e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Digər müəssisə və şəxslərdən pulla alınması

Müəssisə tərəfindən alınan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilir.

Torpaq, tikili və avadanlıqlar. IAS 16

İlkin dəyər – Torpaq, tikili və avadanlıqların alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, ümumi sərf edilən məsrəflərdən, aktivdən mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflərdən, obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədi ilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmindən ibarətdir.

Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:

  1. alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla ümumi sərf edilən məsrəflər;
  2. aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər.
  3. obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.

Torpaq, tikili və avadanlıqlar üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:

  • bilavasitə torpaq, tikili və avadanlıq obyektlərinin əldə olunması və inşa edilməsi üzrə işçilərin mükafatlandırılması;
  • ərazinin hazırlanması üzrə məsrəflər;
  • çatdırılma və boşaldılma məsrəfləri;
  • inşa edilmə və montaj məsrəfləri;
  • yerləşdiyi əraziyə və istismara hazır vəziyyətə gətirilməsi zamanı istehsal olunan hər hansı obyektlərin satışından əldə olunan xalis mədaxilin çıxılması şərti ilə, bu obyektin düzgün işləyib-işləməməsini yoxlamaq məqsədi ilə sınaq əməliyyatları üzrə məsrəflər;
  • peşəkar xidmətlərə görə mükafatlar və bu kimi digər məsrəflər.

Torpaq, tikili və avadanlıqlar alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:

  • Torpaq, tikili və avadanlıqların dəyərinə 113 №li hesabın müvafiq subhesablarının debeti və 244, 431, 432, 433, 435, 521, 523, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 244, 431, 432, 433, 435, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqlar üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • həmin aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 113 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.
AR Mülki Məcəlləsi

Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi

646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri

Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi

648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

.....



Yazı sonuncu dəfə 2020-02-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.