e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların daxil olması

Müəssisəyə daxil olan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilməlidir.

Müəssisəyə Torpaq, tikili və avadanlıqlar aşağıdakı mənbələrdən daxil ola bilər:

Torpaq, tikili və avadanlıqlar daxil olan zaman "Təhvil-təslim aktı" tərtib edilir. Quraşdırılması tələb olunan tikili və avadanlıqlar üçün quraşdırmaya gəbul aktı tərtib edilir, bu akta avadanlığın xüsusi sənədləri əlavə edilir. Quraşdırma bitdikdən sonra tikili və avadanlıqlar təhvil-təslim aktı ilə mədaxil olunur.

Daxil olmuş tikili və avadanlıqlar müəssisənin anbarında da qala bilər, istifadə üçün istismara da verilə bilər. Tikili və avadanlıqların istismara verilməsi "Əsas vəsaitlərin istismara verilməsi AKT"-ı ilə sənədləşdirilir.

Yeni tikilmiş və istifadəyə verilən tikililərin isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə tikili kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur.

Uçota gəbul olunmuş tikili və avadanlıqlar üçün inventar kart tərtib edilir. İnventar kartları müəssisədə tikili və avadanlıqların obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış "Torpaq, tikili və avadanlıqların uçotu üzrə jurnalda" əks olunur. Torpaq, tikili və avadanlıqların müəssisədən çıxarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış Torpaq, tikili və avadanlıqların qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda Torpaq, tikili və avadanlıqların olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.

Təsisçilərdən pay qoyuluşu şəklində daxil olması.

Torpaq, tikili və avadanlıqlar təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 50 000
2 Nizamnamə kapitalında qeyd edilən əmlakın daxil olması. 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 50 000

Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşa(istehsal) edilməsi .

Torpaq, tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması zamanı 113 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Tikili və avadanlıqların yaradılması zamanı istifadə edilən materiallar. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 201 "Material ehtiyatları" 20 000
2 Tikili və avadanlıqların yaradılması zamanı hesablanan işçilərin əmək haqqısı. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 30 000
3 Tikili və avadanlıqların yaradılması zamanı əmək haqqı məsrəflərinə hesablanan sosial sığorta öhdəlikləri. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 6 600
4 Tikili və avadanlıqların yaradılması zamanı müəssisəyə məxsus istifadə edilən avadanlıqların amortizasiyası hesablanır. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 5 400

Digər müəssisə və şəxslərdən pulla alınması.

Müəssisə tərəfindən alınan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilir.

Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:

  1. alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla ümumi sərf edilən məsrəflər;
  2. aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər.
  3. obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.

Torpaq, tikili və avadanlıqlar üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:

  • bilavasitə torpaq, tikili və avadanlıq obyektlərinin əldə olunması və inşa edilməsi üzrə işçilərin mükafatlandırılması;
  • ərazinin hazırlanması üzrə məsrəflər;
  • çatdırılma və boşaldılma məsrəfləri;
  • inşa edilmə və montaj məsrəfləri;
  • yerləşdiyi əraziyə və istismara hazır vəziyyətə gətirilməsi zamanı istehsal olunan hər hansı obyektlərin satışından əldə olunan xalis mədaxilin çıxılması şərti ilə, bu obyektin düzgün işləyib-işləməməsini yoxlamaq məqsədi ilə sınaq əməliyyatları üzrə məsrəflər;
  • peşəkar xidmətlərə görə mükafatlar və bu kimi digər məsrəflər.

Torpaq, tikili və avadanlıqlar alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:

  • Torpaq, tikili və avadanlıqların dəyərinə 113 №li hesabın müvafiq subhesablarının debeti və 244, 431, 432, 433, 435, 521, 523, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 244, 431, 432, 433, 435, 531, 532, 536, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqlar üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • həmin aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 113 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.
AR Mülki Məcəlləsi

Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi

646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri

Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi

648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

.....

Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olması.

Əvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur. Bazar qiymətinin müəyyən edilməsi peşakar qiymətləndiricilər tərəfindən həyata keçirilir.

Əvəzsiz əldə edilmiş torpaq, tikili və avadanlıqlara görə gəlirlər 611 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Hökümət subsidiyaları hesabına alınması.

Torpaq, tikili və avadanlıqlar hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alındıqda mühasibat uçotu subyekti həmin torpaq, tikili və avadanlıqları ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti həmin aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda mühasibat uçotu subyekti aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır.

Uzumüddətli icarəyə götürülməsi (lizinq).

Maliyyə icarəsi (lizinq) – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Maliyyə icarəsinin оbyеkti icarəçinin balansına keçir. Оbyеktin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir.

İcarəçi mülkiyyət sahibi kimi icarəyə götürdüyü tikili və avadanlıqlara görə köhnəlmə hеsablayır və tikili və avadanlıqları təmir edir.

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə onun ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 111 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı xərclər 111 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Hər ay icarəçi icarə haqqını hesablayır. Maliyyə icarəsi üzrə qısamüddətli öhdəliklərə görə ödənişlər həyata keçirildikdə əsas məbləğə 535 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti, faiz məbləğinə 537 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi ilə əldə edilmiş aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 751-3 №li subhesabın debeti və 537 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi üzrə faiz xərcləri məbləğinə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Digər aktiv və ya xidmət ilə mübadilə edildikdə.

Dəyişmə müqaviləsi əsasında alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri dəyişdirilən aktivlərin dəyəri ilə ölçülür. Dəyişdirilən aktivlərin dəyərini müəyyən etmək mümkün olmadıqda, ilkin dəyər analoji əsas vəsaitlərin həmin dövrdə alınmasına çəkilən xərclər ilə müəyyən edilir.

Bir və ya bir neçə adda torpaq, tikili və avadanlıqlar qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alındıqda, aşağıdakı hallar istisna olmaqla belə torpaq, tikili və avadanlıqların ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:

  1. mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda;
  2. alınmış (və ya verilmiş) aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.
Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlığın ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş torpaq, tikili və avadanlığın dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir.

Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:

  • mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqların mühasibat uçotunda əks etdirilməsi üçün 113 №li hesabın müvafiq subhesablarının debeti və 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlar üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • mübadilə edilmiş aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 113 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlar üzrə digər məsrəflər yarandıqda 113 №li hesabın müvafiq subhesablarının debeti və 435, 521, 523, 538, 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqların mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərin dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • əldə edilmiş torpaq, tikili və avadanlıqların mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlar üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş aktivlərin dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği və qiymətdən düşmə zərərləri olduğu hallarda həmin məbləğlər mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.


Yazı sonuncu dəfə 2020-02-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.