e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İnzibati məsuliyyət

"Mühasibat uçotu haqqında" AR Qanunun 16-cı maddəsinə əsasən:

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər AR İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İnzibati məsuliyyətə Baş mühasiblər AR İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələri ilə cəlb edilə bilərlər:

Maddə 460. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

Az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə -

inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu maddədə "az miqdar" dedikdə, 20 000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması

461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər 50 manat məbləğində cərimə edilir.

461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə -

fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə edilir.

461.2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər 50 manat məbləğində cərimə edilir.

Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -

- vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

462.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə -

- vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə -

- vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.”.

* Qeyd: AR İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Belə ki, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi mərhələli şəkildə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətlərə və ardıcıllığa uyğun olaraq həyata keçirilir.

Maddə 464. Məcburi auditdən yayınma

"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

İnzibati məsuliyyətə müəssisənin günahkar vəzifəli şəxsləri cəlb edilir - Müəssisə rəhbəri və ya Baş mühasib. Məsuliyyətə onlar, inzibati xətanın kim tərəfindən törədildiyindən asılı olaraq birliktə, və ya ayrı-ayrı cəlb edilə bilərlər.

Yazı sonuncu dəfə 2019-06-18 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.