibat uçotunda müəssisənin məsrəflərinə aid edilə bilər, lakin, vergi uçotunda bu tip məsrəflər əsaslandırılmalıdır.

Belə ki, AR Vergi Məcəlləsinin 108-cü maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Nəticədə zay məhsula çəkilən xərlcər istehsal edilən məhsula çəkilən xərclər olmadığından onu vergi uçotunda xərclərə aid etmək olmaz. Və bu cür zərər müəssisənin xalis mənfəəti hesabına, və ya təqsirkar şəxslərin hesabına silinməlidir.

Eyni zamanda, İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 7.3-cü bəndinə görə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Ola bilsin ki, istehsalın xüsusiyyətlərindən asılı olaraq, orada daim müyyən faiz zay məhsul yarana bilər.

Qeyd etmək lazımdır ki, istehsal prosesi zamanı təbii itki normalarının müəyyən edilməsi xüsusi bilik və bacarıq tələb edir, və zay məhsulun yaranması texnoliji olaraq əsaslandırılmalıdır ki, onu xərclərə aid etmək mümkün olsun.

Bundan başqa, ƏDV ödəyicisi olan isehsalçı zay məhsullara çəkilən material məsrəflərinin dəyərini ƏDV-nə cəlb etməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən:

AR Vergi Məcəlləsi, Maddə 159.5

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Beləliklə, maddədən də göründüyü kimi, istehsalatda yaranan zay məhsul və ya hər-hansı xarab olan məhsul yalnız fövqəladə hallar (yanğın, sel və s.) olduğu zaman yaranıbsa ƏDV cəlb edilmir, digər hallarda isə cəlb edilməlidir.

Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.