e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların satılması

Müəssisə torpaq, tikili və avadanlıqları satmaq qərarına gəldikdə onlar müəssisənin balansında "Satış məqsədi ilə saxlanılan aktivlər" hesabında uçota alınırlar. Bu zaman, 206 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Satış məqsədi ilə saxlanılan torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclər 731 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlər 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Təqdim edilmiş aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Satılmış torpaq, tikili və avadanlıqlara görə gəlirlər 611 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Satılmış torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Torpaq, tikili və avadanlıqların satılması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - ilkin dəyəri silnir 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
2 Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" -
3 Torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclərin əks olunması 731 "Sair əməliyyat xərcləri" 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" -
4 Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlərin əks olunması 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" -
5 Satılmış tikili və avadanlıqlar üzrə hesablanmış gəlirlərdən ƏDV hesablanması 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521 "Vergi öhdəlikləri" -

Vergi uçotu

TTA satışı zamanı vergi uçotunda əsas diqqət yetiriləsi məsələlər onların satış qiymətlərinin və müəssisənin balansındakı qalıq dəyərləri arasındakı fərq və bu səbəbdən də satışdan yaranan mənfəət (gəlir) vergisi və ƏDV-nin düzgün hesablanmasıdır.

Belə ki, TTA satıldıqda onlar ya qalıq dəyərindən yüksən qiymətə, və ya qalıq dəyərindən aşağı qiymətə satıla bilərlər.

AR Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən TTA təqdim edilməsindən əldə edilən gəlir onun satış qiyməti ilə qalıq dəyəri arasındakı müsbət fərqdir. Müvafiq olaraq zərər isə, satış qiyməti ilə qalıq dəyəri arasındakı mənfi fərq olduqda yaranır. Bundan başqa, 142.1 maddəsinin ikinci hissəsində deyilir ki, TTA əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun qalıq dəyəri arasındakı fərqdən ibarətdir.

Bu səbəbdə də, TTA-lar qalıq dəyərindən yüksək qiymətə satılarsa, o zaman, yaranan müsbət fərq vergi ödəyicisinin gəliri (mənfəəti) hesab edilərək, gəlir (mənfəət) vergisinə cəlb ediləcəkdir.

Yox, əgər TTA-lar qalıq dəyərindən aşağı qiymətə satılarsa, o zaman, gəlir (mənfəət) vergisinin hesablanamsı üçün satış qiyməti əvəzinə bazar qiyməti əsas götürüləcəkdir, və bazar qiyməti ilə qalıq dəyəri arasındakı müsbət/mənfi fərq gəlir (mənfəət) vergisi məqsədləri istifadə ediləcəkdir.

Eyni zamanda, AR Vergi Məcəlləsinin 161.1 maddəsinə əsasən ƏDV hesablanması məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Bununla belə nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəalarına əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilərin hesablanması zamanı artıq bazar qiymətləri tətbiq olunmalıdır. Bundan başqa, endirimli qiymət Əlavə Dəyər Vergisi ödəyicisi tərəfindən satılan mala görə ödənilən və əvəzləşdirilən vergi məbləğindən aşağı olduqda da bazar qiymətləri nəzərə alınmalıdır.

Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün torpaq mal sayılmır və satıldıqda onun dəyəri ƏDV cəlb edilmir.

Misal.

Müəssisə ona məxsus 10 ədəd kompüterlərini satıb, onların əvəzində yeni noutbuklar almaq qərarına gəlmişdir. Kompüterlərin müəssisənin balansında hər birinin qalıq dəyəri 700 manatdır. Kompüterlər mənəvi cəhətdən köhnəldiklərinə görə, müəssisə onların əvəzində hər birinə görə 350 manat (ƏDV-siz) əldə edə bilmişdir.

Bazar araşdırmasına əsasən müəyyən olmuşdur ki, satılan kompüterlərin bazar qiyməti 400 manatdır (ƏDV-siz).

Bu zaman, mühasibat uçotu məqsədləri üçün zərər olacaqdır:

350 - 700 = -350 manat zərər

Vergi uçotu (mənfəət vergisi) məqsədləri üçün müəsissənin zərəri aşağıdakı kimi hesablanacaqdır:

400 - 700 = -300 manat zərər

Bundan başqa, kompüterlər satıldıqda ƏDV onların bazar qiymətindən hesablanacaqdır.



Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.