e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların uzumüddətli icarəyə götürülməsi

Maliyyə icarəsi (lizinq) – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Maliyyə icarəsinin оbyekti icarəçinin balansına keçir. Оbyektin icarəçiyə verilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir.

İcarəçi mülkiyyət sahibi kimi icarəyə götürdüyü tikili və avadanlıqlara görə köhnəlmə hesablayır və tikili və avadanlıqları təmir edir.

İcarəyə verilmiş torpaq, tikili və avadanlıqlar müqavilənin şərtlərindən asılı olaraq icarədarın balansından çıxa da bilər, qala da bilər.

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə onun ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 111 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı xərclər 111 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir. Torpaq, tikili və avadanlıqların ədalətli dəyəri adətən bazar məlumatlarına əsaslanan dəlillərdən istifadə edilərək qiymətqoyma üzrə peşəkar mütəxəssislər tərəfindən müəyyən edilir.

Hər ay icarəçi icarə haqqını hesablayır. Maliyyə icarəsi üzrə qısamüddətli öhdəliklərə görə ödənişlər həyata keçirildikdə əsas məbləğə 535 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti, faiz məbləğinə 537 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi ilə əldə edilmiş aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 751-3 №li subhesabın debeti və 537 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi üzrə faiz xərcləri məbləğinə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi, icarəçi üçün isə kapital qoyuluşları kimi əks olunur.

Misal.

A müəssisəsi B müəssisəsinə 100 000 dəyərində 3 il müddətinə maliyyə icarəsi müqaviləsi ilə avadanlıq verib. Müqaviləyə əsasən avadanlığın qiyməti 70 000 manatdır, faiz məbləği 30 000 manat təşkil edir. B müəssisəsi 3 il ərzində bərabər hissələr ilə bu borcu ödəməlidir.

Müxabirləşmələr aşağıdakı kimi olacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Uzunmüddətli maliyyə icarəsinə götürülmüş avadanlıq müəssisənin balansına daxil olmuşdur 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" 70 000
2 Alınmış maliyyə icarəsinə görə faizin xərcləri 191 "Gələcək hesabat dövrlərinin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 30 000
3 Alınmış maliyyə icarəsinə görə cari ilin faiz xərclərinin hesablanmsı 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 10 000
4 Alınmış maliyyə icarəsinə görə cari ilin faiz xərclərinin hesablanmsı 751-3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" 191 "Gələcək hesabat dövrlərinin xərcləri" 10 000
5 Alınmış maliyyə icarəsinə görə illik icarı haqqının hesablanmsı 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" 23 333
6 İcarə haqqının ödənilməsi 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 23 333
7 Malityyə icarəsi üzrə faizin ödənilməsi 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000

Vergi uçotu

AR Vergi Məcəlləsinə əsasən maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. Bundan başqa, vergi uçotuna əsasən icarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Bundan başqa, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

  • lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
  • icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
  • icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
  • icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
  • icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Əgər icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdırsa, lakin, aktivin istifadə olunması müddətinin 3/4-ü qurtarlbsa, o zaman, ondan sonra başlanan icarə maliyyə icarəsi hesab edilmir.

Maliyyə lizinqi müqaviləsində ssuda ödəmələri üzrə faiz dərəcəsi göstərilmədikdə və ya maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, habelə qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür

İcarəçinin icarəni təzələmək hüququna malik olduğu əlavə müddət icarə müddətinə daxildir.

DİQQƏT!!!

AR Vergi Məcəlləsinin 140.6 maddəsinə görə:

İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsindən əldə olunan gəlirdən Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisini ödəməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq, mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir

Bundan başqa, əgər lizinq verən ƏDV ödəyicisidirsə və ya ƏDV qeydiyyatından keçməlidirsə, bu əməliyyat müvafiq olaraq ƏDV-nə də cəlb ediləcəkdir.

Bu səbəbdən, üçtərəfli müqavilə bağlandıqda, və müqavilə bağlandıdan sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə keçdikdə, bu əməliyyatda alqı-satqı elementi olmayacaq, və müvafiq olaraq mənfəət və ƏDV cəlb edilməyəcək.

AR Vergi Məcəlləsinin 140.1 maddəsinə əsasən:

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslərfərdi sahibkarlar çıxış edirlər.

Beləliklə, lizinq müqaviləsi fərdi sahibkar olmayan fiziki şəxs (sadə vətəndaş) ilə bağlanıla bilməz.



Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.