e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt

"Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" (statement of cash flows) - hesabat dövrü ərzində pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolması və (və ya) xaricolmasını özündə əks etdirir. Bu hesabatın hazırlanmasında əsas məqsəd – istifadəçiləri hesabat dövrü ərzində müəssisənin pul vəsaitlərinin hərəkəti barədə məlumatla təmin etməkdir.

Pul vəsaitləri nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər üzrə dəyərin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır. BMHS bank overdraftını pul vəsaitləri kimi gəbul edir, bu o deməkdir ki, hesabatda pul qalıqları mənfi ola bilər.

"Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"-ın hazırlanması və təqdim edilməsi qaydaları "Maliyyə hesabatlarının təqdimatı" adlı 1 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartında (IAS 1) əks olunubdur.

"Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt"-da pul vəsaitlərinin hərəkəti 3 fəaliyyət növü üzrə sinifləndirilir:

  • Əməliyyat fəaliyyəti (Operating cash flows) - müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətidir.
  • İnvestisiya fəaliyyəti (Operating cash flows) - kreditlərin və faiz xərclərini yaradan digər borcların verilməsi və geri alınması, uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaricolmasıdır.
  • Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows) - müəssisənin mülkiyyətçilərinin qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürmələri, habelə üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir. Səhmlərin satılmasından daxil olan pul axınları, səhmdarlara dividendlərin verilməsi zamanı çıxan pul axınını və s. özündə əks etdirir.
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti aşağıdakı metodlar ilə hazırlana bilər:

Birbaşa metod (Direct method)

Dolayı metod (İndirect method)

Hər iki metodda investisiya və maliyyə pul axınları demək olar ki oxşardır. Əsas dəyişikliklər əməliyyat pul axınlarında özünü göstərir.

Misal.

Birbaşa metod

Pul vəsaitlərinin hərəkətiHesabat dövrü üzrəƏvvəlki dövr üzrə
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar 25 000 20 000
Mallar və xidmətlərə görə xaricolmalar - 15 000 - 10 000
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər - 5 500 - 4 000
Mənfəət vergisi ödənişi üzrə xaricolmalar - 1 300 - 1 000
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar - 1 250 - 950
Digər ödənişlərə görə xaricolmalar - 250 - 150
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti 1 700 3 900

Misal.

Dolayı metod

Pul vəsaitlərinin hərəkətiHesabat dövrü üzrəƏvvəlki dövr üzrə
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti
Hesabat dövründə xalis mənfəət və ya zərər 4 000 2 950
Amortizasiya xərcləri - 1 200 - 950
Ehtiyatların azalması (artması) - 1 500 - 1 000
Əməliyyat debitor borclarının azalması (artması) 1 300 2 500
Əməliyyat kreditor borclarının artması (azalması) - 1 250 650
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması) 350 - 250
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti 1 700 3 900

Hər iki metod BMHS tərəfindən dəstəklənir və istifadə edilir. Birbaşa metod ilə hesabatın hazırlanması, hal-hazırda mühasibat uçotunda kompüter texnologiyalarının istifadəsi ilə əlaqədar olaraq, o qədər də çətin deiyil. Lakin, qeyd etmək lazımdır ki, dolayısı metod ilə hazırlanan hesabatda rahat görmək olar ki, nəyə görə mənfəət var, lakin, pul yoxdur (və ya tərsinə).

Hər iki metodda investisiya və maliyyə pul axınları demək olar ki oxşardır. Əsas dəyişikliklər əməliyyat pul axınlarında özünü göstərir.

"Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"-ın izahlı qeydlərində aşağıdakı məlumatlar açıqlanır:

  • pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinin tərkibi;
  • pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinin əhəmiyyətli qalıqları, o cümlədən, müəssisə və ya qrup tərəfindən istifadəsi mümkün olmayan (istifadənin mümkün olamaması səbəbini göstərərək);
  • əməliyyat məhsuldarlığının saxlanılması üçün zəruri olan pul vəsaitlərinin hərəkətindən ayrıca olaraq əməliyyat məhsuldarlığının artmasını göstərən pul vəsaitlərinin hərəkətinin ümumi məbləği;
  • hesabatda təqdim olunan hər bir təsərrüfat və coğrafi seqmentlər üzrə əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin məbləğləri;
  • sair münasib məlumat.

"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 4 nömrəli əlavəsində "Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt" forması verilibdir.

"Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt" formasını buradan yükləyə bilərsiniz.

Yazı sonuncu dəfə 2019-07-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.